Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Bu gün Zəfər günüdür. Bu gün həm də Şuşanın şəhər günüdür.
Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı PƏNAHƏLİ xan tərəfindən qoyulub. Onun şərəfinə şəhərə ŞUŞA ilə yanaşı PƏNAHABAD da deyilib. 18-ci əsrdə ŞUŞA şəhəri AZƏRBAYCANIN ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük səddlər çəkilib, çoxsaylı sənətkar məhəllələri salınmışdı. Şəhər əhalisi Rusiya və İran tacirləri ilə ticarət əlaqələri qurmuşdu və nəticədə şəhərin, əhalinin rifahı günü-gündən yaxşılaşırdı. Hətta burada Pənahabad adlanan gümüş sikkələr də kəsilirdi.
ŞUŞANIN günü-gündən gözəlləşməsi bədxah qonşularımızdan olan ermənilərin iştahasını artırırdı. Şəhərə tez-tez basqınlar edilir, əhalinin malı talan edilirdi və bəzi kəndlər yandırılırdı. Ancaq hər şeyə rəğmən ŞUŞA camaatı ayaqda durmağa çalışırdı. 1988-1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi işləri kökündən dəyişdirdi və nəticədə 8 may 1992-ci ildə şəhər işğal edildi. Şəhərin işğalı nəticəsində 195 nəfərdən ibarət AZƏRBAYCAN vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə hər iki valideynini itirmişdi. Ümumilikdə isə 20.000-dən çox AZƏRBAYCAN vətəndaşı öz doğma yurdlarından didərgin salınmışdı. Əsir götürülən 58 nəfərin taleyi barədə bu günə qədər hər hansı bir məlumat yoxdu. ŞUŞANIN işğalı nəticəsində azərbaycanlıların tarixini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşudbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini tamamilə yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-marif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini,22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix muzeyini və Azərbaycan xalçaçılıq muzeyinin filialını və xalq tətbiqi sənət muzeyini, Qarabağ dövlət tarixi sənət muzeyini, turist bazasını, Qafqazda ilk və tək olan Şərq musiqi alətləri fabrikini dağıtmış, burdakı nadir sənət incilərini talayıb məhv etmişdilər. Şəhərin tarix muzeyinin 5.000-ədək əşyası Azərbaycan Xalçası Və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1.000-ədək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, müğənni Bülbülün, rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilmişdi.
Amma şər qalib ola bilməz!
Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi "Dəmir Yumruq" əməliyyatı nəticəsində erməni işğalçılarından tam təmizləndi. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən düşmən kapitulyasiya etdi.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində isə düşməndə qalan digət Qarabağ əraziləri də təmizləndi.
Əziz Şuşa, əziz Qarabağ, sən azadsan!
Daha səni heç kəs Azərbaycandan qopara bilməz!
"Ədəbiyyat və İncəsənət"
(08.11.2024)