Kollec tələbələrinin hekayələri - “Bir gecədə param-param olan ailə” Featured

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Aytac Tağıyevadır. Hekayəsini “Bir gecədə param-param olan ailə” adlandırıbdır. 

 

Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım həvəslə  oyuncaqları ilə oynayırdı. Atamın işdən gəlməyinə az qalmışdı. Böyük sevinc və səbirsizliklə atamın yolunu gözləyirdim. O gələndə uzun zamandır istədiyim iti almağa gedəcəkdik. Anam mətbəxdən mənə səsləndi. Atamın gəldiyini düşünüb sevindim.

- Gəldim, anacan!

- Canım oğlum, əynini qalın geyin, get, çörək al.

- Anacan, atamla danışdınmı? Bu gün çox xoşbəxtəm. Axır ki, itim evə gələcək! 

- Əlbəttə! Gecikmədən get, gəl.

Əyinimi geyinib evdən çıxdım. Market evimizdən aşağdakı küçədə idi.

Blokumuzda yalqız yaşayan qoca nənə ilə baba vardı. Onların da nəyəsə ehtiyacının olub-olmadığını soruşmaq üçün qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. 

 

Marketdən çörəkləri alıb qonşuya verdikdən sonra evə getdim.

Atam evdə idi. Arzusunda olduğum itimi gətirmişdi. Qaçaraq özümü atamın qucağına atdım, sonra itimi qucaqladım. Çox qəşəng, ağ-qara, yumşaq tüklü it idi.

Anam süfrəni hazırladı. Hamı masa başına toplandı. Mən də itimi götürüb otağa keçdim. Hər kəs sevincli idi.

Birdən sanki göylərin yerə acığı tutdu. Evimiz silkələnməyə başladı. Dərhal hər tərəf çökdü. Özümdən ixtiyarsız “Ana!” deyə qışqıranda gözlərim yumuldu.

Gözlərimi açanda ətraf qaranlıq idi. Üstümdə ağır nə isə vardı, tərpənə bilmirdim. Ağzı üstə uzanıb torpağa baxırdım. 

Yadıma anam, atam, bacım, balaca itim düşdü. 

Nəfəs almağım çətinləşirdi. Çox ağlayıb-sızladım, amma nə səsim eşidildi, nə də ağrılarım azaldı. Güclə tutunmağa çalışdım. Çox yuxum gəlirdi, gözlərim yumuldu.

Bilmirdim, gündüzdür, ya gecə. Ac idim, çox susamışdım, tərpənə də bilmirdim. Bircə dua edirdim: Allahım, nə olar, yardım et, bir işiq göstər. Ailəmə kömək ol.

Elə bir hiss vardı, sanki günlərlə bu şəraitdə idim. 

Ayaq səsləri gəldi. Qışqırmağa çalışdım, amma torpaq ağzıma dolurdu. Çox gücsüz, taqətsiz idim, daşların altında ürəyim sıxılırdı. Səslər kəsildi. Ağlamağa başladım, göz yaşlarım torpağa qarşıb palçıq oldu. Aclıqdan sanki hər tərəfimə iynələr batırmış kimi hiss edirdim özümü. Çarəsizlikdən palçığı yeməyə çalışdım. Gözlərim yenə yumuldu.

Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşitdim. Allaha dua etdim ki, məni tapsınlar. Gücüm çatan qədər qışqırdım. Deyəsən, zəif də olsa səsimi eşitdilər. Nəhayət... Səslər yaxınlaşır, nəfəsim isə həyəcandan daralırdı. Etdiyim dua deyəsən  qəbul oldu. Allahım bir işıq göndərdi.

Tanımadığım insanların "Yardım edin, burada uşaq var!" sözləri sanki göylərdən gələn xilaskarların səsi idi. Axrır ki, məni tapdılar.

Xilaskar əmilər ehtiyatla üzərimdəki betonu götürərək məni torpağın altından çıxartdılar, qucaqlarına aldılar. Yenidən gün işığı görən gözlərim qamaşdı. Qarşımdakı mənzərə qorxu filmini xatırladırdı. Sanki dünya məhv olmuşdu, binalar yerlə yeksan idi. Ətrafdakı insanlar həyəcan içində, hərəsi bir yana qaçırdı. Məni xilas edənlərə gözü yaşlı baxaraq, ana, ata, bacı və itimin orada olduğunu dedim, yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış davam edirdi.

Digər tərəfdən bir ana ilə uşaq çıxartdılar. Ana balasını yaşatmaq üçün ona öz ağız suyunu vermişdi, lakin körpə elə qucağında can vermişdi.

Bəs görəsən, mənim atam, anam, bacım necədirlər? Onlar üçün ucadan ağladım. Başımdakı yara qanadı. Həkimlər başımı sarıyaraq məni sakitləşdirməyə çalışdılar.

Qonşudakı nənə ilə baba da tapılmışdı: baba nənənin canız bədənini qucaqlayıb ağlayırdı.

Dünya çox acımasızdır! Dua etməkdən başqa çarəm yox idi. Gözü yaşlı yuxuya getdim.

Bilmirəm, nə qədər yatdım, amma birdən yuxudan sevincək ayıldım. Hiss etdim ki, ailəm tapılıb. Qaldığım yerdən özümü çölə atdım. Elə o an gördüyüm mənzərə məni məhv etdi. Dizlərim üstə çökdüm, əsim-əsim əsərək ağladım. Atam, anam, bacım - hamısı ölmüşdülər.Artıq qaralmış dünyam lap zülmətə çevrildi. İndi mən nə edəcəyəm? Allahım, artıq mənim ailəm yoxdurmu?! Niyə axı? Nə olar, geri qayıtsınlar, məni tək qoymasınlar!

Dağıntılar üstündə boynu bükük oturmuşam. Həyat donub. Bircə ailəmdən mənə yadıgar qalan itim sağdır. Onu yanıma gətiriblər. İtimi möhkəm qucaqlayıb için-için ağlayıram. Gözlərimi açmaq istəmirəm. Beynimdəki fikirlər qarışıb məni boğur. Bu kiçik yaşımda bu böyük yükü necə daşıyacağam? Bundan sonra həyatım necə olacaq?Məni uşaq evinə aparacaqlar, yoxsa yad birinin ailəsində böyüyəcəyəm?.. 

Görəsən, bu hadisənin qarşısını almaq olardımı? Yaşadığımız binanın təməli daha möhkəm olsaydı, indi bu soyuqda yox, isti ailəmin qucağında ola bilərdimmi?.. 

Həyat çox qəddardır. Bir anda sevincimi fəlakətə çevirəcək qədər qəddar...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.