Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir çoxumuz həyatımız boyunca daim nələrdənsə, kimlərdənsə nigaran olmuşuq. Biri bitər-bitməz, özünü yetirən başqa problemlər, necə olacaq təlaşları, hələ bunlar azmış kimi bir də həyatında problem olan və ya münasibətlərimzidə problem yaşanan, aramızda küsülülük, inciklik hiss edilən doğmalarımız və yaxınlarımızdan gələn nigarançılıqlarımız…
Sonra nigarançılığa adət etmiş insanlar kimi, narahatçılığa heç bir əsas yoxkən, hər şey qaydasında olan asudə vaxtlarda da artıq nigarançılıq gəlib çulğayır bizi.
Belə hallarda nədən nigaran olduğumuzu heç bəzən biz özümüz də bilmirik.
Lakin, illər sonra mən bu pəjmürdə duyğunun səbəbini anladım.
Belə hallarda, hətta nigarançılığa əsaslı səbəbimiz olduğu hallarda da bir parça biz, əslində, elə özümüzdən nigaran imişik..
Hamıya çatacaq qədər geniş olan bu dünyada biz özümüzə yer tapmadığımız üçün nigaran imişik.
Həyatın qələbəliyində heç cür aramlığa qovuşa bilməyən ruhumuzdan ötrü nigaran imişik.
Hər gün kimlərə görəsə nələrdənsə fədakarlıq etdiyimiz bu dünyada bir gün öz həyatımızı yaşaya bilmədən, özümüz üçün yaşaya bilmədən ölə biləcəyimiz ehtimalından nigaran imişik.
Daim bizdən yan gəzən, uzaqlardakı xoşbəxtliyimizdən ötrü nigaran imişik.
Martinin əlyazmaları kimi qəlbimizin bir küncündə qalaqlanmış və gün keçdikcə, bəzən azalan, itən, bəzənsə böyüyən, artan xəyallarımızın, kəpənək ümidlərimizin taleyindən nigaran imişik.
Özümüzə verdiyimiz sözləri tuta bilməməyin məhcubiyyətindən, arzusunda olduğumuz həyatı yaşaya bilməmənin hüznündən nigaran imişik.
Sevdiyimiz və inandığımız şeylər uğrunda verdiyimiz mübarizəmizdə bəzən rəqibimiz olan həyat qarşısında zəif düşməyimizdən, yorğunluğumuzdan nigaran imişk.
İnsanlarla dolu olan bu dünyada yalqızlığımızdan, bir istinad yerimizin olmayışından nigaran imişik.
Bir ip kimi boynumuza doladığımız günahların bir gün bizi boğacağından, içimizdəki qaranlıq və səssz boşluğun bizi udacağından nigaran imişik.
Bir gün sınıq-salxaq ümidlərlə yaşatmağa çalışdığımız arzulara çata bilib-bilməmənin əndişəsindən nigaran imişik.
Bizi unutmuş insanlarda necə unudulduğumuzdan, bizi sevən insanlarınsa bir gün unudacağından nigaran imişik.
Qırx yerindən qırılmış könlümüzün incikliyindən, həssaslığından,
ruhumuzda açılmış yaraların yaxşılaşmayacağından nigaran imişik.
Birtəhər yaşamağa çalışdığımız yıxıq-tökük, viranə dünyamızın bir gün başımıza uçacağından nigaran imişik.
Dünənində ilişib qaldığımız, peşmanlığını özümüzə yük etdiyimizdən bugününü yaşaya bilmədiyimiz günlərin sabahlarından nigaran imişik
Qəlbimizdəki həsrətin vüsalından nigaran imişik...
Sən demə biz əslində elə hey özümüzdən nigaran imişik.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)