Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Sevgini geri qaytarmaq olmur, göz yaşlarını gözə qaytarmaq mümkün olmadığı kimi.
- Uğursuzluq qorxusu çox uğurları yiyəsiz qoyub.
- Sərçə özünü qartal kimi apara bilər, ancaq sərçələrin arasında.
- Kişi dula, dul pula sevinər.
- Burnundan uzağa görməyənlərin təsəllisi uzun burunlarının olmasıdır.
- İlk baxışdan sevgi üçün ən yaxşı səbəb dolu pulqabıdır.
- Qadın kişini başının tacı saydığı vaxt şahzadə olur.
- Yaxşı müəllim sualın içində cavab açarını da qoyar.
- Pis işləri də yaxşı bacaranlar var.
- Qəbiristanlıq gözətçisini gələcəklə bağlı təəccübləndirmək çətindir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)