Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Gedir gedənlər... Addımladıqları yoldur, amma qoşulub getdikləri zaman. Elə həmin zamanın kölgəsini qoyurlar bizə. Öz aləmlərində təsəlli cümləsi də tapıblar axı: “Zamanla unudarsan...” Və yenə zamanın bir küncündə rast gəlirik onlara, üzlərinə baxır, gözlərinin içinə də gülümsəyirik. Onda hamımız-bütün gedənlər və bütün qalanlar eyni şeyi anlayırıq: elə həmənkiyik o zamanın küncündə. Zaman da həmənkidir... Yaşananları göstərən ancaq təqvim vərəqləriymiş...
Nə Jül Vernin Zəkəriyyə ustası zamanın sirrini açdı bizə, nə təqvimin vərəqləri, xanaları. Axşam öz yerindədir, sabah öz yerində. Qışı da gəlir dünyanın bircə çağırışına, yayı da. Bizə qalır elə özümüz...Və özümüzünküləşdirdiklərimiz.
Hər dekabrda özümüzü ovuduruq yol üstdə olan ildə qazandıqlarımızla... Bu qazancın sorağına düşdüyüm yolda rastıma çıxanlar da elə mənimlə həmfikir idi... Söhbətləşdik, bir ayağı ömür qapısında olan 2024-cü ili dəyərləndirdik:
Şair, nasir Güldərən Vəli:
“2024-cü il mənimçün ədəbi baxımdan yaddaqalan il oldu. Gəncliyimdən bəri, şeirlərini sevə-sevə oxuduğum Məmməd İsmayılın yubileyi keçirildi. Şair İradə Aytelin tərtib etdiyi jurnalda sevimli şairimə yazdığım ədəbi məktub yer aldı. Ən gözəl təəssüratım isə bir noyabr günündə Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinə qədəm qoymağım oldu. Şəkinin Yuxarıbaş məhəlləsində, Qurucana çayının sahilindəki o ev, orada şairin yazı masası, əsərləri, əlyazmaları... Təəssüratım şeirə çevrildi orada:
Gəldim yurd yerinə, böyük sənətkar,
Şeirinin hər rəngi orada idi.
Yazı masandakı qələmin ki var,
Ruhun söz ahəngi orada idi.
O sirdə, sehirdə yazmaq istədim,
Misra xəyal oldu, qafiyə ümid.
Sinəmdən bir sevda karvanı keçdi,
Ərşə əyan oldu qəfilə ümid...
Sonra bir “ah” çəkdim, Kürü qurutdu,
Sal yandı, yadıma bir muğam düşdü...
Sənin qəzəlinlə ruhum ovundu,
Nə yaxşı yurduna bu məqam düşdü...
***
Yazıçı Tural Cəfərli:
“Bu il mənim üçün yaradıcılıq baxımından məhsuldar və uğurlu oldu. 2024-cü ildə üç kitabım çap olundu. Oxucular tərəfindən maraqla qarşılandı. İki kitabımın ilk nəşri artıq bitib. Bu da müəllif üçün sevindirici haldır. Oxucular tərəfindən müxtəlif rəylər alıram. Rəylərin əksəriyyəti müsbət təsir bağışlayır. Bu da görülən işə verilən ən böyük dəyərdir. Bu il ilk dəfə olaraq kitabımı ön satışdan çapa göndərdim. “Sokratla çayxana söhbətlərim” adlı ilk romanım nəşr olundu. Bu roman yaradıcılığımda xüsusi önəm daşıyır. Çünki ilk dəfə bir yunan filosofunu Azərbaycanda təsvir etməklə, fərqli süjet və ideyanı təqdim etmiş oldum. Roman oxucuların diqqətini çəkdi. Bu da mənim növbəti romanım üçün stimul oldu. Hesab edirəm ki, on illik yaradıcılıq dövrümdə ən yadda qalan il məhz 2024-cü il oldu”.
***
Şair, nasir Pərvanə Kəlağay:
“Hesab edirəm ki, 2024-cü il yaradıcılığımda məhsuldar il olub. Yanvar ayında mahnıları dillər əzbəri olan, musiqiləri könüllər fəth edən həmyerlimiz Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr etdiyim “Elin nəğməkar qızı” publisistik kitabım Şəkidə keçirilmiş ədəbi-bədii gecədə ictimaiyyətə təqdim edilib. Mart ayında anamın ruhuna ithaf etdiyim “Əsmaul-hüsna Allahın Gözəl Adları” (poema) kitabım nəşr olunub.
İyun ayında ideya müəllifi və tərtibatçısı olduğum, Azərbaycanın suverenliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin şərəfli ömür yolundan bəhs edən “Vətən Məcnunları” kitabının II hissəsi işıq üzü görüb. “Yeni Azərbaycan” qəzetində 23.07.2024-cü il tarixində istedadlı jurnalist, yazıçı Şahanə Müşfiqin “Pərvanə Məmmədova-Kəlağayı: Vətənpərvərlik mövzusunda yazılan şeirlərimin əksəriyyətində qürur var” adlı yazısı geniş oxucu kütləsinə təqdim edilib. Oktyabr ayında “Ədəbiyyat və incəsənət” portalında haqqımda yazı dərc olunub, essem yer alıb.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu – MİMTA-nın "İşıq" dərgisində dərc olunan, 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdə zərər görən insanlara, xilaskar itlərə ithaf etdiyim "Xilaskar Köpük" adlı hekayəm 10 oktyabr 2024-cü il tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma Dərnəyi) tərəfindən keçirilən beynəlxalq hekayə və şeir müsabiqəsində hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
26 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə də məşğul olduğum Şəki Tibb Kollecində tələbə gənclərin bədii ədəbiyyata, söz sənətimizə marağının artmasına cəhd göstərmişəm, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə şərait yaratmışam. İdeya müəllifi və tərtibatçısı olduğum, müəllifi kollecimizin tələbələri və əməkdaşları, tibb işçiləri olan esselərdən ibarət “Vətən sizə oğul dedi” (qazilər, veteranlar, müharibə iştirakçıları haqda) kitabımızın I və II hissəsi çap prosesindədir”.
***
Şair, aktyor Oğuz Alparslan:
“2024-cü il ömrümə möcüzəvi təqvim ili kimi yazıldı. Baba oldum... Bir var qələmin yazdığı hekayə, bir var yaşayaraq yazdığın hekayə. İnsandan sonra bəzən qələmiylə yazdığı deyil, yaşadıqlarıyla yazdığı hekayələr qalır. Bu dərinliyi dərk edib yenə qələmə sarılmaqdır yazıçının möcüzəsi həm də. 2024-cü ildə, nəhayət, ilk romanımı yazmaq, üzə çıxarmaq üçün cəsarətimi topladım. Hazırda redaktə prosesindədir. İlin sonuna doğru isə bir serialda baş rolu ifa etmək təklifi aldım. Təbii, insan həyatı uğur və uğursuzluğun növbələşməsindən ibarətdir. Uğurun qədrini bilməli, uğrusuzluqları həyatımızın “təcrübə” başlıqlı nüsxəsində qeyd etməliyik. 2025-ci ildə oxucular romanımla görüşəcək...”
***
Şair Zülfiyyə Yaqub:
“2024-cü il ömrümə elə gözəl yazıldı ki... AYB-yə üzv oldum. Şeirimlə “Mədəniyyət” televiziyasında çıxış etdim. İyun ayında Şəkidə, Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəylinin aparıcılığı ilə çəkilən “Məclisi-şüəra” verilişinin qonağı oldum. Böyük şairin doğulduğu məkanda olmaq, orada şeirdən danışmaq insanı yeniləyir sanki... Şəki səfərim, həm də, Şəki ədəbi mühiti ilə yaxından tanışlığıma vəsilə oldu. 2024-cü ildə qızıma və nəvəmə yazdığım şeirlərə musiqi bəstələndi, o mahnılar dillər əzbəri oldu. Sentyabrda Gəncədə keçirilən “Nizami günləri”ndə iştirak etməyim də gözəl xatirəmdir. Bu il şeirlərim milli mətbuatla yanaşı, qardaş Türkiyə mətbuatında da dərc olundu. Bir qələm adamı bundan ayrı nə istəsin ki zamandan?!”
***
Yazıçı Əli Rzazadə:
“2024-cü il yaradıcılıq baxımından yaddaqalan oldu. AYB-yə üzv qəbul olundum. Şeirin Cıdır düzündə təbim pərvazlandı, qələm dostlarımdan yaradıcılığımla bağlı gözəl rəylər aldım. Şəhid Teymur Abbasovun xatirəsinə həsr etdiyim "Cənab Leytenant" romanım da bu il işıq üzü gördü. Milli Kitabxanada keçirilən kitab təqdimatındakı qələbəlik Azərbaycan xalqının həm ədəbiyyata, həm də şəhid ruhuna olan ehtiramının göstəricisi idi. Xüsusi qeyd etməliyəm ki, Teymurla tələbə yoldaşı olmuşuq... Tələbəlikdən sonra da aramızdakı bağ qopmayıb. İndi o yoxdur-əbədiyyət yolçusudur. Saatlarla etdiyimiz söhbətlər, onun ürəyindəki Vətən sevdasının qəniliyi əziz xatirələrdəndir. “Cənab Leytenant”ı yazmaq, bir növ, könül toxtaqlığı qazanmaq cəhdim idi...”
Daxilimizdə böyük uçurumlar var hamımızın... Qələmimiz o uçurumlara körpü olurmu? Bəzən... Ən əsası isə bizim o körpüdən necə keçməyimizdir: qorxa-qorxa, yoxsa cəsarətlə? Yox, bu sirri açmayaq... Şair, yazıçı o uçurumun dibində də yazıb/yazır/yazacaq. Və yazdıqlarını verəcək zamanın ixtiyarına. İstəyər, başına tumar çəkər, istəyər sözümüzü çarmıxa çəkər zaman. Bəşərik; hər gün zamana ayrı don geyindirə-geyindirə, gah onun doğması, gah da ögeyi ola-ola günləri keçirəcəyik oyuqdan. Oyuqmu? Tanımaq üçün həmmüəllifi olduğum “Qələmli və qələmsiz: Rəşad Məcid portreti”” kitabındakı “Zaman oyuğunda şair neyləyər?” adlı yazını oxuya bilərsiniz...
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)