Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verilir ki, noyabrın 26-da, saat 15:00-da Mirvarid Dilbazi Poeziya Məclisi ''Azərbaycan Kəlağayısı Günü''nü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnsitutunun dəstəyi ilə Qurban Abbasov adına Mədəniyyət Sarayında geniş konsert proqramı ilə qeyd edəcək. Konsert barədə bilgilər almaq üçün Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlıya müraciət etdik. O bizə aşağıdakı açıqlamanı verdi:
2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Beləliklə, 26 noyabr - Kəlağayı Günü kimi qeyd edilir. Bu əlamətdar tarixin bu il 10 illik yubileyidir.
Kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.
Olduqca zərif, göz oxşayan baş örtüyü- kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır. Elə bu səbəbdən də, Qurban Abbasov adına Mədəniyyət Sarayının səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək və konsertdə daha çox qədim baş örtüyümüz olan kəlağayıya həsr olunmuş bayatılar, şeirlər, mahnılar səsləndiriləcək, yaşı əsrlərə söykənən qədimi kəlağayılar və müasir kəlağayılar, kəlağayıya aid rəsmlər sərgilənəcək.
Kəlağayı bayramına hər kəs dəvətlidi.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)