Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Dünyanın rənginin insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm. Bəzən bir əsarətdən qurtaran adam günəşi olduğundan daha sarı görür. Həyat bizi hansı rəngə yıxsa, biz də o rəngə düşüb qalırıq.
Əgər ömrümü rənglərə bölsəm, uşaqlıq dövründə gördüyüm səma indi çox dəyişib. Qəzəbdən çalxalanan dünyanı insanlar, insanları dünya rəngsiz edib. Həssas insan üçün zülm, zülmkar üçün gözəllik görünən hər şeydən bir az soyuyuram.
Doğmalıq ən isti rəngdir. Atamın ətri elə xoş rənglə içimə dolmuşdu ki, mən sevgini onun istisində kəşf etdim. İndi daha çoxdandır ki, o rəngləri görmürəm. Gözlərim bu dünyaya tordan baxır. Mən də hamı kimi rəngsiz axına düşüb gedirəm. İnsanların içindən boz bir tüstü çıxır və onların gözləri bu tüstüyə dözmür. Bəlkə insan gözünün bulanıqlığı vicdan rəngidir? Görəsən niyə belədir? Zamanla artıq rənglər də sehrin itirir. İnsan da bozarır, saralır. Dünya ən birinci onun rəngini əlindən alır, sonra qalan gözəllikləri. Ən dəhşətlisi o başını itirmiş axında başın ola-ola gəzməkdir, düşüncələrin rəngli olduğu halda, onu hər gün insanlar üçün boz rəngə çevirməkdir.
Yalnız mən hər dəqiqə bir rəngə düşən, hər şəraitə, hər rəngə çevirib aradan çıxan adamları da müşahidə edirəm. Onda qorxuram. Deyirəm: Ay Allah, Sən yeri-göyü, Dünyanı, insanı ol deyib yaratdın. Dünya böyük bir buqələmuna döndü, biz də onun içində çalxalanırıq.
Dünyanın rəngini insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm. Daha sevə bilmirsənsə, rəngini soldur, yaşa, harda qırıldı - qırıldı.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)