Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
“Düşüncə döngələri” silsiləsindən...
Uça bilmirsənsə, qaç... Qaça bilmirsənsə, yeri.
Yeriyə bilmirsənsə, sürün. Amma nə edirsən et, yetər ki, irəlilə!
Martin Lüter Kinq.
Məqsədsiz yol çıxılmaz. Çıxılarsa, demək, yolçunun dərdi başından aşıb. Onunku irəliləmək-harasa getmək deyil artıq, dərddən qaçmaq cəhdidir. Bütün foilosoflar, düşünənlər, düşünə bilənlər gözəl bilir ki, insan haradadırsa, dərdi də oradadır. “Dərdlə yerimək, dərdlə yüyürmək olmur” demirəm, olur... Sınaqdan çox çıxarmışam. Hətta elə dərdlər var ki, adını dəyişəndən sonra daha gözəl, daha inamla irəliləmişəm.
Kinq “irəlilə” deyəndə insana bir yerdə durmamağı məsləhət görürdü. Durağan su iylənər axı... Durağan beyin də eynən belədir. “Sabit fikirlilik dəliliyin ilk addımıdır”-belə qənaətə gəlmişdi ötən əsrdə Aqata Kristi. Əksər əsərlərində bu fikrin müdafiəsinə də qalxır yazıçı. Kinq bunu anlamışdı... Anlamışdı ki, heç yerində dayanmadı, dünya tarixində özünə o cür mübarizlik izi qoydu.
Platonun Tarentumlu Arhitasa yazdığı məktubların birində bu cümlələr də yer alır: “Biz, sadəcə, özümüz üçün doğulmadıq. Eyni zamanda, varlığımızın bir parçası ölkəmizə, bir parçası ailəmizə, bir parçası da dostlarımıza aiddir. Amma ən böyük parça həyatın qarşımıza çıxaracaqları için xərclənməlidir”. Biz-XXI əsr insanı bunu bacarırıqmı? Kimə, nəyə xərclədiyimizin fərqindəyikmi ömrümüzü? Məncə, yox...
Türk müğənni Emir Can İğrek ağ gitarasına “cinayət ortağım” deyir. Ruslarda isə belə bir misal var: “Nənələr nəvələrin cinayət ortağıdır”. Azərbaycanlı gənclər Nicat Həşimzadə və Nəcəf Əsgərzadə birlikdə “Fikir cinayəti” adlı kitab yazıblar. Hə, bildiyiniz sözdən söhbət gedir - cinayətdən... Yəqin yazının bu məqamında dayanıb düşünürsünüz: Platon hara, Emir Can İğrek hara? Ümumiyyətlə, xərclənən ömürlə cinayətin nə əlaqəsi var? Var, əzizlərim, var... Biz Platonun nəzərdə tutduğu “həyatın qarşımıza çıxardıqları”na qarşı törədirik ən böyük cinayəti - onları görməzdən gəlirik. Bunun fərqinə varırıqsa, etiraf ediriksə, etdiklərimizə, düşündüklərimizə mərd-mərdanə, başıdik şəkildə “cinayətdir” deyə biliriksə, insanıq... Deyəmmiriksə... Məmməd Arazın o məşhur sevgi şeirindəki kimi: “Yazıqlar mənə... (bizə)”. Ya da Ağalar Mirzənin şeirini təkrarlayaq:
-Niyə ağlayırsan?
-İtirdiyimə...
-Bəs nəyə peşmansan?
-Rast gəldiyimə...
Hə, rast gəldiyimizə peşmanıq “həyatın qarşımıza çıxartdıqları” ilə... Bu da bizi –XXI əsr insanını özündən əvvəlkilərdən bir addım daha irəliyə atır. Bu irəliləyişin bəşəriyyətin “ağ gün”ü, yoxsa “qara gün”ü olacağını da bilmirik. Çünki belinə mindiyimizin “ağ qoç”, yoxsa “qara qoç” olduğunun fərqində deyilik. İddia etmək istmirəm ki, XXI əsr insanı bunu fərq etməkdə acizdir. Əsla! Düşünməyə ərinməsə, o qoçların idarəetməsini də öyrənəcək idraka, gücə malikdir çağ insanı. Sadəcə, bu gücü də, bu idrakı da yaxşı şeyə xərcləmək istəmir.
Bilirəm, indi Nəsirəddin Tusini də, onun bostançıya dediyi sözləri də mənə xatırladacaqsınız: “Baş yaxşı başdır, heyf qarpıza işləyir”. Amma Nizami ondan əvvəl deməmişdimi ki: “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan?!” Demişdi! Biz bu fikir dialoqunun iştirakçısı olmaq cəhdindən əl çəkib, seyirçi olmağa qərar verə bilərik. Di gəl, hamımız yaxşı bilirik ki, evimizi yıxan elə seyrçi olmağımızdır. “Məndən ötsün, qardaşıma dəysin...” deyənlərin də nəvələri aramızdadır. Və bu insanlar o vaxt “yoldan çıxaran” adlanırdı, indi olublar “şəxsi inkişaf və motivasiya kouçu”.
Edqar Ponun “Hans Pfaalın qeyri-adi hekayəsi” adlı hekayəsi var. Hekayədə görürük ki, “Rotterdam şəhəri böyük bir fəlsəfi həyəcan içindədir”. Hə, fəlsəfi həyəcan! Bunu ancaq düşünməyi bir an belə, ertələməyən, şeytanla bağlı dəhşətli fikirlərə ironik don geyindirə bilən, insanların vecsizliyini görüb quzğunla dərdləşən, şair olmağın ağırlığını bilən, bu ağırlıqla əylənən Po dilə gətirə bilərdi...
Hekayənin qəhrəmanı Hans Pfaal öz məktubunda hamının kitab, qəzet oxuduğunu, hamının inqilabi düşüncə, fəlsəfə ardınca yüyürdüyünü qeyd edir. Nəticədə, kimsə körük təmir etdirmir. Çünki hamının sobalarını yandırmaq üçün yetərincə qəzeti, kitabı-kağızı var. Beləcə, yazıq Pfaal müflisləşir. Hekayədəki təzadı gördünüzmü? Hamı qəzetlərdəki xəbərlərin acgözüdür, hər gün qəzet alırlar, hər yerdə qəzetdə, kitabda oxuduqlarını qızğınlıqla müzakirə edirlər. Hətta müzakirələri mübahisəyə çevrilir, dava-dalaşa çevrilir... Bununla belə, məhz bu insanlar həyatlarını asanlaşdırmağın yeni yolunu tapırlar: qəzetlə soba yandırmaq... Fəlsəfi həyəcan rahatlıqdırmı? Əlbəttə, yox! Ponun bizə anlatmaq istədiyi isə bu idi: “İnsanlar hər zaman küyə getməyə hazırdırlar...”
2020-ci ildəki o “evdəçilik” günləri hamımızın yadındadır. Kamyunun “Taun”unu anlayan da oxudu, anlamayan da... Mən də küyə getdim, kitabı pdf tapıb oxudum. Bir cümləni heç unutmuram: “Siçovul əhvalatı vaxtı dil-boğaza qoymayan mətbuat indi susmuşdu. Çünki siçovullar küçələrdə qırılırdılar, insanlar isə evdə ölürlər. Mətbuat da ancaq küçələrdən yazır”. Tanış mənzərədir, hə? “Mətbuat da küyə gedir” deyir uşağını jurnalistika fakültəsində 4 il sələmlə oxudan, güc-bəla, tanış-bilişlə “bölgə müxbiri” işinə düzəldən valideyn. Sanki o lənətlədiyi, yaxud lağlağı etdiyi “mətbuat”a bunun bir aidiyyatı yoxdur...
Halbuki, vaxt vardı, “mətbuat” sözü şəxsiyyətlə eyniləşdirilirdi, yazılanın da, yazanın da əzəməti vardı, əsaləti vardı. “Əkinçi” deyib Zərdabi eşidirdik, “Molla Nəsrəddin” yazıb, Məmmədquluzadə oxuyurduq. Qələm adamı idilər.... Qədir adamı idik... Və dünyanın küyünə düşüb irəlilədik, irəlilədik, qələmin əzəmətini də, qədirbilənliyimizi də itirdik... “Fərqində olmadan” demirəm, yox, fərqində ola-ola, amma eynimizə almaya-almaya itirdik, bilə-bilə ovcumuzu açdıq, buraxdıq.
İtirilənlər... “Qurbağa yağı satıcısı” adlı bir kitabı var Akira Kurosavanın. Dəhşət kitabdır... Dəhşət! Xatirələrini yığıb ora Kurosava. Əlbəttə, hamısını deyil... Diləgələnləri... O xatirələrdən biri səslərlə bağlıdır. Kurosava yazır: “Uşaqlığımda eşitdiyim səslər bu gün eşitdiklərimdən tamamən fərqliydi. Hər şeydən əvvəl, o günlərdə elektronik səslər yoxdu. Qrammofonlar belə, elektrikli deyildi. Bütün səslər təbii idi. Bu təbii səslərin böyük bir hissəsi bir daha geri dönməmək üzrə getdi... Artıq itən bu səsləri uşaqlıq xatirələrimdən silmək mümkün deyil. O günlərdə səslərin də mövsümləri vardı. Soyuq, ilıq, isti və sərin səslər... Hər biri ayrı duyğu oyandırırdı”.
Kurosavanın xatirələrinin izahata, şərhə ehtiyacı yoxdur, məncə. Nə demək istədiyimi - Kurosavanın nə demək istədiyini anladınız... Mən qayıdıram Kinqin sözlərinə... “İrəlilə!”ni tövsiyə deyil, əmr kimi qəbul etsək, daha asan irəliləyərik düşüncə döngələrində. İnsan xisləti tövsiyəyə xor baxmağa, əmrə itaət etməyə hazırdır axı. Bəs haraya, nəyə doğru irəliləyək? Burada seçim individualdır. Yenə bir rus məsəli çəkəcəyəm: “İnsanların nəyə ehtiyacı olduğunu anlamaq üçün onlardan xoşbəxtliyi nədə gördüklərini soruş”. Mənim “nəyə, haraya, kimə tərəf irəliləyək?” sualıma verəcəyiniz cavablar da sizin nəyə can atdığınızı göstərəcək.
Hə, çağdaşlarım... Kinqin irəlliləmək tövsiyəsini (əmrini) nəzərə alaq, Platonun dediyini düşünək, ömrümüzü nəyə xərclədiyimiz haqqında düşünməyə vaxt ayıraq. Poya “zavallı” demək əvəzinə, küyə düşüb Pfaalın çörəyini kəsməyək... Ən əsası, insanlara qarşı dürüst olaq. Onların bizim dürüstlüyümüzə ehtiyacları var... Bunu dilə gətirməsələr də, hərəkətləriylə göstərməsələr də, yeri gələndə, bizə xor baxsalar da, onların bizim dürüstlüyümüzə ehtiyacları hüdudsuzdur...
Kurosava uşaqlığındakı o səslərə bağlı qalsaydı, irəliləməzdi. Keçmiş bəzi məqamlarda ayaq bağıdır, bəzi məqamlarda ətaləti sonlandıran qüvvət. Onu necə dəyərləndirəcəyimiz də düşüncəmizdən asılıdır... Yəni düşünməliyik!
Sonda, sevimli rəssamım Norman Rockvellin o məşhur əsərini xatırlayıram: “Pinəçi gəlincik ayaqqabısını necə yamayacağını düşünür”. O pinəçi bu günün insanı olsaydı, qızcığaza deyərdi: “Mənim vaxtımı alma!” Gəlincik ayaqqabısını təmir etməyə, yamamağa ayıracağı vaxtda nə edəcəkdi müasir pinəçi? Ya sosial şəbəkədə status yazacaqdı, ya da vaxtöldürən videolara baxacaq, 30 saniyə güləcək, 30 saniyə də qəzəblənəcəkdi... Habuki, o kiçik ayaqqbını yamasa, qızcığazı sevindirər, həm də ona öyrədərdi: “Qırılan, cırılan, zədələnən şeyləri atmaqdansa, onları yamamaq, təmir etmək və qədrini bilmək daha yaxşıdır”. Rockvellin obrazı isə necə yamayacağı haqqında düşünməyə də vaxt ayırır...
Hə, irəliləmək lazımdır. İstiqamət individual olsa da, düşünmək ümumbəşəridir. İrəliləyin, irəliləyək, irəliləsinlər də, yetər ki, irəlidə özümüzü itirməyək... İllə də özümüzü haradasa, nə vaxtsa itirməyimiz mütləqdirsə, o yer düşüncə döngələri olsun!
Şəkildə: Norman Rockvellin həmin o məşhur əsəri: “Pinəçi gəlincik ayaqqabısını necə yamayacağını düşünür”.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)