Kollec tələbələrinin hekayələri - “Naməlum əsgərin dedikləri" Featured

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Ayxan Məmmədlidir. Hekayəsini “Naməlum əsgərin dedikləri" adlandırıbdır. 

 

 

Bax budur. Yenə gəldilər. Səhv etmirəmsə bu onların dördüncü ziyarətidir. Onların hər ilin eyni günü və saatı gəlmək kimi ənənəsi varsa, mənim də bütün hadisələri eyni şəkildə yadetmə ənənəm var.

Qış idi. İsti peçin yanında ailəliklə oturmuşduq. Səhv etmirəmsə… hə hə, atamın ad günü idi. Əmilərim gəlmişdi. Atamla əmilərim söhbət edir, mən də onları dinləyirdim. Bilmirəm söhbət hardan gəldi düşdü mənə:

-Sən də qardaşın kimi həkim olmaq xəyalındasan?

-Mən, mən…

(əmimin bu qəfil sualı məni çaşbaş saldı)

-Yox, axı onun xəyalı hərbçi olmaqdır.

(atam yenə köməyimə çatdı)

-Hərbçi? Nə gözəl! Sən bizim ailəmizin fəxr mənbəyi olacaqsan!

Sonrası… sonrası yadımda dəqiq deyil. Nə yalan deyim, hərbçi olmaq istəmişəm, deyəmmərəm ki atamın istəyinə görə oldum. Amma mənim müəllim olmaq kimi də bir arzum mövcud olub.

Bir dəqiqə dayan! Onlar niyə belə tez getdi?! Axı onlar hər zaman bu soyuq daşa baş qoyub ağlayardılar. Bəlkə də qar yağdı deyə getdilər deyərdim, amma ikinci ziyarətlərində qar yağsa belə tez getməmişdilər. Bilmirəm, bəlkə də onlar da mənim kimi unutqandılar deyə, bura yenicə gəldiklərini unudub tez getdilər. Digər variantı düşünmək istəmirəm, bəli istəmirəm! Mənim ziyarətimə heç kim gəlmir, bunu anlayaram, axı mənim daşımda iki quru söz var. Hə, bir də 2 solmuş qərənfillə 1 bayraq. Amma onun - Teymurun (daşına Teymur yazıldığı üçün deyirəm) daşına adı, soyadı, ata adı, doğum tarixi, göylərə ucaldığı tarix, həyatı - yəni hər şeyi yazılıb. Hər şeyi məlum birini necə unudarsan axı?! Heyif, həm də çox heyif. Əvvəllər ziyarətinə gələnlərin sayı çox idi, hətta birinci ziyarətinə bütün şəhər gəlmişdi. Ümid edirəm, bu qəhrəman yoldaşı kimsə unutmaz, ziyarətinə gələr, yoxsa...

Axı o qəhrəmanın yeri bilinir!

  

Hörmətlə: Naməlum əsgər

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.