Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Bu ağır ziyafət bitincə, kimsə səhvən sənin həyatını köhnə paltosu kimi geyinib gedir.
2.
“ Bu nağıllarda olur: qışın qış yeri vardır, yazın yaz yeri vardır – Həyatda belə olmur.”
3.
Məşhur rus alimi Averintsev erkən orta əsrlər Bizans ədəbiyyatı ilə bağlı deyir ki, əgər hər hansı dövr ancaq özü özünə bərabər olsaydı, sonrakı dövr, sadəcə, gələ bilməzdi. Doğrudan da, hər sonrakı dövr əvvəlkinin içindən pardaxlanmağa başlayır. Dövrlər heç zaman özləri özlərinə bərabər olmurlar. Sinergetika!
4.
Mənən qullar bütün qabiliyyətlərini yavaş-yavaş itirirlər - birindən başqa. Bu, dönük çıxma qabiliyyətidir. Onu itirən qəflətən itirir.
5.
Mənim dilimdəki “pintiliklərdən” danışanlara: Mən Azərbaycan dilində yazmıram, əzizi - mənlər, mən Azərbaycan dilinin potensialında yazıram. Oradakı “pintiliklər” isə saysız-hesabsız...
6.
Bütlərə qarşı mübarizə cümlə etalonlarına qarşı mübarizədən başlayır. Onlar da büt lərdir.
7.
Roman qədər “doyumlu” olan kiçik bir hekayə ferzə çıxmağına bir addım qalmış müzəffər piyadadır.
“Ədəbiyyat və incəsənət”
(11.12.2024)