STATUS YAĞIŞI - Özününküləri qoyub yadları sevənlərə ithaf Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar, bioloq alim Sadıq Qarayev üçün açır. 

Buyurun.

 

Mən çox dil bilməyin, xaricdə təhsil almağın qətiyyən elehinə deyiləm.

Ancaq xaricdə oxuyub, oxuyan, oralarla Azərbaycanı müqayisə edib, eyforiyaya qapılıb, bəzən  Azərbaycanımıza üstdən aşağı baxanlara bir tövsiyyəm var:

 

AZƏRBAYCANI və ÖZÜNÜ DƏRK ET.

 

Gedib gördün qoca qitədə var Motsard, Bax, dön Azərbaycana bax, Üzeyirin, Qarayevin var.

Hüqonu, Dostoyevskini oxumağınla öyünmə,

Nizami dəryası, Nəsimi dili, Füzulinin göylə yer arasında eşq aləmi var, özününkülər heç kimdən geri qalmırlar.

Dahi alimləri oxuyub ağız büzmə, Tusin, Lütfüzadən, Məmmədəliyevin var.

Dəniz kənarında xəyala dalma, Xəzərin var.

Çay qırağında çay axtarma, Kürün coşar, Arazın qəmli axar.

Başı qarlı dağlar görsən, heyfislənmə, Salvartın, Şah dağın var, Murovunda kəklik uçar, qartallar qıy vurar.

Ölkəndən doqquz iqlim keçər, hər cür çiçək, çinar, palıd bitər.

Demokratiya görəndə yaxşı bax, fikirən keçmişə ax.

Afrikanın, Amerikanın yerli sakinlərinin qan gölündə üzən gəmilər, hər şeyi yağmalayıb aparan əsrlərin insan quldurları.... Demokratların babaları.

Sənin azərbaycançılıq idealların var, bəşərin axtardığı yaxşılar, səmavi dinlərin göstərdiyi düz yollar orda var. 

Guya ki, mədəni cəmiyyət, rəftarlar görsən əldən getmə, ən layiqli, ləyaqətli, ali xalqın var, 

torpağına büləşdiyin Azərbaycanın var.

Heç bir bayrağa həsəd aparma, bayraqlara xalqların ruhu, mənəviyyatının aurası çökmüş. 

Üçrəngli bayrağının ətri, aləmi bürümüş, ucalığı şəhidlərin göy aləminə qalxmış. Ondan möhtəşəmi yox, ləyaqəti tarixindən çox.

Sev Azərbaycanın qum dənəsini, heç bir dəniz sahilində yoxdur,

Daşını sev, belə ağırı dünyada tapılmaz,

Qayasını sev, küləklərdən ovulmaz.

Adam ol, bəndə ol, vətəndaş ol Azərbaycanı sev, ona əyri baxma.

Havalı beyninin heç yerinə özgə bayraq taxma .

Azərbaycanda hər şey var, fikirən özgə qapılarında qalma, yalaxlara dolma.

Sev Azərbaycanı olduğu kimi, onun bizdən başqa kimi var?.

Adam öz bulağında damcı olar, öz daşında mamır olar.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.