GÜNÜN STATUSU-nda Narıngül Nadir

“Ədəbiyyat və incəsənət” tanınmış yazar, “Qobustan” dərgisinin əməkdaşı Narıngül Nadirin sosial media statusunu “Günün statusu” rubrikasında təqdim edir. Adi bir epizoda adi yanaşmadır. İnsanların kimliyini necə təyin etmək olar? Əlbəttə ki, öz hərəkətləri ilə verdikləri mesajın köməyi ilə. 

 

Metrodayam. 

Üzbəüz  oturacaqda bir kişi əyləşib. Əyninə bir qədər köhnə, amma səliqəli kostyum  geyinib, boynuna artıq dəbdən düşmüş uzun  qalstuk bağlayıb. Dizinin üstünə şişman bir qovluq qoyub.  Öz-özünə gülümsünür, bəzən qaşlarını çatır, alnını ovuşdurur. Tez-tez əliylə qovluğu sığallayır. 

Hərdən yanında əyləşmiş yaraşıqlı, gənc qadını süzür, gözləri parlayır. Sonra yenidən qovluğu sığallayır, gülümsünür. 

Zənn edirəm ki, bu kişi şairdi. Lənət şeytana.   Kişini müşahidə edirəm. Yox e, bu kişi şairdi, başqa cür ola bilməz. 

Bir qədər sonra kişi qovluğu açır, bir vərəq çıxarır, başlayır ürəyində oxumağa, sonra gözünü yumub nəsə  pıçıldayır. Hiss olunur ki, vərəqdəkiləri əzbərləyir. Vərəqi çevirir. Cəld qatlayıb qovluğa atır. Sonra nəsə fikirləşir, vərəqi çıxarıb pencəyinin döş cibinə qoyur.   

Lənət şeytana, bu kişi yüz faiz şairdi.  Vaqonda bunu məndən başqa heç kim hiss eləmir. Növbəti stansiyada qatardan düşürəm. Eskalatorla yuxarı qalxaraq düşünürəm ki, bu kişi qəflətən bir bənd şeir də deyə bilərdi, demədi. Buna da şükür.

Lənət şeytana, amma bu kişi yüz faiz şairdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.