BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Turanə Məcidli və Toğrul Tağıyev Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR :

 

Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.

2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.

2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.

2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.

2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.

 

ŞAGİRD :

 

Mən, Tağıyev Toğrul Firavan oğlu 2014-ci ildə Səbail rayonu 162 nömrəli tam orta məktəbin 1- ci sinfinə daxil olmuşam. 2018-ci ildən etibarən təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirirəm. Hal-hazırda 11-ci sinif şagirdiyəm.

Oxuduğum müddət ərzində məktəbin tədbirlərində, fənn müsabiqələrində və olimpiadalarında iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişəm. Bunlara misal olaraq, 2019-cu ildə “100 Saat Astronomiya” gününə həsr olunmuş yaradıcılıq müsabiqəsində fəal iştirakıma görə sertifikat qazanmışam. 2020-ci ildə Con Fon Neyman adına Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici yerə layiq görülmüşəm. 2021-ci ildə keçirilmiş Məktəblilərarası Vl Fənn Müsabiqələrində biologiya fənni üzrə bürünc medal qazanmışam. 2023-cü ildə “İntermediate” ingilis dili səviyyəsini qazanmışam. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edərək Beynəlxalq Biologiya Olimpiadasına (IBO) hazırlaşmışam. Məqsədim Azərbaycan Tibb Universitetində təhsil alıb vətənimə layiqincə xidmət etməkdir. 

Asudə vaxtlarımda futbol və şahmat oynamağı xoşlayıram. Hazırda lll dərəcəli şahmat oyunçusuyam.

 

ESSE

                                     

“Zamanın idarəsi yoxdur, özünü idarə vardır” deyib yazıçı Rory Vaden. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı, həqiqətən, yanlışdır” deyə düşündüm, çünki biz saatın əqrəblərini tutub zamanı saxlamaq qüdrətinə malik olmadığımızdan zamanı deyil də, əslində özümüzü idarə etməliyik. Buna görə də “zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və məhsuldar keçsin?” fikri ilə əvəz etdim.

İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar elə tez keçir ki, heç fərqində olmuram” , “Heç nəyə vaxtım çatmır” kimi ifadələrlə əslində özümə bəraət qazandırdığımı dərk edib onlardan əl çəkdim. Çünki hər dəfə vaxtım yoxdur deyəndə  mövcud zamanı da əldən verdiyimi anladım. Vaxt, insan həyatının ən dəyərli sərvətlərindən biridir. O, nə geri qaytarıla bilər, nə də artırıla bilər. Hər kəs kimi eyni miqdarda vaxta-24 saata sahib olduğum halda, bu zamanı necə keçirməyim həyatımın keyfiyyətini və uğurlarımı müəyyən edir. Buna görə də vaxtı səmərəli idarə etmək həm şəxsi inkişafım, həm də gələcək hədəflərim üçün vacibdir.  

Vaxtın səmərəli idarə edilməsi üçün ilk addım planlaşdırmadır. Əgər bir insan gündəlik işlərini planlaşdırarsa, həm işlərinin öhdəsindən daha asan gələ bilər, həm də özünə daha çox boş vaxt ayıra bilər. Məsələn, dərslərini vaxtında hazırlayan bir şagird həm yaxşı nəticələr əldə edir, həm də istirahət üçün kifayət qədər vaxt tapır. Ona görə oyanan kimi ilk işim günümü planlamaq olur ki, günüm daha səmərəli keçsin.

Digər tərəfdən, vaxtın boşa xərclənməsi insanı həm fiziki, həm də mənəvi yorğunluğa gətirib çıxara bilər. Müasir dövrün ən böyük vaxt israfçılarından biri sosial mediadır. Saatlarla mənasız videolara baxmaq və ya lazımsız müzakirələrə qoşulmaq həm vaxt itkisi, həm də enerji bitkinliyi yaradır. Buna görə də sosial medialarda keçirdiyim vaxtı minimuma endirib əvəzində daha çox kitab oxumaq, yeni bacarıqlar öyrənmək və ya idmanla məşğul olmaq kimi məhsuldar fəaliyyətlərə vaxt ayırmağa çalışıram.   

Vaxtın düzgün idarə olunması həm də balanslı həyat üçün vacibdir. İnsan yalnız işləmək və ya oxumaqla deyil, ailəsinə, dostlarına və hobbilərinə də vaxt ayırmalıdır. Bu həm ruhən rahatlıq gətirir, həm də insanın daha motivasiyalı olmasına kömək edir. Vaxt bölgüsünə nəzarət etməyə başlayandan sonra həm ailəmə vaxt ayırır, həm də dostlarımla şahmat, futbol kimi sevimli oyunlarımı oynaya bilirəm. 

Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Buna görə də, hər zaman evimizi və ya öz otağımızı səliqəli saxlamalıyıq. Hər bir əşyamızın bir yeri olmalıdır ki, onu axtarmaq vaxt itkisinə səbəb olmasın. Bu mənim öz həyatımda yer ayırdığım ən önəmli nüansdır, çünki deyilənə görə otağımız öz beynimizin içini təmsil edir. Əgər otağımız dağınıqdırsa, bu beynimizdəki fikirlərin də qarışıq və işlərimizin plansız olması deməkdir.

Son zamanlara qədər universitet qəbul imtahanına hazırlaşmaq üçün özümdə inkişaf etdirmək istədiyim ən birinci bacarıq, zamanı idarə etmək qabiliyyəti idi. Çünki bir dəfə dərs zamanı müəllimimiz verdiyi tapşırığı yerinə yetirmək üçün bizə saniyəölçənlə vaxt təyin etdi, bir anlıq bütün bildiklərimi unudub, sadəcə zamanın axıb getdiyinə və bu zaman çərçivəsində heç nə edə bilməyəcəyimə dair həyəcana qapıldım. Nəticə mənim üçün heç də ürək açan olmadı, onda müəllimimin dediyi söz mənim üçün unudulmaz oldu: Zamanı idarə edə bilməyənlər həyatlarını idarə edə bilməzlər!

Bu zaman anladım ki, bütün məqsədlərimi və xəyallarımı gerçəkləşdirmək üçün ehtiyacım olan sadəcə çox çalışmaq deyil, həm də zamanı səmərəli istifadə edərək, onu idarə etməyi öyrənməkdir. Bunun izlədiyimiz bir filmdə çox daha yaxşı başa düşdüm.

"Vaxt" adlı bu film 2011-ci ildə çəkilmiş elmi-fantastik janrda olub, insan həyatının "vaxt"la ölçüldüyü distopik bir dünyanı təsvir edirdi. Bu filmdə hər kəsin qolunda bir sayğac var və bu sayğac onların həyatının sonuna nə qədər qaldığını göstərir. Pulun əvəzinə vaxt əsas valyutadır – işləyərək vaxt qazanmaq, yaxud vaxtı sərf etmək mümkündür. Bir növ insanlar vaxtlarını sərf edərək həyatda qalmağa çalışır, yemək və ya pul qazanırdılar. Əlbəttə, filmdə ən varlılar ən çox zamanı olanlar idi. Bu film mənə əslində zamanın nə qədər qiymətli olduğunu, zaman varkən görülə biləcək hər şeyi planlı və ardıcıl etməyim gərəkdiyini bir daha göstərmiş oldu. Çünki zaman bu dünyada geri dönüşü olmayan və əvəzedilə bilməyən yeganə sərvətdir.

Nəticə olaraq bunu demək istəyirəm ki, vaxtı səmərəli idarə etmək həyatımızın hər anını dəyərli etmək deməkdir. Biz vaxtımızı necə istifadə ediriksə, gələcəyimiz də elə formalaşır. Vaxtın qədrini bilən insanlar həm özləri ilə, həm də ətrafdakılarla daha harmonik bir həyat yaşayırlar. Hər birimiz vaxtımızı daha yaxşı dəyərləndirmək üçün addımlar atmalıyıq, çünki zaman həyatımızın ən qiymətli sərvətidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.