İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Onun atası Abdulla Mabud oğlu Tahirzadə Azərbaycan Xalq Cumhuriyyətinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən xaricdə təhsil almağa göndərilən 100 tələbədən biri idi. O, 1896-cı ildə Oğuz (Vartaşen) rayonunun Xaçmaz kəndində anadan olmuşdu. İlk təhsilini Ağdaşda aldıqdan sonra parlamentin qərarına əsasən ali təhsil almaq üçün Türkiyəyə göndərilmişdir.
Qızı Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Dediyimiz kimi, atası həmin vaxt İstanbul universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir.
Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyiblər. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib.
1939-cu ildə orta məktəbi bitirən Nərmin xanım Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya girib. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgün edilib.
Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin xanımla anası isə "xalq düşməninin ailə üzvləri" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün ediliblər. Burada onlar Sovet həbs düşərgələrinin cəhənnəmini dirigözlü yaşayıblar. Atası 1953-cü ildə - Stalinin ölümündən sonra əvf edilib. Bir il sonra Nərmin xanıma və anasına Cambul şəhərində yaşayan Abdulla Tahirzadənin yanına getməyə icazə verilib. 1955-56-cı illərdə ailə üzvləri də bəraət alıblar.
N.Tahirzadə 1955-ci ildə Bakıya qayıdıb və Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə girib. 1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Nərmin xanım 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası" şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu- ekspozisiya planlarına əsasən təşkil edilib. 1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
Azərbaycan təhsil tarixinin mükəmməl araşdırıcısı, peşəkar muzey işçisi olan Nərmin Tahirzadə 50 ildən çox Milli Azərbaycan Tarixi Muzeyində çalışmış, ekskursiyaçıdan şöbə müdiri vəzifəsinədək əmək yolu keçmişdir. O, 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmiş, Əməkdar incəsənət xadimi, oğuzlu yazar Sara Nəzirova ilə yaxın rəfiqə olmuşdur.
Muzey işinə bütün enerjisini sərf edən N.Tahirzadə eyni zamanda XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. Bu məqsədlə o, başda Moskva və Leninqrad (indiki Sankt-Peterburq) olmaqla keçmiş SSRİ-nin Azərbaycanla bağlı sənədlərin saxlandığı, demək olar ki, bütün mərkəzi şəhərlərindəki dövlət arxivlərində çalışaraq olduqca zəngin material toplayıb. Bu materiallar əsasında o, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib və bu yazıların hər birini elmi ictimaiyyət yüksək dəyərləndirib. Məsələn, onun Hacı İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti haqqındakı məqaləsi qutqaşınlışünaslıqda tam yeni bir mərhələ sayılıb.
Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və b. ali təhsilli mütəxəssisimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib. Bu materiallar əsasında Azərbaycan tarixi muzeyində müxtəlif fondlar yaradılsa da, sərgilər keçirilsə də, məqalələr yazılsa da, onların bir çoxu indiyədək işıq üzü görməmiş qalır. Nərmin Tahirzadə AMEA Azərbaycan Tarixi Muzeyinin hazırladığı əksər elmi nəşrlərdə də yaxından iştirak edib.
Nərmin xanım ölüm ayağında bütün arxivini, irsini hörmətli professor Ədalət Tahirzadəyəbağışlamışdı. Ədalət müəllim isə həmin sənədləri Tarix Muzeyinin arxivinə təhvil vermişdir. Hörmətli Ədalət müəllim özü etiraf edir ki, həmin materiallardan “Azərbaycan təhsil tarixi oçerkləri”, “Azərbaycan Cümhuriyyəti (1918-1920) tələbələri” və “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitablarının meydana çıxmasında geniş istifadə olunmuşdur. (https://525.az/news/174084-nermin-xanim-tahirzade-arxivinin-taleyi )
N.Tahirzadənin Azərbaycanın təhsil tarixi ilə bağlı yazdığı məqalələr toplu halında 2009-cu ildə rus dilində, 2015-ci ildə isə Azərbaycan dilində nəşr edilmişdir.
2012-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)