Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Qadın olmaq… Bağışlamaqdır tüm dünyanı hər rəngiylə…
Təkcə özündən başqa!
İnsanlar dünya yaranandan bəri, ölümdə sirr axtarıb həmişə. Ən böyük sirrin insanın doğuluşu olduğu unudulub. “İş və İşşa” hekayəmdə ODun unudulmağından yazanda mənə gülümsəyənlərin, tək qaldıqlarında ağladıqlarını bilirəm. Onlar da bildiyimi bilirlər… Mən də, onların bunu bildiyimi bildiklərini bilirəm… Sözlərim Soljenitsının sözlərinə oxşasa da, belədir.
Qadın olmaq…
Doğuluşun sirrinin adi bir şeymiş kimi danışılmasına vəsilə olmaq, ən böyük sirri öz təbəssümündə gizləməkdir. Və sonra dünyaya içindən üsyan etməkdir: “Mən sirli deyiləm, dünya! Var olduğumun fərqində olması üçün hamıya sirli kimi görünməliyəm!”
O üsyanları eşidənlər az olur. Onlar da susur… Susduqlarını bilirəm. Onlar da bunu bildiyimi bilirlər. Mən də bildiyimi bildiklərini bilirəm…
“Bilmək” qazanca deyil, əzaba bu cür çevrilir. O əzabın içində bir kişi qürurundan damlayan yağda qızaran bir qadın ruhu var. Dözənlər olur “qəhrəman qadın”, dözə bilməyənlər olur qorxaq. Ən yaxşı halda isə, sirli! Hə, görürsünüzmü, “sirli” kəlməsi necə xilaskarına çevrilir qadının?
…Dünyanın ən sirli qadınlarındandır Silviya Plat. Dünyanın ən üsyankar qadınlarındandır… Dünyanın ən sadə dillə danışan qadınlarındandır… Və də, anlaşılandır. Norma Cin öləndən sonra onun İQ-sünün Eynşteynin İQ-sündən yüksək olduğunu öyrənən dünya hələ də küləkdə uçuşan ağ donu, kartof kisəsindən hazırlanan məzəli paltarı xatırlayır. Amma onun oxuduğu kitabları, elədiyi ədəbi və ya siyasi söhbətləri xatırlamır. Nə dünyaya, nə də insanlara Norma Cin heç vaxt maraqlı olmadı. Dünya üçün ikonik məxluq Merlin Monro idi!
Silviyanın yeganə “günahı” özündən ikinci qadını “yarada” bilməməsi idi. Bəlkə də, “günah”ı onda deyil, şeirdə axtarmalıyıq. O şeir ki, uğrunda ölən olmur, əlində ölən olur. İndiyədək hamıdan eşitdiyim/oxuduğum bu olub: “Silviya sevirdi!” Amma kimsə onun haqqında Maqdalenanın haqqında deyilənləri demədi: “O, günahsızdır! O, sevirdi!” Çünki Maqdalenanın sonrakı taleyi naməlumdur, Silviya isə göz görə-görə intihar edib.
Mən Silviyanın əri Ted naminə intihar etdiyini qəbul etmirəm. Mən Silviyanın ən yaxın rəfiqəsinin hansı sözünün doğru olduğunu da bilmirəm. Hər halda, kimsə dəqiq bilmir ki, Silviya intihar edəndə Ted İspaniyada idi, yoxsa bir gün əvvəl Silviya ilə görüşməyə gəlmişdi? Bircə onu bilirəm ki, Silviya özündən qadın “yarada” bilmədiyi kimi, “ana” da yarada bilmədi. Uşaqları onunçün şeir qədər toxunulmaz ola bilmədi. Silviya bircə dənə idi! Və nə kainat, nə də dünya qadına “bir” olmağı bağışlayır…
“Qadın başlanğıcı” haqqındakı ilk məqaləm yayımlananda dəyərli Ənvər Börüsoy (ruhu şad olsun!) demişdi: “Sirri açırsan! Amma gözəl açırsan!” Nolar, bu da mənim “günahım” olsun… Mən özümü bağışlamağı öyrənmişəm ki, dünyayla sevgili olmağım Silviyadan uzun çəkib/çəkir…
Məncə, Silviya elə buna görə intihar etdi… Məncə, Silviya özünü güzgü ilə eyniləşdirib “zalım deyiləm mən” deyəndə çox yaxşı tanıyırdı içindəki amansız qadın qürurunu. Məncə, o amansız qürur qatili oldu Silviyanın…
Silviyanın intihar səbəbini qələmdaşlarımla müzakirə etməyə tələsməyim qənaətimin qeyri-qətiliyindən doğmurdu. Mən bu intiharı Silviyanın “Güzgü”sündəki “gölə əyilmək” kimi görürdüm. O göldə qələmdaşlarımın nə gördüyünü anlamaq istədim sadəcə…
Qulu Ağsəs (şair):
“O, elə əvvəldən depressiyadan əziyyət çəkib. Ola bilər ki, çox xoşbəxt, ola da bilər ki, çox bədbəxt bir ailədə doğulub. Maraqlı olan həmdövrlərinin sonradan onun intiharı düşünmədiyi barədə qeyd etdikləridir. Yəni Silviya intihar etmək istəməyib. Amma intiharı həyata keçirib! Niyə? Ən maraqlı məqam budur.
İkinci maraqlı məqam odur ki, ölməzdən qabaq uşaqlarına süd və şirniyyat verib, sonra gedib başını sobaya soxub. Bəzən adama elə gəlir ki, ana olan qadın daha heç vaxt zəif ola bilməz. Məsələn, mənim nəzərimdə, ana intihar edə bilməz. Şair də olsa, yazıçı da olsa, anadırsa, özü də körpə övladları varsa, intihar etməz. Uşaqları üçün özünü öldürər, amma özünü öldürüb uşaqlarını yiyəsiz buraxmaz. Bu məqamda onun müasirləri ilə razılaşıram: “O, intihar etmək istəməyib”. Sadəcə, ətrafındakıları qorxutmaq istəyib, o cümlədən, sevdiyi insanı. Amma nədənsə bu intihar baş tutub.
Bir də, məndə tərəddüd yaradan odur ki, ölməzdən qabaq uşaqlarını yedirib. Uşaqlarını yedirən, onları ac qoymayan ana… Sonra ölməyə gedən… Ürək ağrıdan, tükürpədici məqamdır. Son anda o, analıq borcunu yerinə yetirib.
Özündən sonra əsərləri ilə yanaşı, sonsuz suallar qoyub gedib. Məncə, bütün yazıçılar, şairlər nə vaxtsa intihara cəhd edir. İstedadından asılı olmayaraq, ucdantutma hamısı… Bu onların az qismində alınıb. Silviya da o az qisim qələm adamlarındandır”.
Xanım Anela (yazıçı):
“Silviya Platın intiharı, ümumiyyətlə, intihar mövzusu bir az qəliz məsələdir. Çünki heç kəs o an intihar edənin nə yaşadığını, hansı psixoloji hallar keçirdiyini bilə bilməz. Silviya Platın da şəxsi həyatı, psixoloji problemləri və yaradıcılığı arasındakı əlaqə bu qərarın arxasında duran səbəblər kimi izah edilə bilər.
Silviya Plat ciddi depressiyadan əziyyət çəkib, həyatının bir neçə dövründə psixoloji çətinliklərlə üzləşib və gənc yaşlarında bir neçə dəfə intihar cəhdləri də etmişdi. Platın 1963-cü ildə intihar etməsindən əvvəl yaşadığı şəxsi həyatında olan problemlər, o cümlədən əri Ted Hughes ilə olan problemli evliliyi də onun psixoloji vəziyyətinə təsir etmiş ola bilər. Platın şəxsi həyatı çətin və gərgin idi. O, tanınmış şair Ted Hughes ilə evli idi, lakin bu münasibət son dərəcə çətin keçirdi. Hughes-un Silviyaya qarşı xəyanəti və onların ayrılığı Platın emosional vəziyyətini daha da ağırlaşdırmışdı. Ayrılmaları və ailə münasibətlərindəki çətinliklər Platın psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərmişdi.
Platın yaradıcılığı onun daxilində baş verənləri, daxili dünyasını o qədər yaxşı əks etdirir ki… Şeirlərində tənhalıq, özünü dərk etmə və həyatın mənasızlığı kimi mövzulara toxunur. Məsələn, “Güzgü” şeiri, onun içindəki təlatümləri, daxili mübarizələri və zamanla olan qarşıdurmasını poetik şəkildə ortaya qoyur. Şeirdəki obrazlar (güzgü və göl) vasitəsilə Plat insanın daxili səyahətini, özünü axtarışını və öz kimliyi ilə qarşılaşmasını təsvir edir. Bu şeir Platın depressiya və özünü tanıma məsələlərinə necə dərindən bağlı olduğunu da nümayiş etdirir. Yaradıcılığında özünü ifadə edə bilsə də, bu onun üçün kifayət qədər çıxış yolu olmadı.
Plat çox istedadlı bir şair və yazıçı idi, lakin onun yaradıcılıq fəaliyyəti ilə bağlı da bir sıra çətinliklər yaşanırdı. Bəzən öz yaradıcılığına, yazılarına və uğurlarına qarşı şübhələri olurdu. O, bir çox yazar kimi, uğursuzluq qorxusu və təzyiq altında idi.
Təbii ki, tənhalıq hissi də öz rolunu oynayır, belə ki, Plat intihar etməzdən əvvəl iki uşaq anası olaraq tək yaşayırdı. O, təkbaşına uşaqlara baxır, yazıçılıq karyerasını davam etdirməyə çalışırdı, lakin bu yük onun üçün ağır idi. Qışın soyuq və qaranlıq dövründə, emosional və fiziki tənhalıq onun vəziyyətini daha da pisləşdirmişdi.
Bir dəfə onun “The Bell Jar” adlı avtobioqrafik romanı haqqında bir yazıya rast gəlmişdim. Orda onun ruh sağlamlığı ilə bağlı yaşadığı çətinliklərin aydın şəkildə təsvir olunduğu qeyd olunurdu. Silvia Platın intiharını şəxsi və ruhi çətinliklərin bir yerdə yığılmasının nəticəsi kimi qiymətləndirə bilərəm”.
Günay Səma Şirvan (şair):
“Silviya Plat ingilisdilli ədəbiyyatda “etiraf poeziyası”nın əsasını qoymuş amerikan şair və yazarıdır. Həyatı çox keşməkeşlidir. Son sözü əvvəl demək olmasın, elə ölümünə səbəb də yaşam tərzi, taleyi və ya talesizliyidir. 20-ci əsrin ən istedadlı gənc qadınının tərcüməyi-halını bilən hər kəs razılaşar ki, çətin uşaqlıq, avtoritetli valideynlər, sevgidə uğursuzluq, səhhət problemləri, ömür payına düşən sonsuz sınaqlarlar axır-əvvəl onlarla baş edə bilməməsinə gətirib çıxarıb. Elektroşok terapiyalardan sonra özündə güc tapıb ədəbiyyatda inqilab edən Silviya hesab edirdi ki, onun ən böyük bədbəxtliyi qadın doğulması idi. Plat hələ 60 il əvvəl tabuya yaxın çox kəskin mövzular qaldırırdı: intihar, özünə nifrət, ölüm, dağılmış, funksional olmayan ailədə anormal münasibətlər və s. Silviya dövrünü qabaqlamış şairdi, buna görə də tənqidçilərin də dediyi kimi, “50-ci illər mühafizakarlığının qurbanı” oldu. Həmişə həyatda öz yerini axtarmaq və total tənhalıq duyğusu Silviya Platın faciəli ömür hekayəsinin məğzidir.
P.S. Ölümündən sonra psixiatr Ceyms Kaufman qadın şairlərdə “sinir pozuqluğunun depressiv əlamətləri” xəstəliyini “Silviya Plat sindromu” adlandırmışdır. Silviya Platı oxumaq lazımdır; sinir pozuqluğunun depressiv əlamətlərinə yoluxmadan”.
Şahanə Müşfiq (yazıçı, jurnalist):
“Silviyanın “Göbələklər” şeiri depressiyanın insanı necə ələ keçirməsindən bəhs edir. “Görən yox bizi, Bizi dayandıran, bizi aldadan…”-deyə yazır ha, insanın ümidsizliyinin onu necə əsir etdiyini anladır. Bu misralarını oxuyanlar onun xilas olmaq cəhdini anlamaqda gecikməzdilər, əgər şeirin sonunda “Səhərlə birgə Miras qalır dünya bizə-Ayağımız astanada…”-deməsəydi. Hər kəsi, hətta ölümün özünü belə aldatdı Silviya Plat. Ölüm neçə dəfə əllərini uzatdı ona, amma Silviya ölümü sevmədiyini söylədi. Halbuki, yaradıcılığından da görürük, o, ölümün platonik aşiqi olub. Başqa sözlə, Silviya illərlə ondan qaçdığını düşündüyü sevgiliyə-ölümə qovuşmağa tələsdi.
Eşq bir dənədir, onu insan hansı istiqamətə istəsə, o yönə çevirər və “sonra” o yöndə davam edər. Həmin seçim nöqtəsində yalnız iki səmt ağacı var: “Həyat” və “Ölüm”. Silviya eşqinin yönünü ölümə çevirdi…”
Pərvanə Məmmədova-Kəlağay:
“Silviyanın intiharının arxasında Ted durur. O vaxt dəyərli şairimiz Fərqanə Mehdiyevanın bir müsahibəsini oxumuşdum. Demişdi ki, “Şair qızları elə şair oğlanlar alsalar, yaxşıdır”. Ümid idi bu sözlər. Fərqanə xanım ümid edirdi ki, şairlər bir-birini daha yaxşı anlayar. Amma burada bir məqam var: kişilik, yaxud qadınlıq şairliyin önünə keçirsə, ümid edilən anlayışdan söhbət gedə bilməz axı! Haqqında oxuduqca görürük ki, evliliklərində Tedin kişiliyi, Silviyanın isə şairliyi öndə imiş. Bu toqquşmada qalib gələn şair olmadı, təəssüf ki…”
Bəsti Məmməd (şair):
“Silviyanın faciəsi “Ata” şeirində əks olunur, fikrimcə. Onun intiharının əsası alman atasının qəddarlığı ilə hələ uşaqlığında qoyulmuşdu. Digər tərəfdən, bəlkə də, Silviya yanlış zamanda, yanlış yerdə doğulmuşdu. Bəlkə də, Silviya Almaniyada doğulsaydı, alman atanın davranışlarını “adi alman intizamı” saya bilərdi. Amma keçən əsrin Bostonunda bir qıza qoyulacaq o qəti sərhədlərə, ondan tələb edilən “keçmişə sayğı”ya yer yox idi axı… Ardınca da uşaqlar üçün əsərlər yazan Tedin uşaqlığı travma ilə keçmiş bir qadından anlayış gözləməsi gəlir ki, bu da sosial münasibətlər baxımından uçuruma uzanan yol idi. Və o uçuruma Silviya tək düşdü… Bizə qalan qələminin düşüncələrindən “oğurlaya” bildikləri oldu”.
…Hə, Silviya, gördünmü, intiharın min yerə yozulur hələ də.
Hə, bütün dünya “atalar və oğullar” məsələsini düşünərkən, ondakı tələbləri, xəyal qırıqlıqlarını araşdırarkən sən bütün dünyaya hayqırdın: “Atalar və qızlar” da var!”
Bir gün bundan da yazaram, xatirənə ehtiramla…
“Ədəbiyyat və incəsənət”
(28.10.2029)