Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Fatimə Cəfərovadır. Hekayəsini “Susmaq” adlandırıbdır.
Dünəndən bəri evdə olan sükut Suqranın atasının digər otaqdan gələn qəzəbli səsi ilə pozuldu. Yüksək səslə qışqıraraq təkrarlayırdı:
-Sənə deyirəm get...Get o qızını başa sal. Camaatın içində bizi biabır eləyir. Yığışdırsın uşaq-uşaq hərəkətlərini! Sənin böyütdüyün qız bundan artıq olmayacaq ki.
Ana çarəsizcə atanı sakitləşdirməyə çalışırdı. Bir az sonra səslər dindi, daha sonra Suqranın olduğu otağın qapısı aralandı, üzündən çarəsizlik oxunan ana qapını örtüb içəri girdi, bir müddət əyləşib səssizcə dayandı. Ananın gözləri fəryad etsə də, sanki dili damağı qurumuşdu. Bu sükutu Suqranın bir "ana" kəlməsi pozdu. Dərhal ana danışmağa başladı.
-Qızım, atanın sözünü yerə vurma.
-Hansı sözünü ana?
-Atan deyir, yığışıb evinə getsin ailəsinin, yoldaşının yanına.
-Ana hansı yoldaş?! Mənim o adamla heç kəbinim yoxdu.
-Qızım, vaxtı çatar olar, sən birazda da döz, səbr et.
-Olmur ana, olmur.
-Qızım, tərslik etmə, hazırlaş, axşamüstü səni də, uşağı da aparacıyıq öz evinə.
Suqra ağzını açmaq istəyəndə ana sözünü davam etdirdi.
-Mənim sənin gözündə bir nəbzə də olsa dəyərim varsa, səsini çıxartma.
Suqranın dilindən bu sözlərdən sonra bir kəlmə çıxdı:
-Yaxşı, ana.
Suqranı ər evinə aparıb qoydular. Üstündən 2 həftə keçmişdi. İyunun bir qızmar günü daha batıb yerini xəfif mehli axşama buraxmışdı. Suqranın atası ilə anası masa başında oturub axşam yeməklərini yeyirdi. Bir az sonra ataya zəng gəldi. “Xeyir ola" deyərək zəngi açdı. Atanın "alo" kəlməsindən sonra telefonun digər ucundakı adamın sözləri ilə atanın əli-ayağı boşaldı. Ana təlaşlanaraq ard-arda nə olduğunu soruşdu. Nə olduğunu bildikdən sonra isə bütün evi ananın fəryad bağırışları bürüdü. Fəryadlarının səbəbi qızlarının yəni, Suqranın öldürülməsi xəbəri idi. Suqra 2 həftə öncə aparıldığı ər evində əri adlandırdıqları o adam tərəfindən döyülərək vəhşicəsinə öldürülmüşdü.
Səhəri gün Suqranın cansız bədəni torpağa verildi.Torpağı hələ də qurumamış qızlarının məzarı başında ana və atası boynu bükük şəkildə dayanmışdılar. Birdən asta şəkildə atanın dilindən bu sözlər çıxdı:
-Niyə çağırmadın bizi, qızım?... Niyə susdun?
Anası dönüb nifrət dolu baxışlarla ərini süzdü, hıçqıraraq danışmağa başladı, səs tonundan içinin köz kimi necə qovrulduğu hiss olunurdu:
-Biz ona nə vaxt danışmağı öyrətdik ki?
Ata başa düşməyən nəzərlərlə baxarkən ana davam etdi:
-Uşaqkən ağladı, səbəbini soruşmadıq,
biz susmağı öyrətdik. Böyüdü, məktəbə getdi, fikirlərini səsləndirməyin,haqqını istəməyin hörmətsizlik olduğunu müəllimləri öyrətdi. Oxumaq eşqi ilə yanıb tutuşan yaşıdlarının son zəngi çalındı, universitetə yola salındılar, amma biz qızımızı öz əlimizlə torpağa verib, son mənzilə yola saldıq. Bizim qızımız döyülərək öldürüldü, biz ona susmağı öyrətdik. O bizim öyrətdiklərimizə əməl edib susdu. Bəs biz?...
Ata titrək səslə ağlamağa başladı.
Ana davam etdi:
-Mən inanmıram ki, bütün bu baş verənlərdən sonra son nəfəsimizə kimi bizim də vicdanımızın səsi susacaq.
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)