“Əllərimi buraxma, qıyma ruhum çirklənsin...”-ESSE Featured

Harun Soltanov və Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Çıxaq on dörd mərtəbəli binanın başına (Sumqayıtda uzun illər ən hündür bina məhz 14 mərtəbəli bina olub -red.), buraxaq özümüzü səmanın 16-cı qatına.Çox möhkəm gülək o anda, elə gülək ki, külək hər yerə yaysın xoşbəxtliyimizdə gizlənən kədəri.

 

Gedək dağları, dənizləri, meşələri kəşf edək, əllərimizdə kəsik izləri, dizlərimizdə yara, üst-başımız toz-duman olsun. Qıraqdan baxanlar dəli desinlər qoy bizə. Qoy bizə bizdən başqa heç kim inanmasın, heç kim sevməsin bizi.

Hə, arada lağa qoyub avara desinlər bizə, amma biz yenə də, köklərimizi eyni torpağa bağlayaq. Üzümüzə eyni-gülüşlərimizə bulaşmış külək və ya küləyə bulaşmış külək vursun, eyni yağışın altında islanaq biz.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Bəlkə birgə böyüyək, bəlkə hər zaman sonsuz uşaqlıq yaşayaq. Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi ayırmayaq.

Yağış yağanda çətirdən imtina edək, soyuq damcıların üzümüzə toxunmasına icazə verək. Yeməklərin dadını yox, onların arxasındakı hekayəni hiss edək. Yaxşı ya pis, fərqi yoxdur – bir loxma belə bizi uzaq bir yerə apara bilər.

Səhər tezdən maşının baqajında oturub gün doğumuna baxaq. Buludlara baxıb dünyanın fırlanmasını sorğulayaq. Dənizin sahilə vuran ləpələrini qovuşmamış birinin eşq nəğməsi kimi dinləyək; necəki sahil və dəniz qovuşa bilmir.

Həyatı sorğulayaq. Sahildəki kənd yollarında qaranlığı deşən işıqların arxasından gələn səslərə qulaq asaq. Yad insanlara baxıb onları başa düşməyə çalışaq – ya da sadəcə özümüzü daha yaxşı anlayaq.

İtirilmiş gücləri axtarmayaq-bəlkə də onları süd dişlərimizi salanda itirdik deyə heç vaxt qazanmamışıq. Amma indi tapdıqlarımız daha dəyərlidir – susub dinləmək, sadəcə nəfəs almaq. Çarpayının altının qaranlığını bir daha unutmayaq-qorxmaq bəzən ən dürüst hissdir.

Gecənin ortasında qalıb yuxunun bizi harasa aparmasına icazə verək. Birlikdə yuxularımızı paylaşaq, hər biri yeni bir macəranın başlanğıcı olsun.

Küçədə dayanıb əllərimizi havaya qaldıraq, dünyaya meydan oxuyurmuş kimi gülək. Dostların yaratdığı oyunlara qoşulmayaq; öz qaydalarımızı tapaq.

Təpələrdən yuvarlanmaq əvəzinə, zirvələrdə dayanıb küləyin necə sərt olduğunu hiss edək. Hər kəsin izah etdiyi nağıllara qulaq asmayaq, öz hekayəmizi danışaq. Sərxoş olub, sərxoşlara baxıb gülək. Yaxşı valideyn olub övladlarımızı özümüzdən qorumağı öyrənək.

Təsadüflərdən qorxaq, amma onlardan qaçmayaq. Çünki hər təsadüf bizi bir möcüzəyə aparır.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Yaxşı ya pis, fərqi yoxdur – bir-birimizin yanında olmaq, həyatın mənası olsun.

Bəlkə birgə böyüyək, bəlkə də hər zaman sonsuz uşaqlıq yaşayaq.

Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi heç vaxt ayırmayaq...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.