Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Gecənin qaranlığında məni bir sükut bürüyür. Gözlərim ağır-ağır yumulur, amma şüurum yuxuya getməklə oyunda qalmağın sərhədindədir. Yatdığım anların hər biri bir labirintə çevrilir. Hər gecə gördüyüm o yuxular...
Ancaq səhər açılanda, o görüntülərin dərin mənasını, hətta varlığını belə unuduram. Sanki içimdə dərin bir fəryad gizlənir, səssizcə məni çağırır, amma mən onu heç cür duya bilmirəm.
Günlər keçir. Hər səhər yuxudan oyandıqda həmin görüntülərin heç birini xatırlamadan yeni bir günə başlayıram. Amma qəfil, heç gözləmədiyim anlarda sanki zaman mənlə oyun oynayır. Eynən yuxuda olduğu kimi, o mənzərə, o insanlar, o hisslər mənə tanış gəlir, sanki onları artıq yaşamışam. Bu anlarda ürəyimdə yüngül bir titrəyiş, dodaqlarımda qısa bir sükut yaranır: “Mən bu anı daha əvvəl yaşamışdım.”
Həyat, mənə əslində bildiyim, amma anlamadığım o sirləri fısıldayır. Alimlərin dediklərinə görə, beynim mənə sadəcə bir oyun oynayır. Bəzən beynimiz müəyyən anları saxtalaşdırıb keçmişdə yaşanmış kimi göstərir, deyirlər. Yəni mənim yuxularım, yaşadığım o qəribə deja vu anları sadəcə beynin yaratdığı illüziyadan ibarət ola bilərmiş. Amma mən bu sadə izahla yetinmirəm. Hər gördüyüm yuxuda sanki bir mənanı, bir “gizli mesajı” dərk etməyə çalışıram.
Beynim nəsə izah etmək istəyir, amma mən hər dəfə oyananda o mənanı itirirəm.
Bəlkə də bu yaşadığım, ruhumun dərin qatlarından yüksələn bir səslə əlaqəlidir. Sanki yuxular vasitəsilə iç dünyam mənə bir şeylər pıçıldayır, amma oyanarkən bu pıçıltılar sükuta qarışır, məni yalnız bir şübhə və xəyallarla baş-başa buraxır. Bütün bunlar, beynimin dərin qatlarında saxladığım və fərqində belə olmadığım hisslərin bir təzahürü də ola bilər. Freyd yuxuların şüuraltının qapısını açdığını deyirdi; bəlkə mən də bu yuxular vasitəsilə özümü dərk etmək üçün bir yol tapmalıyam.
Bəlkə də mənə həqiqətləri açan bir gündəlik lazımdır. Hər səhər oyandığım an bütün bu görüntüləri, qırıq-qırıq parıltıları kağıza köçürsəm, bəlkə də bir məna, bir səs taparam.
Hər detalla bu gizli labirinti açmağa bir addım daha yaxın ola bilərəm. Bəlkə də yuxularımda mənə tanış gələn üzlər, səslər və hisslər, gələcəyimin müəyyən bir hissəsidir. Mən onları yaddaşımda saxlaya bilsəm, bu mənaları daha dərindən dərk edə bilərəm.
Bir şeyi anladım ki, yuxular sadəcə gecənin səssiz görüntüləri deyil. Onlar məni mənimlə tanış edən, ruhumun səsini duyduran bir körpüdür.
Mənə yalnız bu görüntüləri dinləmək, onları dərk etmək və həmin anları yaşayarkən qorxmamaq qalır. Çünki həyatın mənə təqdim etdiyi bu sirli anlar, bəlkə də özümü kəşf etməyin bir yoludur.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)