Qaranlıqdan sükuta doğru - HEKAYƏ Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qaranlıq, küləkli bir axşam idi. Ayaqları onu haraya aparırdı, bilmir, ya da bilmək istəmirdi. Həyatın içində sanki özü yox idi, yalnız addımları qalmışdı. Sükutlu küçələrdə yarpaqlar xışıldayır, şəhər sanki onun qəlbindəki hüznü hiss edib susurdu.

“Sanki intihara gəlmişdim həyata…” deyə düşünürdü. “Atam boynumdakı kəndir idi – boynumdan asılı, məni uşaqlıqdan məhv edən. Sən isə tutunduğum tutalğa idin. Amma sən də çəkildin…”

Bu cümlələr beynində dönüb-dolaşırdı, sanki öz-özünə yazdığı qəddar bir şeirin misraları idi.

Küçənin sonunda bir kafe gördü – o köhnə, tanış yer. Dəfələrlə burada oturub ona şeirlər, yazılar həsr etmişdi. İçəri keçdi, amma kafe əvvəlki kimi deyildi. Buradakı hər şey sönük görünürdü.

 Oturduğu masadan baxışlarını çəkib xəyallarına qapıldı. Bir vaxtlar bu kafenin ən künc masasında gülüşlər səslənirdi. Onun parlaq gözləri həyatının ən qaranlıq küncünü işıqlandırırdı. “Mən heç vaxt səndən əvvəl xoşbəxtliyin necə hiss olduğunu anlamamışdım,” deyirdi.

Amma həmin gün – ömrünün ən soyuq günlərindən biri – o dəyişdi. Sadəcə getdi. Nə səbəb dedi, nə də ümid buraxdı. Hər şey birdən-birə uçuruma çevrildi.

“Sən çəkildin…” deyə düşündü. “Sanki bütün həyatım boynuma dolanmış kəndir idi və sən o kəndiri çəkib məni asılmaqdan qoruyurdun. Amma indi… mən boşluğa düşmüşəm.”

  Gecələr güzgü qarşısında dayanıb öz əksinə baxardı. Sakitcə soruşardı:

– Sən nə vaxt belə məhv oldun?

Güzgü susardı. Amma o, içindən bir cavab eşidərdi:

– O məni tərk edəndə. Mən onun tutalğasına bağlı idim. İndi isə yıxılmışam.

Hər gecə bu dialoq təkrar olunurdu. Əksinə, nifrət edirdi, amma ondan qaça bilmirdi. Güzgü onun həqiqətini göstərirdi: diri bədənində ölü bir ruh gəzirdi.

Bir gün daha dərin bir səs beynində səsləndi:

– O səni qurtardı, amma sən qurtuluşunu onun üzərinə yüklədin. Bəs özün nə vaxt özünü qurtaracaqsan?

Bu sual onun sakitliyini pozdu. Hər şeydən əvvəl insanın özünə xilaskar olmalı olduğunu başa düşməyə başladı.

 

Aylar sonra onunla təsadüfən rastlaşdı. Parkda idi, əlində kitab tutmuşdu. Yenə eyni idi – sanki zaman onu dəyişməmişdi. Amma fərqli bir şey də vardı – gözləri ona əvvəlki kimi baxmırdı. Sanki onların arasında keçmişdən bir divar tikilmişdi.

Ona yaxınlaşdı, amma sanki dili bağlanmışdı. Yalnız bir cümlə deyə bildi:

– Sən getdin… Amma mən burdayam. Bu dəfə sənə bağlanmadan dayanmaq istəyirəm.

O, bir anlıq dayandı, başını aşağı saldı və uzaqlaşdı. Göz yaşları boğazına dolmuşdu, amma ağlamadı. Çünki bu dəfə özü ilə mübarizə aparmağa qərarlı idi.

Bu qarşılaşmadan sonra o, özünü daha çox araşdırmağa başladı. Hər dəfə güzgü qarşısında dayanıb öz-özünə deyirdi:

– Mən artıq sənin çəkildiyin yerdə yoxam. Mən özümün dayağıyam.

Zamanla içindəki qaranlıq yox olmağa başladı. İnsan yalnız başqalarına bağlı qalmayanda azad ola bilərdi. Onun öyrəndiyi ən böyük dərs bu idi: “Həyat səni çökdürsə də, yenidən qalxmaq yalnız sənin əlindədir.”

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

                              

                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.