Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
4 gün.
Bəli, bu gün düz 4 gün idi ki, mən sadəcə maye ilə qidalanırdım. Sanki, artıq ağrı ilə doyurdu cismim. Uzun müddət idi ki, özümü unutmuşdum. Və ən son nə vaxt xatırladığımı xatırlamırdım.
Bir qeyrisinin sizi unutmasıdırmı ən ağrılı olan? Yoxsa, ən faciəlisidirmi insanın özünü xatırlamayacaq qədər unutması?
Nə ara uzaqlaşdım, hansı ara qopdum bu qədər özümdən, nələrdən sonra tərk etdim özümü, nə vaxt kəsdim, kim olduğumu tapmaq yolundakı addımlarımı?
İnsanları ən yaxşı mən anlayıram deyərkən, bir tərəfdən də heç anlamadığımı fərq edirəm. Həyata, ən qorunmaya möhtac şəkildə göz açarkən hələ körpə ikən ağlamaqdan qorxmuruq, narahat hiss etdikdə ağlayırıq, rahat olmadığımız üçün narahatlıq yaradanları narahat edirik. Daha sonra, bir gün yeriyə biləcəyimizi bildiyimiz üçün cəhdi buraxmırıq. Dəfələrlə yerə çırpılsaq, yaralansaq belə.
Maraqlıdır, uşaq vaxtı biz cəsur oluruq, üsyan edərək, baş qaldırırmışcasına ağlayaraq göz açırıq həyata. Nə baş verir, bizə nələr edilir, beyinlərimiz necə ələ keçirilib, psixoloji şiddətə məruz qalır ki, sonradan bizi incidənləri sakitcə dilə gətirməyimiz də cinayətə bədəlmişcəsinə tənqidə məruz qalır?
Susdurulur hisslərimiz, qamçılanır istəklərimiz. Uşaq vaxtı dəfələrlə “olmaz” deyildiyi halda, istədiyimizi əldə edənə kimi ağladığımız qədər, yetişkin olduqda da çıxardığımız səsin cüzisini çıxarsaydıq, dirənsə idik, yenə də məhkum olardıqmı ruhlarımızın qətlinin şahidi olmağa, görəsən?
Hansı ip qopandan sonra biz belə qorxaqlaşdıq? Bax, mən o qırılma nöqtəsinin axtarışında idim, digər insanlar fərqli maraqlarınn ardıyca gedəndə, mən, özümün arxasıyca gedirdim. Bir çoxu hələ özünü tanımadan, bir başqasını tanıma yolunda gedərkən, mən o yolun yolçusu olmaqdan qaçırdım. Çünki, mən hələ özümü tanımırdım, MƏN HƏLƏ ÖZÜMÜ TANIMIRDIM! Dünyanın içində, öz dünyamın axtarışında ikən, necə başqa birinin dünyasını kəşf etmək istəyi duya bilərdim ki? Necə başqasını tanıdığımı iddia edib, hələ üstəlik şəxsiyyəti barədə tənqidlər yürüdə bilərdim axı?
Bu olduqca mənasız səslənmirmi? Oturursan, bir nəfərlə söhbətə başlayırsan və o sənə tanıdığını iddia etdiyi birindən söhbət açır, məgər o özü ilə nə dərəcədə tanışdır ki, bir başqası haqqında da fikir formalaşdıra bilir? Bu qənaətə necə gəlir? Soruşsan, bilmədiyi tək şey varsa insanın, o da heç nə bilməməsini bilməyib, hər şeyi bildiyini zənn etməsidir. Belə olmaz axı! Olmaz! Bəzən, dost dediyin insanın eyni hissləri bəslədiyi insana qarşı sən də həmin hissləri bəsləyərsən. Niyə demədən, sorğulamadan. Deməli, bizim dərdimiz və istəyimiz bir insanı tanımaq deyil, onu istədiyimiz qəlibə sıxışdırıb, damğasını vurmaqdır.
Eh, insanoğlu, eh.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)