BİR SUAL, BİR CAVAB Rəşad Məcid ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Min şəhər adı var dillər əzbəri,

Adların ən üstün adıdı Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdı Şuşa.

 

 Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Qıraqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa. 

(Rəşad Məcid)

 

Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın- Azərbaycanın qədim şəhərinin işğaldan azad edildiyi o möhtəşəm və unudulmaz günü necə xatırlayırsınız?

 

CAVAB

Şuşa haqqında bu şeirim 2021- ci ilin may ayının 12- dən 13- nə keçən gecə Şuşada yazılıb. Az sonra isə Əməkdar artist Xumar xanım Qədimova bu şeirə çox möhtəşəm marş kimi bir musiqi bəstələdi. Şuşanın alınmasına həsr olunmuş heyrətamiz əsər nümunəsi oldu. 2021- cil mayın 12- də təxminən 29 illik fasilədən sonra "Xarıbülbül" musiqi festivalı zamanı Azərbaycanın incəsənət xadimləri ilə, Xalq yazıçısı Anar bəylə Şuşada, Cıdır düzündə olduq.  Əyilib Cıdır düzünün daşlarını öpüb Fərhah Bədəlbəyli kimi: " Bizi bağışla, Şuşa"- söylədim. Oradan qayıdandan sonra həmin təəssüratlardan " Şuşa gör nələr eylər!" adlı yazı yazdım. Həmin gün 2021- ci il, 12 may tarixində Azərbaycanın Prezidenti Müzəffər Ali Baş Komandan Şuşada- Cıdır düzündə çıxış edərkən söylədi ki: " Mən dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm."

 

Bu sözlərdən sonra hönkür- hönkür ağladım. Çünki mən ilk dəfə 1979- cu ildə dərc olunan ilk şeirimi - 15 yaşım olarkən yazdığım" Cıdır düzü" şeirimi Şuşaya- Cıdır düzünə həsr etmişəm. Şuşanı, Cıdır düzünü tarixin möcüzəsi, əksi adlandırmışam. Şuşanın işğalı illərində Şuşa barəsində həmişə ürəkdən yanğı ilə danışmışam, Şuşanın işğalı həyatımın ən ağır günləri olubdur. Şuşanın işğal günü- 8 mayda həmişə Anar müəllimin, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədərbəylinin Şuşa haqqında sözlərini, Şuşanın təbiəti, insanları haqqında fikirlərini söyləmişəm. Şübhəsiz, Şuşa haqqında ən gözəl sözlərin müəllifi həm də Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz həmin gün 2021- ci il 12 mayda Ali Baş Komandanın söylədiyi bu sözlərdən sonra bu şeirim yarandı. O gün - 2020 - ci il 8 Noyabr həyatımın ən sevincli günü idi, Şuşanın azad olunduğu gün!

 

Buna görə də başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan ordusuna, bütün əsgərlərimizə, Şəhidlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şad olsun. Onların hesabına biz Şuşada qürurla gəzirik. Mən artıq 14- cü dəfədir ki, azad Şuşada olmuşam. Azad Şuşada müxtəlif mədəniyyət, media tədbirlərində iştirak etmişəm, Şuşada olmaq mənim üçün böyük xoşbəxtlik və səadətdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.