İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Boğazın yad tikə götürməzdi, bənzərin tapılmazdı dünyada. Sənə məhəbbətim ölçüyə gəlməzdi, sətirlərə sığmazdı.
İşıqlı, nüfuzlu, xoş baxışlarınla vəzifəli nadana tay olmamışdın.
Təkcə evimizə yaraşıq deyildin, mənim taleyimi bəzəyən atam, mənim sadədən sadə atam.
Nə könül sındıran, nə qəlbə dəyəndin, bu qoca dünyanın hər sirrinə bələddin. Ömrü boyu düz getmişdin yolu sən, əyri işə calanmamışdın. Sənin şüarın “insana hörmət, əməyə, zəhmətə, işə məhəbbət” idi.
İllərin yükünü çiynində çəkmişdin, ömrünü ötüşən illər yorsa da. Duz-çörəyə sədaqətli, qədir bilən, bir kimsəyə əyilməyən, evimizə çıraq olan, sadədən sadə atam.
Dostluqda dəyanətli, doğru sözlü, səxavətli, sadədən sadə idin, atam mənim, arxam mənim.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)