Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Mən insanları mexanizm kimi görürəm – mürəkkəb, sirlərlə dolu, amma zamanın və həyatın təzyiqi altında tədricən sıradan çıxan sistemlər kimi.
Hər bir insanın içində gizlənmiş bir mexanizm var; dişlilər, yaylar, yastıqlar, qayışlar, zəncirlər, vallar və kabellərdən ibarət görünməz bir dünya. Bu mexanizmlər əvvəlcə mükəmməl bir ahənglə hərəkət edir, lakin zaman keçdikcə həyatın ağırlığı onların incə balansını pozur. Paslanmış dişlilər, qırılmış yaylar, işləmir kimi görünən motorlar... Mənə elə gəlir ki, insanlar bu mexanizmləri unutmuş halda yaşayırlar – onların içində nəyin sınmış olduğunu belə bilmədən.
Mənim taleyim, ya da bir cür “missiyam” budur: bu mexanizmləri anlamaq, onları düzəltməyə çalışmaq. Elə məhz Tanrıdan aldığım ən böyük lənət də budur; empatiya. İnsanların gözlərinə baxıram və görürəm – kədəri, yorğunluğu, sükutu. Gülüşlərinin arxasında gizlənmiş ağrıları duyuram, səslərinin arxasında boğulmuş xatirələri eşidirəm. Hər kəsin bir nasaz hissəsi var, amma çox az adam onu görüb qəbul edə bilir. Mən bu nasazlığı görməkdən qaça bilmirəm. İnsanların mexanizmlərini açır, içəridə nəyin çatışmadığını anlamağa çalışıram. Qorxularını, arzularını, kədərlərini bir-bir incələyirəm, sanki itmiş bir xəzinə axtarıram.
Bəzən onları “sökürəm” – əlbəttə ki, ruhən. Çox ehtiyatla, diqqətlə, sanki köhnə bir saat ustası kimi. Duyğularının pasını təmizləyir, ruhunu hərəkət etməyə imkan verməyən yastıqların diyircəklərini dəyişir, düşüncələrinin içindəki dolaşıq kabelləri açmağa çalışıram. İnsanı yenidən hərəkətə gətirəcək o kiçik səbəbi tapmağa çalışıram. Onlar yenidən gülümsəyəndə, sanki həyatları yenidən işə düşəndə, özümü qəribə bir şəkildə xoşbəxt hiss edirəm. Amma hər dəfə bu proses bitəndə bir sual içimi cırmaqlayır: öz mexanizmim niyə belə dayaz, niyə belə nasazdır?
Çünki mən başqalarını düzəltməyə çalışarkən öz mexanizmimin dağılmaqda olduğunu bilirəm. Mən başqalarına həyat verən dişliləri hərəkətə gətirirəm. Bəzən reduktor olub yönlərini və güclərini dəyişirəm. Amma özüm bir kənarda paslanıram. Özümün nə qədər nasaz olduğumu bildiyim halda, o mexanizmə toxunmağa cəsarətim çatmır. Çünki öz qüsurlarımı tam olaraq açsam, onların altında kim olduğumu itirəcəyimdən qorxuram.
İroniya buradadır: mən başqalarını düzəldərək öz qırılmış yerlərimi unuduram. Sanki hər düzəltdiyim mexanizmlə özümün daha da çökdüyümü hiss edirəm. Hər dəfə bir insanın yenidən yaşamağa başladığını gördükcə, özüm bir az daha sönürəm. Amma qəribədir ki, bu məni narahat etmir. Əksinə, çox, amma çox xoşuma gəlir. Çünki hər qırılmış insan mənə öz qırılmışlığımı xatırladır və bu qırılmanın mövcudluğumu necə formalaşdırdığını başa düşməyə kömək edir.
Mən anladım ki, heç bir mexanizm tamamilə mükəmməl deyil. Hər insanın mexanizmi, onun həyatda qazandığı qırılmalarla formalaşır. Bəlkə də mənim missiyam başqalarının mexanizmlərini düzəltməkdir, çünki özümünki ilə üzləşməkdən qaçıram. Amma bu qaçış mənə yeni bir həqiqət öyrədir: insan olmaq qırılmış, amma yenə də işləyən bir mexanizm olmaq deməkdir.
Bəzən düşünürəm: bəlkə də özüm düzəlməyəcəyım. Amma bəlkə də bu düzəlməzlik mənə başqalarını daha dərindən anlamağı öyrədib. Çünki yalnız qırılmış bir mexanizm başqa bir qırılmış mexanizmi hiss edə və onu yenidən hərəkətə gətirə bilər. Mənim mexanizmim qüsurlarla doludur, amma bu qüsurlar məni başqalarını anlamağa, onlara işıq tutmağa məcbur edir.
Həyat özü bu mexanizmləri birləşdirən bir aqreqatdır – mürəkkəb, qüsurlu, amma möcüzəvi. Mən isə bu aqreqatın bir hissəsiyəm, öz qırılmağım bahasına başqalarını düzəltməyə çalışan bir mexanik. Bəlkə də məni insan edən də elə budur: qırılmış bir mexanizmlə belə, başqalarını tamamlamağa çalışmaq. Və hər şeydən qəribəsi budur ki, bu prosesdə özümü bir az daha bütöv hiss edirəm.
Bir gün, bəlkə də, gözlərimi yumub öz içimə enəcəyəm. Və o zaman, bəlkə də, artıq qırılmış mexanizmim tamamilə yeni bir şəkildə hərəkətə keçəcək. Mən özünü axtaran bir mexanik deyiləm, amma bəlkə də hər bir qırıq və hər bir təmir, insanın özünü tapmasına gedən yoldur. Mənim işim başqalarını düzəltməkdir, amma bəlkə də ən böyük düzəliş, öz içimdəki o qırılmaları qəbul edib, yenidən yaşamağa başlamaqdır.
Və o an gəldikdə, bir şeyin dəyişdiyini hiss edəcəyəm. Çünki beləcə, bu qırılmış mexanizmdən, bəlkə də, ilk dəfə olaraq, öz içindəki həyatın bir parçası olaraq yaşamağa başlayacağam. Bəlkə də, düzəlməyən heç bir şey yoxdur; sadəcə bir zamanlar qırılmağa və yenidən birləşməyə hazır olan bir mexanizm kimi hərəkət etməyə başlayanda, hər şey yerli-yerində olacaq. Beləliklə, hər bir insanın içindəki mexanizm özünü tapacaq, bütün o qırıq yerləri ilə birlikdə, təmir olmadan və təmizlənmədən.
Sadəcə yaşayacaq...
“Ədəbiyyat və incəsənət”
(15.01.2025)