Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzi günlərdə çox fikirli olsam da, tam olaraq niyə fikirli olduğumu bilmirəm. Elə bu hallarda mütləq başıma hər hansısa bir hadisə gəlir.
Dünən evdən çıxıb universtitetə gedəcəkdim. Çox vaxt magistratura dərsləri gec başladığı üçün işdən çıxıb birbaşa taksi ilə dərsə yollansam da, bu dəfə evdən çıxıb dayanacaqdan avtobusa minməyi planlamışdım. Dayanacaqda dayanıb avtobus gözləyən zaman fikrimin harada olduğunu bilmədən bir-birinə bənzəyən iki avtobusdan yanlış olaraq birinə birtəhər minib düz qapının kənarında dayanmışdım. Sumqayıtda 522 və 523 nömrəli avtobuslardan mütəmadi istifadə edən sərnişinlər bilir ki, bunlar elə bir marşrutlardır ki, oturmağı əsla ağlının ucundan keçirmirsən. Vəziyyət o qədər çətin olur ki, adam tanımadığı adamlarla qucaqlaşmağa məcbur olur adəta. Yerə iynə atsan tapılmaz misalının canlı şahidi olduğum bu avtobusda budəfəki yol yoldaşım iki yeniyetmə abituriyent qız oldu.
Elə iki dayanacaq yol getmişdik ki, sürücü yenidən qapını açıb sərnişinləri doldurmaq istəyən zaman bir xanım özünü basa-basa əlindəki veşləri bizə itələyib qalxmaq istəyəndə dilim dinc qoymayıb dedim :
- Xala görmürsən biz üç qız qucaqlaşıb dayanmışıq və mənim bir ayağım yerə dəymir? Hara soxursan özünü?
-Tərbiyyəsiz.
-Təşəkkür edirəm.
Veşləri ayağımın altından itələyib, səbrimin son həddində özümə dayana biləcək yer açıb sıxıldım küncə ki, sakitcə mahnıma qulaq asıb yolumu gedəm, şagirdlərdən biri əlimdən tutub yıxılmamaq üçün kömək istədi.
-Bacı, sənin nə qəşəng kirpiklərin var.
-Təşəkkür edirəm. Sən məndən də, gözəlsən.
- Sən oxuyursan bacı?
- Hə, oxuyuram.
- Bəs işləyirsən də?
- Hə, işləyirəm də.
- Aaa , bəs necə çatdırırsan ?
- Səhər tezdən işə gedirəm və işimi bitirib axşam magistraturaya gedirəm.
- Sən institutu qutarmısan onda ?
- Aha, qutardım və indi ikinci təhsilimə davam edirəm.
-Xoşun gəlir?
- Səmimi desəm, yoruluram, ancaq xoşum gəlir.
- Mən də universtitetə hazırlaşıram. Hüquqşünas olmaq istəyirəm, amma atam deyir ki, müəllimə ol .
-Məncə sən nə istəyirsənsə ondan da ol. Hədəflərin uğrunda çox çalış.
Bir- iki dayanacaq sonra qızlar mənimlə sağollaşıb avtobusdan düşdülər və qulaqcığımda həzin payız mahnıları ilə yoluma davam edirdim ki, gözüm qapıdan çölə sataşanda Xırdalanda yox, Sarayın ortasında olduğumu anlayıb, heç bilmədiyim bir məhəllədə düşməli oldum.
Dərsin başlamasına cəmi 40 dəqiqə var və mən hələ harada olduğumu da tam dəqiq bilmirəm. Sanki itən mən deyiləm kimi rahatca avtobusdan düşdüm və mənimlə birgə düşən qıza dedim :
-Səhvən 522-yə mindim, indi 523-ü haradan tapa bilərəm ?
- Gəl gedək mən səni magistral yola çıxarım oradan minə bilərsən.
- Səni yolundan etmərəm ?
- Yox, xoşdur. De görüm haralısan ?
- Bakılı, sən ?
-Aaa, "karinnoy" bakılısan ? Mən də, bakılıyam. Atam Biləcərindən, anam Coratdandır. Nə əcəb buralarda yerlimi tapa bildim.
- Bizimkilər də, Novxanıdandırlar. Uşaqlığım Sumqayıtda, Novxanıda keçib. Bakını universtitet illərindən tanımağa başladım.
- Mən də, Sumqayıtda kollec oxuyuram və 17 yaşım var. İstəyirəm bitirəndən sonra universtitet oxuyum. Səncə, oxumağa dəyər? Bəs işləmək necə? Pullu yer haradır? Eyni anda həm işləyib həm oxumaq alınan işdi görəsən? Sən niyə bu vaxtı 523 axtarırsan ki, işə gedirsən?
Sual yağışının ortasında qızın masmavi gülən gözlərini bərəldərək üzümə baxması həqiqətən məni qəribə bir həyəcanın içinə atmışdı. Özümü bu sualların hər birinə tam cavab verməyə məsuliyyət daşıyan biri kimi toparlayıb cavab verməyə davam etdim.
- Deməli belə. Bu qədər sual verməyin, bu qədər həyəcanın olduqca xoşdur. Özümdən misal çəkəsi olsam, mən də həm işləyib həm oxuyuram. Universtitet vaxtlarından bəri müxtəlif yerlərdə işləmişəm, könüllü , təcrübəçi, yarımştat işçi, hətta ingilis dili müəlliməsi belə olmuşam. Tələbə stipendiyası, çalışdığım mərkəzlərdən gələn cüzi aylıqlarla yola verməyi bacarırdım və inandırım səni ki, həyatın boyu çox yerdən çox pul qazana bilərsən, amma dişinlə, dırnağınla qazandığın o kiçik məbləğlər ən bərəkətli pullar olacaq. Ona görə tələsmə. Sənə hazırda magistratura oxuyan və 523-ü axşam dərsinə çatmaq üçün axtaran biri kimi az oxuyub çox öyrənməyi, araşdırmağı, yerində bir an durmadan müxtəlif fəaliyyətlərə qoşulmağı tövsiyyə edə bilərəm ancaq.
- Çox sağol. Dediklərini düşünəcəyəm. Yolumuza az qalıb.
-Biz 15 dəqiqədir yol gəlirik. Mən səni yolundan edirəm deyəsən. Bundan sonranı özüm tapa bilərəm.
- Əzizim, mənim evim avtobusdan düşdüyün dayanacaq idi. Məni yolumdan etmirsən. Gəzməyə bəhanə axtarırdım onsuz da.
-Aaaa, evinin ora olduğunu bilsəydim ümumiyyətlə səni yolundan eləməzdim.
-Dedim axı, xoşdur və yolun sonuna gəldik. Buradan sonra yolu keçirik və avtobusa minib gedirsən.
-Yolu özüm keçə bilərəm, gözəl gözlü qız. Mənimlə gəldiyin üçün təşəkkür edirəm. Səninlə tanış olmaq xoş oldu.
- Mənim üçün də, xoş oldu. Allah amanında.
Sağollaşıb yolu keçdim və avtobusa minib doğru yoluma yalnış yollardan çıxıb davam etdim.
Dünən ilk dərsə gecikdim və bu, mənim ilk gecikməyim deyildi. Bəxtimdən müəllim hələ yoxlama aparmamışdı deyə rahatca keçib yerimə oturdum.
Hər dəfə yollarda müxtəlif hadisələrin şahidi olur, müxtəlif insanları müşahidə edirəm. Bu hal artıq məndə vərdiş halını alıb deyə yolda itmək, harasa gecikmək çox vaxt məni məyus etmir. Bura qədər yazdıqlarımı oxuyub oxuduqlarınızı mənasız vaxt itkisi olaraq dəyərsizləşdirə bilərsiniz. İndi düşünün ki, mənim avtobusda rastlaşdığım şagird qız 9-cu sinifdə oxuyan zaman ata-anasına etiraz edə bilməyib hüquq fakultəsindən, vəkil olmaqdan vaz keçən mənim bir başqa həyatda öz ayağı üstündə durmağa çalışan halıdır. Yanlış yolda olduğumu bilib durmadan sual verən qız isə hələ nə istədiyini bilməyən, həm hər şeyə maraq salan, həm də, nəyə həvəsi olduğunu dərk etməyən, mənim əslində qarışıq yollardan sonra səlisliyə qovuşacağını anlayan bir başqa bədəndəki ruhum idi.
Həyat həqiqətən bumeranq kimi dönüb-dolaşıb peşmanlıqlar və yaşanmışlıqlar kitabını qarşımıza çıxarmağa davam edəcək. Bizlər yol ayırıcında azıb qalanlar olacağıq. Ancaq bir yerlərdə, əlbət, yolumuz aydınlığa çıxacaq, gerçəklər və yaşanmışlıqlar kitabı ilə kəsişəcək.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)