Yazarlar 2024-cü ili necə uğurlayırlar? - III yazı Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” 

 

Təqvimlə üz-üzə dayanıb dərləşdiyimiz çox olur.  Düşünürük ki, hər təqvim vərəqində bizdən nəsə var... Eləcə də, düşündüyümüzə, etdiyimizə hər keçən gün özündən nəsə qatır.  

 

Bəlkə də, insanın günləri adlandırmağı, təqvim yaratmağı onun ehtiyacından çox, xəyalı idi. Xəyallar ehtiyacdan doğulmur, insanın yaşamaq ehtiyacının özüdür. Xəyallarından sabaha saxlamayan insan elə həmin gecə ölür…

Bəlkə də, ilin son ayında ili dəyərləndirmək ehtiyacım gələn ilə saxladığım ümidlərimin cücərmə ehtimalını artırmaqdır mənimçün.   Qələm dostlarımla 2024-cü ilin yazılarımızın içindən necə keçib getdiyini müzakirə etdik. Üz tutduğum ilk qapı Ustad Əkbər Qoşalı idi, son qapı da “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir. Dediyinə görə, 2024-cü ili də ürəklə “yaşadım” dediyi illər siyahısına salıb: 

 

“Maraqlı il oldu 2024-cü il... Bir an kimi keçib getdi. Ümumiyyətlə, bir yaşdan sonra insana elə gəlir ki, ömür atlanıb, harasa naməlum sona doğru çapır. Çapağan atı da zamandır. Bu ilin əvvəli yaradıcılığım üçün düşərli oldu. Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova   yaradıcılığıma həsr etdiyi “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazdı. Kitab "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin "Ədəbiyyatşünaslığa dəstək” layihəsi çərçivəsində nəşr edildi. Kitabın məqsədi mənim şeirlərimdəki estetikanın, bədii dillə ifadə edilən aksioloji dəyərlər sisteminin anlaşılması, təhlili, şeirlərimin bədii strukturunun və ideyasının (məzmununun) böyük ədəbiyyatla vəhdətləşməsinin önə çəkilməsidir. Keçən aylar göstərdi ki, kitab məqsədinə çatdı. Bir çox söz adamları, sözə dəyər verənlər kitab haqqında yüksək fikirlər söylədilər. Geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanan kitabın redaktoru sevimli uşaq yazarımız Sevinc Nuruqızı, rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır. Üz qabığındakı portretin müəllifi “Ulduz”un rəssamı, əsl sənət fədaisi Ədalət Həsəndir. 

Yaradıcılığımla bağlı ikinci kitabın müəllifi  şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirdir. “Mücrü” nəşriyyatında nəşr olunan kitab “Üşüyəndə özünü yandıran şair” adlanır. 7 məqalədən ibarət olan kitabın naşiri Müşfiq Xan, ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır. Öz həmkarımın bu cür kitab yazmağı, əlbəttə, əlamətdar hadisədir. 

Qısa vaxt ərzində yaradıcılığım haqqında həm bir alimin, həm də bir yazıçının kitab yazmasını yüksək qiymətləndirirəm. Qeyd etməliyəm ki, bu kitablar qətiyyən bir-birinə bənzəmir. Kəmalə Umudova yaradıcılığımı elmi cəhətdən təhlil edib, Təranə Dəmir isə poetik cəhətdən. 

2024-cü ildə  uzun-uzun düşüncələrdən sonra, nəhayət, yeni şeir kitabımın nəşrinə qərar verdim. “Görsən üşüyürsən...” adlı kitabımda həm əvvəl yazmış olduğum, heç bir yerdə çap olunmayan, həm də son illərdə yazdığım şeirlər yer aldı. Kitabın nəşrə hazırlanmasında redaktorum Günay Səma Şirvan və gənc dostum, məni şeir kitabı çıxarmağa, bir növ, təşviq edən Süleyman Muradlı çox kömək etdi. Naşir Tural Axundova da nəfis tərtibat üçün mütəşəkkirəm. 

Bu kitabların üçü də yaz fəslində işıq üzü görüb. Beləcə, deyə bilərəm ki, bu 3 kitab 2024-cü ili mənim yaradıcılığımçün bir fəslə-yaz fəslinə çevirdi. 

Redaktoru olduğum “Ulduz” jurnalı üçün də 2024-cü il dopdolu keçdi. “Ulduz” jurnalının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM)  əməkdaşlığı çərçivəsində keçirilən hekayə müsabiqəsi uğurla başa çatdı. “Məişət zorakılığına YOX deyək!” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də elə yaz fəslində baş tutdu.  Hazırda “Ulduz” və İSİM növbəti müsabiqəni-“Narkomaniyaya YOX deyək!” adlı müsabiqəni həyata keçirir. Qaliblərin adı yaxında açıqlanacaq. 

Eyni zamanda, “Ulduz” jurnalının Azərbaycan Ədəbiyyat Fondu ilə birgə təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi, Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi də uğurla  keçirildi.  Hər iki müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də ədəbi hadisə kimi yadda qaldı. 

“Ulduz”un keçən ilin sonları-bu ilin əvvəlində oxuculara təqdim etdiyi xüsusi nömrələr də ədəbi hadisə dəyərindədir.  “Yeni nəsil: proza”, “Yeni nəsil: poeziya”, “Yeni nəsil:tənqid” buraxılışları ədəbiyyatşünaslığımıza da töhfədir.   Jurnalın Qərbi Azərbaycana həsr olunmuş xüsusi nömrəsi Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqres çərçivəsində təqdim olundu. 

2024-cü ildə “Ulduz” jurnalının imza atdığı bir ilk də oldu. Sentyabr sayını bütövlükdə Qardaş Türkiyə ədəbiyyatına həsr etdik. Və bunu olduqca orijinal şəkildə etdik: “Genç Yürekler” dərgisinin bir sayını bütövlükdə “Ulduz”da nəşr etdik. İlin sonunadək  “Ulduz”un bir nömrəsi də Ankarada –“Genç Yürekler” dərgisində işıq üzü görəcək. Bu, ortaq ədəbiyyat tariximiz naminə  qarşılıqlı atılmış uğurlu addımlardır. 

“Ulduz”un dahi Füzuliyə həsr olunmuş buraxılışı haqqında danışmağı isə sənə həvalə edirəm, Şəfa. Əminəm ki, “Ədəbiyyat və İncəsənət” saytının oxucuları üçün “Ulduz”un həmin sayı üçün gözəl bələdçi olacaqsan. 

2025-ci il üçün də planlar çoxdur. Plan tutmaq asandır, o planı həyata keçirmək də...  Əsas olan ömrü yaşamağı bacarmaqdır. Şükür, hələ ki, “bu ömrü yanlış gəldim” deməyimiz olmayıb...” 

 

Əziz oxucu, şair Qulu Ağsəsin  sözünə əməl edərək sizi “Ulduz” jurnalının Füzuliyə həsr edilmiş  xüsusi buraxılışı ilə tanış etməyə tələsdim.  Və bəribaşdan demək istəyirəm ki, Azərbaycan ədəbiyyatının Füzuliyə deyəcək sözü heç vaxt bitməyəcək... “Ulduz” jurnalının bu buraxılışı mənim Füzuli yaracıdılığına, onun şair kimi daxili dünyasına baxdığım nəfəsliyin çərçivələrini bir az daha genişlətdi. Və o qismi genişlikdə gördüklərimdən yazıram... 

Filologiya elmləri doktoru Pərvanə Bəkirqızının redaktorluğu ilə nəşr olunan xüsusi buraxılış prezident İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli, Füzulinin 530 illiyinə həsr olunmuş tədbirlər planının həyata keçirilməsinə dair Sərəncamı ilə açılır.  Ulu Öndər Heydər Əliyevin 8 noyabr 1996-cı ildə Respublika sarayındakı nitqini də jurnaldan oxuyuruq. Dahi şairin 500 illik yubileyinə həsr edilmiş təntənəli nitq bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat tarixinə dərindən bələd olub. “Məhəmməd Füzuli öz yaşadığı dövrdən əvvəlki dövrü geniş təhlil etmiş və həm Şərqin ona qədər yaratdıqlarını, həm də qədim yunan, rum antik ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini öz əsərlərində cəmləyərək, yaradıcılığında Şərqin və Qərbin sintezinin nəticəsi olaraq şeirin, elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmışdır"-bu cümlədə Ulu Öndərin  Füzuliyə olan sevgisi, mənəvi bağlılığı da duyulur... Çünki, Füzuli bəşəri şairdir. Onun şeiriyyəti bəşəriliyi elmi,  təfəkkürü sayəsində qazanıb. Yenə qarşımıza “oxumaq, öyrənmək” prinsipi çıxır.  Tarixə, ədəbiyyata,  bəşərə bələd olmaq yaradıcılığı fərdilikdən uzaqlaşdırır, bəşəri edir. 

"Heydər Əliyevin Füzuli sevgisi" adlı yazıda qeyd olunur ki, Naxçıvanda orta məktəb şagirdi olarkən belə, Heydər Əliyev Füzuli yaradıcılığının sirrinə vaqif imiş. Həmçinin, uşaqlıqdan yaradıcılığa-rəssamlığa, memarlığa böyük maraq göstərirmiş.  Onun çəkdiyi ilk rəsm əsərlərindən biri Füzulinin portreti olub. Portret həmin dövrdə məktəblilərin rəsm əsərlərindən ibarət müsabiqədə l yeri qazanıb.

Firudin bəy Köçərli  “"Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs"” adlı yazısında belə qənaətə gəlir ki, Füzuli öz ana dilini həddən artıq sevdiyindən türkcə yazıb.  Məqaləsi boyunca Füzulinin şeirlərindən misal çəkməməyə çalışır. Bunu belə izah edir: "Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır".

Mirzə Cəlilin "Füzuli" adlı yazısı da maraqlıdır.  Mən bu yazıda Qulu Ağsəsi də tapdım və onun həmişə dediyi bir fikri yada salıb gülümsədim. Qulu müəllim etiraf edir ki, biz sözün ehtiva etdiyi məna yolunun ilk deyil, növbəti yolçularıyıq. Biz elə yeriməli,  bizdən əvvəl şəninə min şeir qoşulmuş bir əlçim otu, mamırlı daşı elə təsvir etməliyik ki, bu yolda iz qoya bilək.  Mirzə Cəlilin indi misal çəkəcəyim cümləsi isə həm Füzulini öyür, həm də bizi  Qulu Ağsəsə gözüyumulu inanmağa vadar edir: “Keçmiş əsrlərdən gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıblar".

Abdulla Şaiq "Füzuli haqqında düşüncələrim"də əmindir ki: “O, mühitinə deyil, mühiti ona yabançı qalmışdır".  Razılaşmamaq olmur. Yazı əhlinin,  ümumdan fərqli düşüncə sahiblərinin hamısı haqqında “zəmanə adamı deyil” demirikmi? Ardınca "Həyatın ən böyük məktəb" olduğunu deyən Abdulla Şaiq yazır: "... Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran onu həyata bağlayan iztirablardır".

"Füzuli və onun yeri" adlı yazının müəllifi Bəkir Çobanzadə isə Füzulinin mövcudiyyətinə daha romantik yanaşır: "Füzuli dörd yüz il əvvəl ədəbiyyatımızın dumanlı-buludlu üfüqlərində doğmuş, ölməmişdir". “...ədəbiyyatımızın dumanlı-buludlu üfüqləri...” Necə kədərli, necə sevindirici və necə də düşündürücüdür. İndi mən-XXI əsrin hansı qırışının arasında yeri olduğunu müəyyənləşdirə bilməyən Azərbaycan şairi  ədəbiyyatımızın üfüqlərində gördüklərimin fərqindəyəmmi? Ya siz, əziz oxucu, siz bu üfüqlərdə nə görürsünüz?  Dərin suallardır... Yenə  təsəllimiz Bəkir Çobanzadənin başqa bir cümləsidir: “İstiqbal Füzuli kibi səmimi şairlərindir".

Cəfər Cabbarlı "Füzuli haqqında" yazısında dahi şairi öyməklə qalmır, onun milli ədəbiyyat tariximizdəki yerini bir daha təsdiqləyir: "Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi". Əkrəm Cəfər isə "Füzulinin yubileyi qarşısında qəlbim" adlı yazısında xalqımızın şairə, şeirə qiymət verməsindən bəhs edir. Müəllif  Füzuliyə verilən qiymətdə onun ruhən də, fikrən də öz xalqına doğmalığının payı olduğu düşüncəsindədir: "Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün həyəcanıyla sevir, beyninin bütün girinti-çıxıntılarıyla anlayır..."

Məsud Əlioğlunun jurnalda 3 yazısı  yer alıb. O, "Füzuli və müasir ədəbiyyatşünaslığımız" adlı yazısında Həmid Araslının və Mir Cəlal Paşayevin Füzulinin fikir dəryasından tapıb üzə çıxartdıqları inciləri tanıtdırır.  Qeyd edir ki, "Həmid Araslı Füzuli yaradıcılığını təhlil etməzdən əvvəl şairin yaşayıb-yaratdığı dövrü və bu dövrün mürəkkəb siyasi, tarixi hadisələrini elmi dəlillər əsasında təhlil edir".   Bu cümlə məni kədərə qərq etdi; bunu etiraf etməliyəm.   Çünki son illərdə oxuduğum bəzi ədəbiyyatşünaslıq mətnlərində  haqqında danışılan imzanı öz əsrindən, zəmanəsindən kənarda təqdim etmək cəhdi var. Və mən bu cəhdi qəsdli hesab etmirəm...  Mətn müəllifinin ya vaxt yetməzliyindənmi, ya elə hövsələsizliyindənmi imzaya köklənib, o imzanı yetirən, püxtələşdirən dövrü açmamağı məni həm təəccübləndirib, həm də peşman edib... “Niyə oxudum?” deyildi peşmanlığım, əsla! “Niyə özüm bu imzanın zəmanəsini araşdırmağa vaxt sərf etməmişəm?” peşmanlığıydı bu... Peşmanlığı xatırlamaq da bir kədərdir. Özü də, ədəbi kədər... Nə isə... Məsud Əlioğlu deyir ki: “Mir Cəlal daha çox Füzulinin hiss və həyəcanlarını, arzu və meyillərini, fəlsəfi - əxlaqi görüşlərini ifadə edən lirikasını, qəzəllərini təhlil edib qiymətləndirmişdir". Demək, Füzulinin romantikasını Mir Cəlalın araşdırmalarında, reallığını isə Həmid Araslının  araşdırmalarında axtarmalıyıq, əziz oxucu. Bu mənada, Məsud Əlioğlunun "Füzuli və müasir ədəbiyyatşünaslığımız" yazısını  yolgöstərən saymaq olar.

"Füzuli sənətinin iki əsas canlı məsdəri vardır : eşq və idrak". Bu cümlə isə Məsud Əlioğlunun "Füzuli kədəri"adlı yazısındandır. Demək, Füzulinin araşdırmaçılarını araşdıra-araşdıra Məsud Əlioğlu özü də yekun qərara gəlməyi bacarıb. Bu qətiyyət  Məsud Əlioğlunun Füzuli yaradıcılığının bətninə doğru uzanan yolunda nailiyyətidir. "Füzuli və Üzeyir" yazısında isə Məsud Əlioğlu oxucuya Şərq ədəbi mühitinin Füzuli sirrini açır: “Füzuli tükənməzlik xüsusiyyəti-möcüzəsi ilə ağılları, ürəkləri heyran qoymuşdur". Hə, gəlib çıxdıq örkənin doğanaqda ilişdiyi yerə...Tükənməzlik... Şairin, ümumən, Tanrının öz yaratmaq qüdrətindən bir çimdik bəxş etdiyi insanın tükəndiyi məqamlar çox olur. Bu mənada kimsə “tükənmərəm” deyib sinəsinə döyürsə, səmimi deyil.  Buradan-bu uzaqlıqdan Füzuliyə baxarkən Məsud Əlioğlu onun tükənməzliyini görür. Elə biz də görürük və heyrətlənirik. Amma əminəm ki, Məsud Əlioğlunun “möcüzə” adlandırdığı sirrin özünün də batinində bir sirr var: Füzulinin tükənmişlik uçurumundakı çırpıntıları... Biz  o tükənmişlik uçurumuna dair Füzuli yaradıcılığında heç bir iz görmürük.  Ona görə ki,  Füzuli oradakı çırpıntıların belə, yaradıcılıq üçün xammal olduğunu bilirdi! Dahilik bir də bundadır! 

Jurnalda Füzuliyə ithaf edilmiş poeziya nümunələri də yer alıb. Əlağa Vahid "Füzulidən təxmis"də “Həyatı, aşiqin eşq olmasa, əfsanə bir röya..." deyir. Füzulinin aşiqliyi necə görməsinin ədəbi güzgüsüdür bu misra. Rəsul Rza isə üzünü Füzuliyə tutsa da,  əbədi sualını bütün ədəbiyyata -burada ədəbiyyat üçün dövr, janr, imza anlamı yoxdur,- ünvanlayıb: 

 

Deyirlər, İraqdan ayrılmamısan,

Ömrün Kərbəlada, Bağdadda keçib.

Əgər doğma idi sənə o yerlər,

Niyə bütün ömrün fəryadda keçib? 

 

Və Rəsul Rza bu sualın cavabını bilirdi. Füzulinin əsrlərin o tayından ona bircə “ah”ıyla  cavab verdiyini də eşidirdi... O cavabı dilə gətirirəm,  bu gün səizinbələdçinizəm axı, əziz oxucu. Cavab budur: “Ədəbiyyat adamı hər yerdə, hər anda qəribdir”.  Fikrimin təsdiqini Bəxtiyar Vahabzadənin Füzulinin heykəli önündə dilə gətirdiyi şeirinin adında tapa bilərsiniz: "Onun pərişanlığı".  Bəxtiyar Vahabzadə sualının mərkəzinə özünü qoyur: “Öz əsrində Füzuli, Axı nəyə ağlamış?"

Əli Kərim həm  Füzuliyə heyranlığıyla, həm də onunla eyni xalqa mənsub olmağıyla  qürurlanır: "Dünya səni qocaltdı yaşıdın olsun deyə..." Zəlimxan Yaqub "Görüş - ayrılıq"da Füzulinin  Məcnunundan yazır. O Məcnun ki, saysız-hesabsız şeirin, poemanın, nəsr əsərinin, əfsanənin qəhrəmanı oldu, amma heç birində Füzulinin onu ucaltdığı zirvənin yamacına da qalxammadı.   Zəlimxan Yaqub bunu bilirdi. Bilirdi deyə yazırdı: "Səhrada Məcnuna qurduğun saray Bütün saraylardan möhtəşəm oldu".

Məmməd Cəfər "Füzuli sevir..." yazısında "Füzulinin qəlbinin insanlığın faciəsi, dərdi üçün döyündüyünü" qeyd edir.  Bəs bu faciə nədir? Dərininə getsək, faciənin də şaxələndiyini, ayrı-ayrı məna donu geyindiyini görərik.  Dayazında isə insanlığın yeganə faciəsi var: “var olmaq”.  "Uzaq ellərin yaxın töhfələri"ndə Rəsul Rza Füzuli üçün eşqin iztirabının eyil, Vətən dərdinin qorxulu olduğunu deyir. İnanıram... Yenə qürbətin doğmalığı, doğmaların yadlığı və qəribliyi var düşüncənin zirvəsində... 

Bəxtiyar Vahabzadə üçün Füzuli həm də "Qəlb şairi"dir. Əziz oxucu, indi mənə irad bildirmək haqqına sahibsiniz: “Şairlərin hamısı qəlb şairidir də!”  Hə, amma hər şairin bir mövzu ustalığı var ki, o mövzuyla bağlı suallarına cavab verə bilər.  Füzuli isə... Elə BəxtiyarVahabzadənin sözlərini təkrarlasam, yaxşıdır: “Düşünən, duyan, hiss edən, sevən, nifrət edən-bir sözlə, sözün geniş mənasında, yaşayan hər kəs Füzuli şeirindən öz sualına cavab tapa bilər”.

Samət Əlizadə "Füzuli sözünün sehri"ni oxucu (ya da araşdırmaçı) zövqündə axtarır. Tapdığı da onun özünəməxsus qənaətidir: “Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək”. Yaşar Qarayev isə Füzulini tanımağın yolunu başqa cür göstərir- "Türk-İslam intibahının zirvəsi - Füzuli" adlı yazısında deyir: "Füzulidə "eşq" sözü də "elm" sözünün özü, onun daha ali mərtəbəsi deməkdir".

"Unutmamak lazımdır ki, Füzuli hemen bütün Şark edebiyyatının gerçek şiir vadisindeki en üstün şairidir".Bəli, Nihad Sami Banarlı da Füzulinin bütün araşdırmaçıları ilə həmfikirdir. "Füzulinin dühası" adlı yazının hər abzasında Banarlının Füzulinin yaradıcılığı, ümumən, ədəbiyyat qarşısındakı  heyrətini görürük... 

“Ulduz” jurnalının Füzuliyə həsr olunmuş xüsusi buraxılışı Füzulinin söz inciləri ilə sona çatır... O inciləri düşüncənizin, duyğunuzun yaraşığı etmək sizin işinizdir, əziz oxucu. Bunu bacaracaqsınız, əminəm! Yetər ki,  jurnalı əlinizə alın, vərəqləyin və o incilər olan səhifələrə əlinizin izini, alnınızdakı qırışıqlığın kölgəsini salın... 

Bu il çatdırmasanız da olar, heç mən də oxumaq istədiklərimin hamısını oxuyub, yazmaq istədiklərimin hamısını yazıb çatdıra bilməmişəm. Gələnilki mütaliə planınıza salın “Ulduz” jurnalını... “Əlim çatmaz” deməyin, “Ulduz”a abunə olmaqçün ilk addımı elə bu gün atın, hər ayın sonu jurnal özü  gəlib ünvanınızı tapacaq! 

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.