Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Həyat mahnı, segi isə onun nəqarətidir.
- Uşağa oxumağı öyrədənən sonra, ona hər oxuduğuna inanmamağı da öyrədin.
- İnsan dəqiq saat yaradıb ki, öz qeyri dəqiqliyinin hər gün şahidi olsun.
- Xəncər gəzdirmək dəbdən düşəndən sonra, çox danışmaq dəbə düşüb.
- Utanmaz kişi utanan qadın arzulayar.
- Şair ötəri baxışdan əbədi sevgi poeması yaza biləndir.
- Qadın təkrar soruşulacağına əmin olmasa, heç vaxt “ yox” deməz.
- İnsan səhv edə- edə özünü, inana- inana başqalarını tanıyır.
- İnsanın göz yaşları bir neçə sevgiyə bəs edir, hələ artıq da qalır.
- Gizlənmək üçün ən etibarlı yer təbəssümün arxasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.12.2024)