Ölmək: sükutun əbədi ritmi -ESSE Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Ölmək – bir qapının arxasında unudulmuş köhnə mahnı kimidir. İnsanın həyatı səhər tezdən başlanmış və günəş batana qədər bitmək bilməyən bir rəqsdir. Amma o rəqs bir anlıq dayanır, ayaqlar yerdən üzülür və bir daha toxunmur torpağa.

 Ölüm – hər kəsin tanış olduğu, amma heç kimin dəqiq anlaya bilmədiyi bir sükutdur. İnsanlar deyir, o bir sondu. Amma bəlkə də ölmək başlanğıcdır. Su damlasının okeana qarışdığı, küləyin qovduğu yarpağın torpağa qarışdığı kimi... Ölmək, bəlkə də, bir damla işığın geniş bir qaranlıqla qucaqlaşmasıdır.

 Bəzən ölüm bir rəssamın son toxunuşu olur – hekayənin bitdiyi yer, amma izinin əbədi olduğu lövhədir. İnsan ölər, ancaq onun izləri, səsi, toxunduğu ürəklərdən silinməz. Hər bir ölüm, əslində, böyük bir sirrin qapısını açır. O qapının o biri tərəfində nə olduğunu isə yalnız ölümlə görüşənlər bilir. Ölmək həmişə qorxulu gəlir insana. Amma niyə? Çünki qaranlıq bilinməzlikdir. Amma bəlkə də ölmək illərlə daşınan ağır yüklərin yerə qoyulmasıdır. Yorğun bir ruhun dincəlmək üçün gecəyə qucaq açmasıdır. Səni ağuşuna alan bir ana, səni əbədi yuxuya çağıran bir layla...

 İnsan öləndə göy üzü kədərlənirmi? Bəlkə buludların arasındakı boşluqlar o kədərin göz yaşlarıdır. Axı ölüm təkcə gedənə deyil, qalana da yükdür. Hər bir itki sevgi ilə toxunmuş bir bağın qırılmasıdır. Amma bəzən ölüm gözəllikdir. Sönən bir şamın buraxdığı ətir kimi. Payızda yerə düşən yarpağın torpağa qarışıb ağac üçün gübrəyə çevrilməsi kimi. Ölüm – təbiətin ən səssiz, amma ən səmimi dövranıdır. Hər şey gec-tez başlanğıcına qayıdır.

 Bəlkə də ölmək heç vaxt tam yox olmaq deyil. Bir xatirəyə çevrilmək, bir ulduzda işıq olmaq, bir şeirdə nəfəs almaqdır. İnsan ölər, amma onun haqqında deyilən sözlər, yaddaşlarda qalan baxışları əbədi olaraq bir həyat forması alır.

 Beləliklə, ölmək bəlkə də insanın özündən başqa hər şeyə çevrilməsidir. Sən ölürsən, amma dünya sənə nəfəs aldırır – bir çiçəkdə, bir küləkdə, bir quşun qanad çırpışında... Ölüm son deyil, ruhun sərhədsizliyə qovuşmasıdır.

 Ramiz Rövşən ölümü öz fəlsəfəsi ilə ölümü belə təsvir etmişdir:

Bulud kimi ölmək
             bir yaz yağışında.
Ümid kimi ölmək,
             bir qız baxışında.

Bir yel qanadında
         yarpaq kimi ölmək
Bir qəbir altında,
          torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
             bir güldan içində.
Bülbül kimi ölmək
              bir hicran içində.

Bir səs kimi ölmək
             bir kar qulağında.
Bir söz kimi ölmək,
             bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...

                                                    

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.