Coşqun Xəliloğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat və incəsənət”
ÜLVİ RƏFAİL OĞLU RƏFİYEV
(16.08.1996.-25.10.2020.)
Ordubad şəhərində anadan olmuş, Bakı şəhərindəki 263 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Füzuli rayonu
Dəfn yeri: Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı
ÜLVİ KİMİ
Şəhidlər bir-birinə necə də bənzəyirlər,
Hər şəhidin həyatı şərəfli, mənalıdır.
Onlar uca məqamı əbədi bəzəyirlər,
Şəhid Vətən vurğunu, yurd-oba sevdalıdır.
Doğuldu Ordubadda, Bakıda yaşa doldu,
Ziyalı ailənin sevimli balasıydı.
Məktəbə yollananda fərəhləndi, şad oldu,
Rəfiyevlər nəslinin xoş səsi-sədasıydı.
Arzuları tükənməz, xəyalı dəniz idi,
ADNSU-nun tələbəsi olanda çox sevindi.
Adı kimi özü də saf idi, təmiz idi,
Daha çox çalışmağın zamanı çatıb indi...
“Gənclik” ansamblına yazdıraraq adını,
Səylə, məhəbbət ilə, həvəslə çalışırdı.
Dərslərə, rəqslərə verib qəlbin odunu,
“Dayanmaq olmaz”, deyib, zamanla yarışırdı.
Nə qədər tədbirlərdə “Gəncliy”in gözü idi,
Dərslərini də Ülvi əlayla oxuyurdu.
Dostların sevimlisi, söhbəti, sözü idi,
Hər birinin elə bil ürəyini duyurdu.
Ülvi ali məktəbi başa vurdu uğurla,
Diplom aldı, amma o, danışmadı qürurla.
Dedi, torpaqlarımız işğaldan olsun azad,
Yalnız onda sevinib yaşayarıq xoşbəxt, şad.
Ürəyinə dammışdı, haqq gələcək yerinə,
Necə şərəfli işdir Vətənə, elə xidmət,
Xidmətin başa vurub qayıtdı evlərinə,
Orada qazanmışdı Ülvi ehtiram, hörmət.
Vətən çağıran zaman oğulları haraya,
Ülvi də döyüşdədir, Ülvi yenə öndədir.
İgidlər bircə anda gəldilər bir araya,
Qaçan yağılara bax, bax, onlar nə gündədir.
Kəndlər, şəhərlər bir-bir düşməndən azad olur,
Füzulinin uğrunda döyüş oldu çox ağır.
Torpaq sahibin görüb, köks ötürür, şad olur,
Bu adi döyüş deyil, göydən od-alov yağır.
Ülvi qanlı döyüşdə aldı qəlpə yarası,
Bir anda zülmət çökdü, hər tərəf duman oldu.
Həkimlər çalışdılar, mümkün deyil xilası.
Köçdü xalqın qəlbinə, ölməz qəhrəman oldu.
Nişanlı idi amma, geymədi toy libasın,
Bu tale yazısıdır, yazını pozmaq olmaz.
Arzusu görmək idi Qarabağın xilasın,
Ülvi kimi mərdləri heç vaxt unutmaq olmaz.
14.11.2023.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)