Güldərən Vəli, “Ədəbiyyat və incəsənət” üçün
Hər şeyin ayrılığını yaşadı insan. Hər şeyin köhnəldiyini gördü... Hətta özünün də... Güzgülər gözəlliyimizi görməkçün deyil, hər gün köhnəldiyimizi görməyimiz üçündür, bəlkə də...
Bu köhnələnlər arasında özümüzü təzə saydığımız da çox oldu. Və təzələr köhnələrdən uzaq qaldılar...
Həmin uzaqlıqda dönüb olduq payız.
Ana təbiət deyirik ha, o ananın balalarına zülm edəndə utanırıqmı? Hə, güllər, çiçəklər, ağaclar, bir koma kəklikotu da təbiətin balasıdır. Hər baharda ana təbiət balalarını dünyaya bəxş edir. Güllər olur rəngbərəng, ağaclar çiçəkləyir, kəklikotuların ətri bürüyür dörd yanı. Sonra yay gəlir, ana təbiət övladlarının pardaqlandığının, meyvəsini verməyə tələsdiyinin şahidi olur. Ürəyi açılır, fərəhlənir!
Və sonra... Otbiçənlər gülləri eyninə almır, tapdayıb keçirlər yanından... Ağacların məhsullarını yığmağa tələsənlər əl atır, bir meyvə dərir, dişləyir, hələ tam yetişmədiyini görür, yerə tullayır... Odunçular meşədən quru ağaclarla yanaşı, ən hamar şüvülləri də kəsirlər ki, dülgərlərə satsınlar. Təbiət ana bunları seyr edir... Kədərlə... Ağrıyla... Və küsür.
Payız bir ananın küsməsidir, hə...
Payız balaların analarını anlamamasıdır, hə...
Yazda - rəngbərəngliyin təzə-tərliyində ana nə desə onu edən övladlar payızda can hövlünə təslim olur, ananı da unudurlar, özlərini də... Hə, özlərini də... Kim olduqlarını, analarının onları dünyaya niyə bəxş etdiyini, onları hansı yüksək missiyanın gözlədiyini görmürlər, təpərini itirməkdən qorxduqları canlarının dərdindən. Beləcə, sarı-qırmızı yarpaqlar can dərdi atılır budaqlardan.
Ana təbiət isə “mən deyən olmadı” təəssüfündən, xəyal qırıqlığından çox, “mən bunu bilməliydim” peşmanlığını yaşayır bir daha... Hərçənd, o son ümidlə də sarılır, üzünü tutur balalarına:
-Mən sizin “inqə” səsinizin ahəngindən anlayırdım nəyə ehtiyacınız olduğunu. Amma siz indi mənim dilimi - öz ana dilinizi anlamırsınız.
Bu da şikayət deyil... Bu da ana təbiətin peşmanlığıdır...
Hə, payız ana təbiətin peşmanlığıdır. Ondan o yana da deyil, ondan bəri də. “O yana”sı olsaydı, növbəti dəfə çiçək bəxş etməzdi bizə ana təbiət. “Bəri”si isə daha betər olardı! Elə qalardıq payızın ortasındaca-quru yurdda... Hə, şeirlər yazılardı, romantika yaşanardı, mahnılar bəstələnər, rəsmlər çəkilərdi, amma bir yerdə bunlar da tükənər, ümidlər ölərdi.
Peşmanlıq yaşanmasa, edilənlərin bir mənası qalmazdı. Mənasızlıq isə gözəllikdən uzaqdır. Gözəldir payız!
Küskünlük olmasa, umulanların bir mənası qalmazdı. Umulmazlıq insanı ətalətə sürükləyərdi. Hərəkətdir, davam etməkdir payız!
“Son” olmasa, “başlanğıc” olmazdı. Başlamamaq isə diriykən ölü olmaqdır. Yaşamaqdır payız!
Nəhayət, payızın kövrəkliyi olmasa, yaradıcı insanlar susardı. Şeiriyyətdir payız!
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)