Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Səpsərin payız günlərindən biri idi. Sərindən də betər, ayaz adamın içindən keçirdi. Anası Azalyanı bu soyuqda eşiyə çıxarmaq, bağçaya aparmaq istəmədi. Özü isə mütləq işdə olmalıydı. Azalya çox balaca olduğu üçün evdə tək qala bilməzdi. Ana ilə ata məsləhətləşdi, qərara gəldilər ki, bu gün Fariz əmi gəlsin, onlar işdən gələnədək Azalyaya nağıl oxusun.
Fariz əmi bu xəbəri eşidəndə çox sevindi. Oğulları Yavuzla Oğuzu da yanına aldı, yolüstü kitab mağazasından “Nağıllar”, “Tapmacalar”, “Yanıltmaclar” kitabları götürüb özünü Azalyagilə çatdırdı. Atayla ana qapıdan çıxan kimi, Fariz əmi uşaqlara “Sehirli kökənin nağılı”nı oxumağa başladı:
-Biri vardı, biri yoxdu, bir sehirli kökə vardı. Bu kökəni bütün uşaqlar dişləyirdi, amma o, həmişə bütöv olurdu. Bir gün şəhərin ən bacarıqlı şirniyyatçısı bu kökəyə mesaj yazdı. Ondan soruşdu: “Ay sehirli kökə, sən necə edirsən ki, heç azalmırsan, bitmirsən?” Kökə onun mesajını oxudu, güldü, sonra fikirləşdi ki, nəhayət, sirrini açmaq vaxtı gəlib. O, şirniyyatçının mesajına xüsusi cavab vermədi, hər kəsə açıq şəkildə status paylaşdı: “Mənim sehrim ondadır ki, məni balaca bir qızcığaz bişirib. Bişirərkən də xəyal edib ki, heç vaxt bitməyim, bütün uşaqlar məndən dada bilsin. Uşaqların xəyalları sehirli olur deyə, mən də sehirli olmuşam”.
Nağıl sona çatanda Yavuz qaş-qabağını tökdü, gözlərtindən yaş axdı. Oğuz da ağlamağa başladı.Azalya əmioğullarına təəccüblə baxır, onların niyə ağladığını anlamaq istəyirdi. Amma oğlanlar bir-biriylə yarışa girmiş kimi, dayanmadanağlayırdılar. Anbaan səsləri daha möhkəm çıxırdı. Fariz əmi çaşqınlıqla oğlanlara, sonra da Azalyaya baxdı. Pıçıldadı:
-Azalya, bu oğlanlar niyə ağlayır, görəsən?
Azalya çiyinlərini çəkdi, balaca əllərini yana açdı, yəni “mən haradan bilim, ay əmi? Mən ki oğlan deyiləm!” Fariz əmi başını buladı, sonra uca səslə dedi:
-Kiriyin ikiniz də! Tez!
Oğlanlar kiridilər.Fariz əmi onların ikisinin də göz yaşıyla islanmış yanaqlarından öpdü, başlarını sığalladı və soruşdu:
-Ay uşaqlar, adam heç durduq yerdə ağlayar? Niyə ağlayırsınız? Nə olub? Axı nağıl qəşəng idi.
Birinci Yavuz dilləndi:
-Ata, biz ona ağlamırıq ey! Biz də xəyal qururuq hər gün, amma heç bitməyən tortla bağlı xəyal qurmaq ağlımızdan keçməyib! Ona ağlayırıq!
Oğuz hirslə gözlərini süzdürdü:
-Yox, qaqa, mən ona ağlamıram! Mən xəyal qurmağa ərinirəm ey... Nəyimə lazımdır mənim sehirli xəyal-zad? Mən də heç bitməyən tort istəyirəm. Amma bilirəm ki, o nağıldakı qız kitabın içindən çıxıb gəlməyəcək, bizə bitməyən tort bişirməyəcək. Ağlamayım neynəyim bəs?!
Yavuzun təəccübdən ağzı açıq qalmışdı... Qardaşının xəyal qurmağa ərinməyi ağlına batmırdı. Axı o, hələ balacalıqdan hər gördüyü şeylə bağlı xəyal qurmuşdu, sonra bu xəyallarla yuxuya getmiş, böyüdüyü evi də, gəzdiyi küçələri də, hətta göy üzünü də xəyalları ilə rəngləmişdi. Məsələn, harada “K” hərfi görsə, Kamran əmisinin tezliklə onlara gələcəyini xəyal etmişdi. Ya həmin gün, ya da ertəsi gün xəyalı gerçəkləşmiş, Kamran əmi onlara gəlmişdi. Bəs qardaşı xəyal qurmasa necə olacaqdı? Qardaşı niyə belə ərincək idi ki? Ərinə-ərinə gəzəndə nə gözəllikləri görəcəkdi, nə də özündən yeni oyunlar uyduracaqdı...
Fariz əmi Yavuzla eyni fikirdəydi. Oğuza deməyə söz axtarırdı zehnində. Hansı sözü desə, bu balaca oğlan ərincəkliyi üstündən atacaq, xəyal qurmağa başalayacaqdı, görəsən? Ən əsası isə, uşaqların xəyalların gerçək olacağına inanması idi. Oğuzda bu inamı necə yaratmaq olardı?
Bu vaxt Azalyanın şipşirin səsi eşidildi:
-Mən bir şey fikirləşdim! Gəlin, birlikdə xəyal quraq!
Fariz əmi Azalyanın təklifinə çox sevindi, dedi:
-Hamımız əl-ələ tutaq, sonra xəyal quraq!
Yavuz sol əliylə Oğuzun sağ əlindən yapışdı. Oğuz sol əliylə Azalyanın sağ əlindən tutdu. Azalya sol əlini Fariz əmisinə uzatdı. Fariz əmi sağ əliylə Azalyanın sol əlindən, sol əliylə Yavuzun sağ əlindən tutdu. Yavuz dedi:
-Nəylə bağlı xəyal quraq, Azalya?
-Bitməyən tortla bağlı.
Fariz əmi azacıq düşündü:
-O tortu kim bişirəcək?
Oğuz şən-şən ayaqlarını yerə döydü:
-Bildim! Bildim! O tortu bizə Azalya bişirəcək! Axı bizim ailəmizdə həm balaca, həm də hamıdan çox xəyal quran qızcığaz odur!
Hamısı birdən gülümsədilər. Azalya dedi:
-Əlbəttə, mən bişiriəcəyəm! Amma onun, həqiqətən də, bitməyən olması üçün hamımız bir yerdə xəyal quracağıq! İndi əmi üçə qədər sayacaq, sonra hamımız gözlərimizi yumacağıq və bitməyən tortu xəyal edəcəyik!
Fariz əmi saymağa başladı:
-1...2...3...
Hamısı gözlərini yumdu. Hərəsinin xəyalında bir ayrı tort vardı. Yavuz şokoladlı tort xəyal edirdi, Oğuz içindən karamel axan tort. Fariz əmi qatları arasına banan dilimləri düzülmüş tortun heç bitməməsini istəyirdi, Azalya isə, xalası kimi, ballı tortun həvəskarı idi. Hamısı da sevimli tortlarının həmişə olmasını arzulayırdı. Arzular rəng-rəng qanadlar taxır, başları üstündə uçuşur, xəyal qəsrinin divarlarına hopurdu. O qəsrin ən uca qülləsində dünyanı gözəlləşdirən, insanların hamısına sevginin ən duru halını xatırladan uşaq gülüşü vardı. Haçan böyüklər uşqların gülməsinə səbəb olurdu, həmin gülüş qüllədən bəri axır, dünyanın başı üstündən tökülürdü. Hər şey gözəlləşirdi onda... Hər şey!
-Gözlərimizi aça bilərik! -Azalyanın səsi eşidildi.
Hamısı gözlərini açdılar. Oğuz tələsik dilləndi:
-Hə, Azalya, başlayırsan tort bişirməyə?
-İndi başlayarıq. –Azalya bunu deyib anasının iş masasına tərəf getdi; anasının ən çox payız mövsümündə vərəqlədiyi “Evdarlıq” kitabı orada idi.
-Başlayarıq? –Oğuz tərs-tərs əmisi qızını süzdü: -Biz niyə? Onu sən tək bişirməlisən! Nağıldakı qız tək bişirmişdi!
Azalya kitabı əlfəcin qoyulmuş yerindən araladı, ballı tortun şəklinə diqqətlə baxdı, sonra kitabı örtüb yerinə qoydu. Oğuzun yanından keçib mətbəxə yönələrkən dedi:
-Nağıldakı qızın Fariz əmisi, Yavuz və Oğuz kimi qaqaşları yox idi! Mənim var! Biz bir yerdə xəyal qurduq! Bir yerdə də tortu bişirməliyik ki, hamımızın istədiyi tort bitməyən olsun.
Fariz əmi gülümsədi:
-Uşaqlar, Azalyacıq düz deyir! Hamımız mətbəxə doğru!
...Axşamtərəfi atayla ana işdən gələndə Fariz əmini mətbəx masasının başında oturub Kamran Dadaşovun “Dünyamız uşaq gözündə” kitabını oxuyarkən gördülər. Masanın arxasındakı, divarın dibindəki enli divanda isə yan-yana üç uşaq yatırdı: Yavuz, Oğuz və Azalya... Üstləri una bulaşmışdı, yanaqları tortun kreminin rəngləndiriciləri ilə boyanmışdı- rəssamın palitrasına oxşayırdı. Balaca əllərində hərəsinin, ən azı, iki barmağı baldan, karameldən bir-birinə yapışmışdı. Qarışdırıcı, ləyənlər, içi yağlı, şəkərli, kremli fincanlar, yağlı bişirmə kağızları, elektrikli sobanın müxtəlif ölçülü siniləri mətbəxin hər yerində idi: masada, stullarda, divanın başında, soyuducunun qarşısında döşəmədə...
Bəlkə də, başqa uşaqların anaları, ataları bu mənzərəni görüb hirslənərdilər, amma Azalyanın anasıyla atası hirslənmədilər, sevindilər. Demək, uşaqlar yeni mətbəx əşyaları tanımışdılar, adlarını bilmədikləri əşyalarla dostlaşmışdılar. Fariz əmi onları görəndə kitabının arasına əlfəcin qoydu, ayağa qalxdı və pıçıldadı:
-Hə, indi siz bunlara nəzarət edin. Mən qaçım yaxındakı şirniyyat mağazasından şokoladlı, karamelli və ballı tort alım, gəlim! Oyananda yesinlər!
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)