Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İstəyirsən tatularla bədənini məhv et, istəyirsən həyatını. Həyatı biraz ciddiyə al!
— Həyatı ciddiyə alsam gərək yaşamayım, var olmayım başa düşürsən? Bura ciddiyə alınacaq bir yer deyil..
Həyat qəribə bir səhnədir, amma mən onun aktyoru deyiləm, yalnız ssenarinin kənarlarında dolaşan bir tamaşaçıyam deyəsən. Hər kəs öz maskası ilə səhnəyə çıxır, kiminin üzündə təbəssüm, kiminin gözlərində yaş. Mən isə maskasız gəzirəm – nə özümdən, nə də başqalarından gizlənməyə çalışıram. Çılpaq bir həqiqət kimi yaşamaq çətindir, çünki həqiqət sənin üçün rahatlıq deyil, yalnız bir yük gətirir. Həqiqət, bəlkə də, insanın daşıya biləcəyi ən ağır yalandır.
Sevgi dedikləri bir "möcüzədir" deyirlər. Amma mənim üçün sevgi hər zaman bir tapmaca olub – cavabını bilmədiyim və bəlkə də heç vaxt öyrənməyəcəyim bir tapmaca. Mən sevdim, bütün varlığımla, hər şeyimi ortaya qoyaraq sevdim. Amma sevgi, bəzən, insanın öz güzgüsüdür – sən sevirsən və yalnız öz əksini görürsən.
Mən onun gözlərində bir cənnət arzulayırdım, amma əvəzində öz qüsurlarımı gördüm. Bəzən düşünürəm, insan həqiqətən sevdiyi üçünmü sevir, yoxsa yalnız özünü daha yaxşı hiss etmək üçün?
“Kirli qəlblərdən çıxan dualar qəbul olunmaz." Bu cümləni eşidəndə, ruhum sarsıldı. Mənim qəlbim həqiqətənmi kirlidir? Kim qərar verir bunun təmizliyinə? Axı insanı təkcə niyyətləri deyil, həm də addımları müəyyən edir. Mən onun üçün hər şeyi etdim, hər fədakarlığı göstərdim. Amma sonda anladım ki, sevgi bir mübarizədir, təkcə sevmək yetmir. Sevgi həm də insanın özü ilə savaşıdır – qaranlığı ilə, zəiflikləri ilə, keçmişi ilə. Mən o mübarizədə uduzdum, çünki qarşı tərəfdə döyüşmək istəyi yox idi. Bəlkə də bunların hamısını vaxt, zaman belə etdi.
Vaxt mənim üçün nə axardır, nə də istiqamət. O, sonsuz bir döngüdür – mən orada itmişəm. Bəzən düşünürəm ki, mənim üçün günlər yox, sadəcə bir uzun an mövcuddur. Bu an içində keçmiş də var, gələcək də, amma onların hər ikisi məni eyni dərəcədə yorur. Keçmişdəki hər peşmanlıq, gələcəkdəki hər qorxu – bunlar insanı içdən yeyən bir xəstəlikdir. Mən isə sadəcə bir nəfəs istəyirəm – keçmişi və gələcəyi unudacağım, indini hiss edəcəyim bir nəfəs. Amma bu nəfəs heç gəlmir.
Dua edərdim, amma nə deyim? Tanrıya yalvarmaq bəzən sanki boş bir otaqda qışqırmağa bənzəyir. Səsin divarlardan əks-sədalanır, amma bir cavab eşitmirsən. İnsan Tanrını axtarır, amma bəzən Tanrı səni axtarmır. Mən öz dualarımın harayında boğulmuşam – istəklərim, ümidlərim, xəyallarım... Hamısı bir boşluğa düşüb. İnsan nə qədər güclü olsa da, bəzən öz acizliyinin qarşısında diz çökür. Mən də diz çökdüm, amma bu məğlubiyyət yox, sadəcə bir etiraf idi – özümə, həyatımın xaosuna və sevginin mənə öyrətdiklərinə.
Bilirsiz? İnsanlar maskasız gəzənləri sevmirlər. Çünki həqiqəti görmək istəmirlər. Maskanı çıxaranlar isə qınanır, çünki həqiqət həmişə qorxuducu olub. Amma mən həqiqəti qəbul etməyi seçdim. Çünki həyatın mənası onun qüsurlarındadır. İnsan xoşbəxt olmaq üçün yaşasa da, əslində, dərdləri ilə böyüyür. Mənim hər ağrım, hər zərbəm məni bir az daha formalaşdırdı. Bəzən düşünürəm ki, həyatın əsl möcüzəsi onun acılarındadır. Çünki sevinc səni yalnız sevindirir, amma ağrı səni dəyişdirir.
Bir də, insanlar deyirlər ki, həyat qısa və dəyərlidir. Mən isə buna şübhə edirəm. Həyat nə qısadır, nə də dəyərli – o, yalnız varlığını hiss etmək üçün bir səbəbdir. İnsan öz varlığını sorğulamaq üçün yaşayır, amma cavab tapanda artıq çox gec olur. Mən bu cavabı tapmağa çalışıram, amma hər dəfə daha çox itirirəm. Hər dəfə düşündüyüm sualların cavabları məni başqa suallara aparır. Bəlkə də həyatın mənası onun heç bir mənasının olmamasındadır.
Sonunda özümə belə deyirəm: həyat bir oyun deyil, bir sınaqdır. Amma bu sınaq nə qalib gətirir, nə də məğlub edir. Sadəcə səni dəyişir, bəzən səni elə bir nöqtəyə gətirir ki, kim olduğunu unutmağa başlayırsan. Mən özümü unutdum, amma bu unutqanlıqda özümə daha yaxın oldum. Çünki insan öz qaranlığını tanımadan işığını tapa bilməz. Mən o qaranlığın içindəyəm və işıq axtarıram. Bəlkə də bir gün tapacağam. Amma o gün gələnə qədər, mən bu səhnədə qüsurlarımla, dualarımla, sevgi və ağrılarımla yaşamağa davam edəcəyəm..
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)