“Tənha çinar ağacı” - MƏNSUR ŞEİR Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Eyvanımızın qarşısında bir çinar ağacı

boy atırdı, boylanırdı. Onu nə səbəbdənsə

soyuq ürəklər məhv etdilər.

 

Tənha çinar ağacı, bilinmirdi neçəydi yaşın. Nə qədər illər yola salmışdın qoynundan, fəsillər sallamışdın uca boynundan. Soyuğa, istiyə sinə gərmişdin, neçəsini kölgənə çəkmişdin. 

Çox zaman təkbətək idik səninlə, təsəlli verirdin, deyirdin: məsləhəti dinlə, nə sızla, nə inlə, yaşama kinlə. 

Sirdaşımıydın, qardaşımıydın. Baxdıqca doymurdum vüqarından, pay alırdım qürurundan. 

Səbrlə dinləyirdin ürəyimin səsini. Yarpaqların meh əsdikcə quştək dənləyirdi dərdi-sərimi. Sinəndən gələn cəh-cəh səsləri pərvazlandırırdı diləklərimi, hüsnündən saçan yaşıl işıq yaşadırdı ümidlərimi. 

Ömrün sərt yelləri əsəndə dəyişirdin ovqatımı. Dərd dilə gəlməyəndə baxışlar söz söyləyirdi. Sonra isə hər şey müəyyən andaca unudulurdu, Tanrıdan xoş günlər umulurdu. 

Ucalsan da göyün qatına mənəm demirdin, ayam demirdin, günəm demirdin. Arxanam, dayağınam deyirdin. 

Sənin xətrinə niyə dəyildi? Sənə necə qıyıldı? Qol-budağın qırıldı, varlığın yox oldu, gözlərim yaşla doldu. 

İndi xəyalımdasan. Ruhunla ruhumdasan, tənha çinar ağacı!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.