Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Biri varmış, biri yoxmuş, insanların Cənnət adlandırdığı torpaqlarda Xarıbülbül adlı bir gül yaşayırmış. Onun Qarabağ adında dillərə dastan bir oğlu və on bir qardaşı var imiş. Qarabağa analıq edən bu gül övladı və qardaşları ilə ömrünün ən şən, ən firavan günlərini yaşayırmış.
Günləri ovçuluqda keçən bu igidlər həyatda namərdlik nədir bilməz, at belində, əldə qılınc yağı düşmənə qan uddurarmış. Gücünü Xarıbülbüldən alan igidlər onun ölməzliyini hiss edərək günü-gündən daha da yenilməz olurlar. İgidlərin ruhları saf, qəlbi təmiz olduğundan daim çirkinliklərlə qarşılaşırlar.
Günlərin birində yağı düşmən onların bu xoş günlərinə dözə bilməyib içindəki fitnəni daha da alovlandırır. Düşmən yaxşı bilirdi ki, Xarıbülbül ölərsə, igidlərinin qolundakı güc tükənəcək. Onu öldürməyin yollarını axtaran düşmən uzaq ölkələrdə yaşayan ögey atasının yanına yollanır. Xarıbülbülü öldürmək üçün ögey ata bir silah hazırlayır. Ucunda yanar qurğuşunlar daşıyan bu silah aləmə qorxunc səs salır və dəydiyi hər şeyi məhv edirmiş. Düşmən ögey atadan bu silahı alaraq sevincək yola düzəlir. Xarıbülbülü güdən düşmən onu su içərkən yaxalayır və ləçəklərinə atəş açır. Güllə səsinə Xarıbülbül çırpınaraq torpağa düşür və vurulduğu yerdə yuxuya gedir. Öz əzizinin öldüyünü görən igidlər də qollarındakı gücü itirərək ard-arda torpağa yıxılırlar. Elə həmin gün başlayır düşmənin toy-bayramı. Lakin Xarıbülbülün silah səsinə öldüyünü bilən düşmən unudur ki, o, torpaqda qaldıqca daha da güclənir, daha da məğrurlaşır. Beləcə, illər ötüb keçdi. Düşmənin öldü deyə düşündüyü Xarıbülbülün yaraları sağalmış, artıq torpaqdan baş qaldırmaq zamanı gəlmişdi. Bunu görən oğlu Qarabağ və 11 qardaşı sanki doqquz canlı olmuş, oyandığı torpaqlarda nərə salaraq düşməni iliyinə qədər qorxutmağa başlamışdı. Düşmən də bu illər ərzində boş durmamış, ən yüksək təpələri özünə sipər etmiş, onlara sığınmış və ögey atadan aldığı silaha arxalanıb kefdən qalmamışdı. Və o gün yetişmiş, hesablaşma anı çatmışdı... Sabah onlar arasında döyüş baş tutacaq və bu torpağın əsl qəhrəmanları bəlli olacaqdı. Cıdır düzündə baş tutacaq döyüşdə düşmən öz namərd silahına, Xarıbülbülün igidləri isə babalarından əmanət qalan torpağın onlara verdiyi mərd gücə arxalanaraq meydana atılmışdı. Döyüş başlayırdı. Düşmən silahının namərd səs-küyü bütün dünyanı bürüyür, qorxu və vahiməyə salır. İgidlər isə öz qoluna arxalanaraq əliyalın hücuma keçirlər. Qarşısına çıxan hər düşməni qartal kimi caynağına alıb Cıdır düzündən uçuruma tullayan igidlər tulladıqca içlərindəki yaraların ah-vay edən səsini sağaldırlar. Amansız mübarizədə düşməni göz açmağa qoymayan igidlər öz torpaqlarından düşməni ömürlük, iti qovan kimi qovurlar.
Bununla da şən günlər başladı.
Bürüdü aləmi Xarıbülbülün təravətli ətri. Ətri yayıldıqca ömrü uzandı. Ömrü uzandıqca əbədiləşdi, bu torpağa kök saldı, qırılmayan, incidilə bilməyən bir gül, bir bülbül oldu. Uzaq diyardan gələnlər gördü, görənlər bihuş oldu. Bu gün artıq dillərdə əfsanə olan həmin Qarabağ və on bir qardaş Xarıbülbülün torpağa kök salmış gövdəsində, unudulmayan ətrində, gözəlləşən ləçəyində yaşayır. Ora artıq bizim qürur mənbəyimiz, inanc yerimiz, isti beşiyimizdir...
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)