Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Olduqca mükəmməl xanımdr. Onu təəccübləndirmək elə də asan deyil. İncə yumor hissi var. Hətta nəyisə tənqid edəndə, adama elə gəlir ki, zarafat edir. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə yalandır.
Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı özünü xoşbəxt sayardı. Düşündüklərini bəzən sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların pozulmadığı yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub, bəyəndiyi isə Azərbaycan mədəniyyətidir...
Deyir ki:- “Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan.
Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”
Xalq şairi Məmməd Arazın qızıdır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Hazırda “Ədalət” qəzetində baş redaktor vəzifəsində çalışır.
“Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm edə bilmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir...”- söyləyir.
Gözəl qələmi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də ayrılmaz dostdurlar.
Deyir ki:- “Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır...”
Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir.
“Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun. Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır...”- söyləyir.
Bəli, qarşılıqlı hörmət olmayan mühitdə yaşamağı bədbəxtlik hesab edən bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır. Onun “Facebook” sosial platformasında dodaqaçıran paylaşmaları isə bir başqa aləmdir. Bir də görürsən ki, elə bir fikir paylaşır ki, adamı həm güldürür və həm də düşündürür. Onlardan bir neçəsini sizinlə də bölüşmək istəyirəm:
“Gerçək- görünənlərin arxasında gizlidir...”
Və ya:
“Daxilindəki potensialın realizə olunmaması insani depressiyaya salan ən mühüm amillərdən biridi. Sosial şəbəkələrin bir təyinatı da budur- burda qışqırıb-bağırsınlar, asıb-kəssinlər, cızma qaralarını paylaşıb dahi olduqlarini fikirləşsinlər. Amma baxırsanki, yenə alınmır. Diqqət çəkən, diqqət mərkəzində olmağı bacaran yenə öndə gedir. Və kimsə də bundan qəzəblidi. İçindəki zəhəri tökməyə potensial gunahkar axtarır. Ağır dərddi doğrudan. Allah şəfa versin...”
Və ya da ki:
“Hansı tərəfə baxırsan bax; qeyri-peşəkarlıq peşəkar səviyyədədir.”
Noyabrın 9-u ömrünün 65-ci təntənəsini yaşayacaq. Ürəkdən təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)