Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Hər bir ilin sonunda, hər bir digər ilin başlanğıcında sanki həyatın özü bizə bir dəstə suallar verir - bu il kim olduq, nə qazandıq, nə itirdik?
Bu sualların cavabı həmişə aydın olmur, çünki həyatın axarı nə qədər sadə görünsə də, içimizdə qarmaqarışıqlıq buraxır. Yeni il qapımızı döyməsi köhnə ilin gətirdiyi dərsləri və itirdiyimiz zamanın dəyərini dərk etmək üçün bir fürsətdir.
Bu gün yalnız təqvimin dəyişməsi deyil, həm də ruhun təzələnməsi üçün bir məqamdır. Yeni il nurunun işığında dünya yenidən sevgini və bağışlamağı öyrənir. İnsanlar bəzən sadə hədiyyələrlə, bəzən də səmimi sözlərlə bir-birinə yaxınlaşır. Amma ən böyük hədiyyə bəlkə də ruhun səmimiyyətidir – sevgi ilə dolu, heç bir şərt qoymadan verilən bir təbəssüm.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə bizi bir kökə bağlı olmağın nə qədər dəyərli olduğunu xatırladır. Bəli, biz dünyanın müxtəlif guşələrinə səpələnmiş bir millətik. Amma unutmayaq ki, biz hələ də bir ağacın budaqlarıyıq, köklərimiz bir yerdədir. Həmrəylik – sadəcə şüar deyil, bir çağırışdır. Birlikdə olmaq, bir-birimizi hiss etmək, bəzən də bir-birimizin yaralarını sarmaq üçün bir fürsətdir. Bu gün bizim tariximizdə və ruhumuzda dərindən kök salmışdır.
Yeni ilin özü isə bizə yenilənmək üçün bir mesajdır. Həyatın çətinlikləri bəzən insanı sındırmağa çalışır. Amma insan yalnız ruhundan imtina etdikdə həqiqətən məğlub olur. Mən sizlərə bu altıncı gününü yaşadığımız yeni ildə yalnız xoşbəxtlik deyil, həm də güc arzulayıram. Elə bir güc ki, keçmişdəki bütün ağrıları bir dərs kimi dəyərləndirə biləsiniz.
Qoy bu 2025-ci il sizə sevgi və hüzur gətirsin. Həyatınızın hər günü özünüzü bir az daha dərk etdiyiniz bir gün olsun.
İnsan özünü tapdıqda, həm həyatını, həm də ətrafını dəyişdirmək gücünə sahib olur. Siz - oxucularımın hər bir mənim üçün həyatın fərqli bir rəngisiniz və mən minnətdaram ki, bu rənglər dünyamı daha da gözəlləşdirir.
Unutmayın, xoşbəxtlik yalnız xarici dünyada deyil, ruhun dərinliklərində gizlidir.
Yeni ildə bu xoşbəxtliyi tapmağınızı, onu əzizləyib qorumağınızı arzulayıram.
Ruhunuzda həmişə işıq və sevgi yansın!
Səmimi hörmət və sevgi ilə!!!
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)