“Şükriyyə taleyim”in müəllifi Ülviyyə Tahirin doğum gününə Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün müasir Azərbaycan nəsrinin, xüsusi ilə də tarixi roman janrının ən sevilən simalarından biri olan yazıçı, tərcüməçi, tarixçi, araşdırmaçı, psixoloq, naşir Ülviyyə Tahirin doğum günüdür. 

 

Bu münasibətlə Ülviyyə xanımı səmimi qəlbdən təbrik edir ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Mustafayeva Ülviyyə Tahir qızı 15 noyabr 1980-ci ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Tarix və Azərbaycan Dillər Universitetinin İngilis dili fakültələrini bitirib. Bakı Slavyan Universitetinin psixologiya fakultəsində təhsil almaqla paralel, yaradıcılıqla məşğuldur.

Bir çox hekayə, roman, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.

Rəsulzadə “…şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq” deyirdi. Və bu gün o həqiqətlərin parıldamasına öz qələmi ilə xidmət edənlərdən biri də məhz Ülviyyə xanımdır. 

O, tarixi roman janrındakı əsərləri ilə  tariximizin ən qaranlıq dönəmlərinə xüsusi ilə də 1918-ci il soyqrımlarına və 1937-ci il represiyalarına işıq tutur.

Əminəm ki, bir çoxu bu əsərlərlə tanışdır. İstərdim tanış olmayanlar üçün bir qədər onun əsərləri haqqında danışım.

İlk öncə onu deyim ki, Ülviyyə xanımın qələmi ilə ilk tanışlığım bir neçə il bundan əvvəl  "Aljir" romanı ilə olmuşdu.

Və mən tarixi roman janrını məhz Aljirlə sevməyə başladım.

Əsər dırnaqarası vətən xainlərinin, yəni 1937-ci il Stalin represiyası qurbanlarının həyat yoldaşlarının göndərildiyi Akmola əmək-islah düşərgəsindən bəhs edir.

1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə 18000-dən yuxarı qadın toplanılmışdı. Bu qadınlardan 44 nəfəri də azərbaycanlı idi. Əsasən ziyalı olan bu xanımların içərisində  Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə, Fətəli xan Xoyskinin qızı Tamara xanım, uzun müddət Azərbaycan pedaqoji üniverisitetinin rektoru olmuş Münəvvər xanım da olmuşdur.

Bir günün içərisində ömür-gün yoldaşlarına vətən xaini damağası vurularaq özləri də doğmalarından zorla qoparılıb Akmola göndərilmiş bu xanımlar uzun illər boyunca Qazaxıstanın ucsuz-bucaqsız çöllərində çox çətin şəraitdə, ağır əməyə cəlb olunur, doğmalarının taleyindən xəbər ala bilmirlər və bu da kifayət deyilmiş kimi onlar burada iyrənc cəza və təcavüzlərə məruz qalırlar.

Müəllifin Aljirdən sonra işıq üzü görən “Şükriyyə taleyim” əsəri də olduqca təsirli idi. Əsər Aljirə göndərilən 44 azərbaycanlı xanımdan biri olan Şükriyyə xanım barədədir. 

Əhməd Cavad həbs olunandan sonra Şükriyyə xanımın önünə bir məşum kağız qoyub təklif edirlər ki, Əhməd Cavaddan boşanacağı təqdirdə onu Aljirə göndərməyəcəklər. 

Şükriyyə xanım "Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz, məni öldürün, bu kağızı imzalamayacağam" söyləyir. Və Əhməd Cavaddan boşanmamağın bədəli olaraq Şükriyyə xanım 8 il müddətinə Aljirə göndərilir.

O, Aljirdə keçirdiyi 8 il ərzində heç bir zaman öz məğrur duruşunu pozmamış, özünün və həyat yoldaşının namusunu qorumaq bahasına ən ağır mübarizə yollarını seçmişdir. “Şükriyyə taleyim” əsərinin adı da elə Əhməd Cavadın ona ithaf etdiyi, uzun illər öncə Emin Sabitoğlunun da musiqi bəstələsiyi eyni adlı şeirdən götürülmüşdür.

Kitabın möhtəşəm üz qabığı və əlfəcini haqqında danışmadan keçə bilmərəm. “Parlaq imzalar” nəşriyyatı tərəfindən böyük zövqlə tərtib olunmuş kitabın əlfəcini də məhz üzərinə Şükriyyə xanımın həbs nömrəsi olan 30024 rəqəminin həkk olunduğu bəyaz parçadır.

Bu iki əsərdən sonra məndə Ülviyyə xanımın qələminə böyük bir rəğbət yarandı, onun sadiq oxucularından birinə çevrildim və bütün əsərlərini mütaliə etməyə başladım.

Ülviyyə xanımın əsərlərində ən sevdiyim nüanslardan biri də onun özünəməxsus yazı tərzi, insanın ruhundan xəbər verən mövzu və sujet, obrazlarındakı doğmalıq, lüğət və mütaliə ehtiyatı, təsvirləri və bənzətmələrdir.

Onun "Ortaq şəhər" hekayələr kitabında yersiz ailə-məişət qayğıları, psixoloji, intellektual böhran, meqapolis fonunda çağdaş insanın çarəsizlikləri kimi problemlərə toxunduğu bir-birindən gözəl  sətiraltı hekayələr yer alır. Onu da qeyd edim ki, hekayə janrında qələmə aldığı bu əsərlərə görə onu bəzən Milli Çexovumuz da adlandırırlar. 

Ülviyyə xanımın “Səbat” nəşriyyatında işıq üzü görən 1918-ci il soyqrmlarından bəhs edən "1918-ci il Boz ay" kitabında bədii fonda  bir rus polkovnikinin məktubuna istinad edilərək 1918-ci ildə Bakı, İrəvan, Ərzurum və Ərzincanda baş verən soyqrımlara diqqət çəkilir. Bu əsərdə biz sözü gedən dövrdə bir rus polkovnikinin erməni xislətinin, ermənilərin alçaqlığı və vəhşiliyi qarsısında necə tək və aciz qalıdığının, onların vəşiliyini dəf edə bilmədiyinin şahidi oluruq.

Düzü, mən fərdi inkişaf kitablarını sevmirəm və müşahidə etdiyin qədəri ilə də əksər xarici inkişaf kitabları yerli oxucularımızın psixologiyası üzərində heç  təsirli olmur.

Lakin, Ülviyyə xanımın qələmini sevdiyim üçün onun  "Quyudan işıqlı dünyaya" adlı fərdi inkisaf kitabına da bir şans verdim. Və gördüm ki doğrudan da Ülviyyə Tahir qələmi bu kitabda da öz fərqini ortaya qoyub.  Əsərdə müəllif milli motivlər əsasında Məlikməmmədiin nağılının bələdçiliyi ilə

Azərbaycanlı kimliyimiz, onun necə formalaşması, bu yolda keçdiyimiz mərhələlər, motivasiya qaynaqlarımız və xarici inkişaf kitablarının niyə bizim psixologiyamız üzərində işə yaramadığını o qədər gözəl və zəngin bir dillə izah edir ki, mən kitabı bir roman kimi oxudum.

Müəllifin “Səbat” nəşriyyatında işıq üzü görə ən son və yenə represiya qurbanlarının taleyninə həsr olunan "Taxta məktub" tarixi romanını da ən qısa zamanda mütaliə etməyi səbrsizliklə gözləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.