Xədicə Əliyeva, " Ədəbiyyat və İncəsənət"
"Evim" yanır!
Qaçın, qaçın! Hər kəs uzaqlaşsın, alovlar çoxalıb, başqa yerlərə zərər vermədən, cəld olun, zəng edin! İçəridə qalan olmadı ki?
Hər kəs çöldədir?
Zəng etdiniz?
Gəlib çıxmayıblar hələ?!
-Nə dayanmısan burada?!
-Dəymə, yəqin şokdadır.
-Baxma, qızım, gəl bura.
Şokda idim? Yoxsa, fərqindəliyin fərqindəliyini yaşadığım sona baxırdım?
-Soyuqdur! Sənə soyuq olacaq. Su verin. Gəl, gəl ailənin yanına, dayanma burada. İndi yanğınsöndürənlər harada olsa, gələcək!
-Düzü, artıq gəlsələr, nə edəcəklər, güya. Ev tamamilə yandı onsuz.
Şaxta vurmuş dodaqlarımdan, "soyuq, ailə" sözləri süzüldü.
Məgər, 4 divar arasında toplanan insanlara, "ailə" adı verilirdi və hər bacasından tüstü çıxan evlərdə istilik tapmaq mümkün idi, isti evdə üşüyə bilməzdimi bir insan?
"Mən illərdir isti evimdə üşüyürəm" dedim.
Mənasız baxışlarla dediyim cümlədə məna axtarmağa çalışırdılar.
Fərqli insanlar, fərqli ağızlar və o ağızlardan məcburi şəkildə ötürülən canyandıran canayaxın sözləri.
Mən evimi yandırdım! - dedim qışqıraraq.
Bir anlıq sükut çökdü və hər kəs axmaq baxışlarını mənə çevirdi.
-Deyəsən, sizlər hər zaman danışılanlara qulaq çevirirsiniz. Danışılmayan hər şeyə kar olursunuz! Halbuki, eşitmək sadəcə danışanı dinləmək deyil, tək kəlmə etməyəni duymaqdır və görmək sadəcə iki gözün gördüyü deyildir. Qəlb ilə görmür, duymursansa, nə qədər insansan ki sən?!
“Vay, vay. Ev yandı, yazıq "ailə" üzvləri didərgin düşdü” dediyinizi eşidirəm. Qəlblər, hisslər bir-birini tərk etdikdən sonra, eyni dam altında yaşamaqmı ailə edir bizi? Ev- insanın özünü fiziki deyil, ruhən aid hiss etdiyi, tapdığı yerdir. Məcburi bir dam altında toplanmış insanların yaşadığı mühit ev deyildi, ola da bilməzdi!
Eşidirsiniz məni? Neçə dəfə mənə can verilən bu evdə canımdan oldum, qəlbim körpə uşaqtək dərdini başa salmaq üçün çırpındı, amma səsinə gəlmədi heç kəs, bilirsiniz?!
Bilmirsiniz! Axı siz nəyi bilirsiniz? Susdurulduğum cümlələrdə yandım, neçə dəfə ruhum susuz qaldı, verdinizmi su?
Yanğınsöndürənlər gəlmiş, yanmağa davam edən evi söndürməyə çalışırdılar.
Tamamilə yanmış evi söndürməyə çalışmaq kimi mənasızdır, insan ruhu öldükdən sonra yaşamağa çalışmaq. Görürsünüz? Hə, mən illərdir, hər gün istəklərimin, mənliyimin, ruhumun özgə insanların, "ailəm" adı ilə yandırdıqları evdə, bu gün kiçik kibrit ilə evimi yandırdım. Yanan evi görürsünüz, lakin ruhumun yanğını bundan da şiddətlidir! Onu görməyinizi tövsiyə etmirəm və söndürməyə çalışmağınızı da! Hə, dəfələrlə alovlara atılıb, hayqırışlarıma kar olan ruhumun, cismən yaşadığı yeri, bu dəfə mən yandırdım deyib, son dəfə nəfəsimi qoydum dünyaya və arxamda buraxdığım küllərlə bərabər, ruhumu da alıb, tərk etdim heç vaxt aid olmadığım "dünyanı”.
Ev - insanın fizikən yaşadığı yeri deyil də, ruhən sığınacağı olan yeridir və o evi isidən, ruhların biri-birinə sarılması nəticəsində yaranan hisslərin gerçəklik alğısıdır.
Cismən yaxın olub ruhları bir-birindən ayrı düşənlərin yaşadığı mühit deyildir ev.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)