ROBOT YAZAR və ya bir təbrizli yazarın günü Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Dünən mobilində qurduğu zəngli saata əsasən gözünü açır. Həyat yoldaşı hər dəfə yataqda gözünü açmadan gərnəşir, mızıldanaraq deyinir: 

-O po... saatını iş vaxtına tənzimlə! 

Robot yazar cavabını vermir. Mobilindəki saatının zəngini dayandırır. Hələ saat 06:00-dır. Saat 08:00-da işdə olmalıdır. Yəqin onun bir saat yarım vaxtı var, gözünün zəhərini ala bilər. Amma...

Amma gecə saat 03:00-da klonazepam dərmanını atandan sonra zorla yuxu tutubdur, indi də həmin dərman iliyinə işləyib, bədəni yatağa yapışıb, oyanmaq istəmir və əlinin qabarları göynəməyə başlayıb, sanki üstünə Urmu gölünün duzunu tökübdürlər.

Saatını 07:30-a qədər beş dəqiqə fasilə ilə tənzimləyibdir. Floranın “Bilməzdim” adlı mahnısıdır. Flora nə qədər bağırırsa, ağlayırsa, ya mahnının ortasında zəngi dayandırır, ya da axırında mahnı bitərək zəng özü dayanır, dayanmadan da Flora yenə də növbəti saatlı zəngin tənzimləndiyinə görə oxumağa başlayır. 

Nəhayət, saat 07:30 olur. Robot yazar ayağa qalxır, bir gözü açıq, bir gözü də yarımaçıq ayaqyoluna gedir, əl-üzünü yuyur, aynada özünə baxır. Robot yazar qusmaq istəyir; istedadını, yazılarını, hətta yazar olduğunu... Qusa bilmir. Aynada özünə söz verir:

-Bu romanı başa yetirsəm, artıq heç nə yazmayacam. 

Belə deməyinə baxmayın, əziz oxucular, 20 ildir həmin sözü deyir, 20 ildir ədəbiyyatı boşlamaq istəsə də, ədəbiyyat Klonazepam kimi iliklərinə qədər işləyibdir. 20 ildir gecələr saat 03:00-a qədər intensiv şəkildə yazır, amma yazdıqlarını heç bir yerdə çap etdirə bilmir. Pulu yoxdur, gücü yoxdur, işlədiyini ailəsinin qarnına yedirdir, neynəsin?! Həyat yoldaşı 20 ildir ona deyinir:

-Ədəbiyyatı boşlamasan, səndən boşanacağam!

O, 20 İldir həyat yoldaşını xoşlayır, bəzən əsəbi olduğunu anlayanda ədəbiyyatla maraqlandığını gizlədir. Yatağa girəndən sonra, yoldaşının yatdığını yoxlayır, qalxıb otağına keçir, heç bir səs çıxarmadan yazır, oxuyur, fikirləşir...

Qızı Laçının anadan olduğu gündən bəri gözlərinin diplopiyası var. Robot yazar, bilmir qızının dərdini, yoxsa özünün dərdini çəksin. Uşaqlığında babasından eşitdiyi dastanlardan birini xatırlayir: 

“Günlərin bir günündə, Şah Abbas dürbünündə, toyuq yatıb ninində, yolçu Abbas sürgündə ikən şahın darvazaları açılır, bir kişi ağlaya-ağlaya darvazaları keçib şahın qarşısına gəlir, gözünün yaşını silmədən diz çökür. Şah qəzəblə “Yenə nə olub?” deyir. Kişi özünü toparlayır:

-Şah sağ olsun, mənim bir qızım var, anadan olandan gözləri hər şeyi iki görür, xəstədir. Başıma haranın daşını salacağımı bilmirəm. 

Şah, otaqda addımlayıb başını tovlayır. Sonra qayıdıb kişinin diz çökdüyü yerdə, başının üzərində dayanır:

-A kişi, 9 ildir ki, bura yol döyüb həmin sözü deyirsən. Bu arada mənim də bir qızım var, hər şeyi iki görür. Çarə tapa bilsəm, öz qızıma da taparam. 

Kişi bir müddət ağlayandan sonra ayağa qalxır. Gözlərinin yaşını silir, şaha üz tutur:

-Şah sağ olsun, sənin qızın xoşbəxtlikləri iki görür, amma mənim qızım bədbəxtlikləri iki görür! Mənim qızım ilə sənin qızının fərqi bundadır”

Bu dastana uşaqlığında gülərdi, amma indi hər dəfə xatırladığında başını aşağı salır, belini bükür. Robot yazar bir gün qızının yerinə keçmək, özünə baxmaq istəyir. Özünün necə göründüyünü bilmək istəyir. Qızı onu evdə iki yazar, yoxsa iki hambal görür? İki yazar görürsə, atası heç işə yaramayandır, amma iki hambal görürsə, yəqin atası çox pul işləyir, ona apacaq heç bir şeyi əsirgəmir!

Saat 08:00-dır. Avtobus iş yerinin qarşısındakı stansiyada dayanır, Robot yazar düşür, iş yerinə keçir. Axşam saat 18:00-a qədər külüng ilə yeri qazıb quyu suya çıxana qədər işləməlidir. Ayda qazandığı maaşı qızının doktoruna, dərmanlarına, yeyib-içməyə, puldan qalırsa da bir ədəd kitab almağa xərcləyəcəkdir. 

Öz ürəyində; işdən baş aça bilsəydi ədəbi dərnəklərə getməyini istəyir, amma iş qoymur, ev xərclərinin baha olmağı imkan vermir. 

Demək ədəbi dərnəklər də kapitalistlərin əyləncə mərkəzidir!..

Bəli əziz oxucular, Təbrizdəki yazarın durumu budur, bu isə nə bir nəsrdir, nə də ədəbi-bədii əsərdir, bu sadəcə bir yazarın deyə bilmədiyi gileylərdir. Bu bir yazarın həyatının illüziyasıdır, həmin qazdığı quyunun dibinə atılıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.