Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Yenə düşüncələri dəniz kimi dalğalanır, fikirləri eyni ilə ləpələr kimi qeyzlənir, coşur, lal qayalara şığıyır və bu sərt qayalarda haçalanıb pərən-pərən olaraq ətrafa dağılırdı. O artıq yığıb-yığışdıra, araya-ərsəyə gətirə bilmədiyi bu dağınıq düşüncələrinin əlindən yorulub sərsəfil olmuşdu. Bəzən əks düşüncələrinin, bəzən ağlıyla qəlbinin mübarizəsi arasında qalmaqdan üzülüb tamam əldən düşmüşdü.
Fikirlər Napoleonun ordusu kimi silahlanıb onun üstünə gəlirdi. Kaş kitelefonlar kimi insan beynini də sıfırlaya bilsəydi, lakin nə mümkün. Qaçıb yaxasını qurtarmaq istədiyi düşüncələr vicdanın əli kimi boğazına dolanıb onu boğur, bir an belə olsun rahatlıq vermirdi. Usanmışlıq duyğusuyla təfəkkür içində təfəkkür edirdi. Gələcək təlaşından, keçmiş iztirabından bu günümüzü yaşaya bilməyəcək hala gəlmişik. Axı niyə? Axı niyə keçmişin kölgəsi daim başımızın üzərini kəsdirir, axı niyə gələcək bir uçurumu xatırladır? Axı keçmişin gölgəsində daha nə qədər yaşayacağıq, axı işığa hələ nə qədər qaranlıq zirzəmilərin əlboyda pəncərələrindən baxacağıq? Keçmişin kölgəsindən qaçmağın, gələcəyi unutmağın bir yolu olmalıdır ya yox?
Axı niyə xoşbəxtlik sanki kəpənək qanadına qonub bizdən qaçır, toxunanda məhv olur? Axı niyə sanki Sizif əməyinə məhkum olmuşuq? Şəhriyar demişkən "Axı niyə səmərsizdi sənalarımız, niyə qəbul olmur dualarımız?"
Biz çox istəyərkən azdanmı olmuşuq görəsən? Ya bəlkə heç nə istədiyimizi hələ də öyrənə bilməmişik?
Beyninə dinclik verməyən bu suallar dağa-daşa çırpılıb əks-səda verən səs kimi elə hey təkrarlanıb cavabsız qalırdı. Bir dalğa kimi şığıyıb beyninin sahillərinə çırpılaraq növbəti cəhd üçün geri qayıdırdı. O, isə laqeyd baxışlarıyla izlədiyi üfüqdə sanki bu gün kiçik dalğalar halında üstünə şığıyan sualların bir gün sunami olub onu boğacağı, hətta bəlkə də bütün varlığını yuyub aparacağı günün qaçınılmazlığını görürdü.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)