Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2006-2012.
Biz ki Novruz gəlməmişdən 1 ay əvvəldən tonqal taxtalarını hazır edən, sözün əsl mənasında bayramı coşqu ilə qarşılayan uşaqlar idik. Qonşuluğunda olan hər kəsin dadına çatan hər işini yoluna qoyan uşaqlar idik. Hər şey möhtəşəm idi, ta ki modemlər, sosial şəbəkələr çıxana və uşaqların real həyatdan virtual həyata keçid etdiyi anadək.
Zamanında çəkilən "Uşaqlığın son gecəsi" filmi məncə elə 2006-2012-ci illər aralığında çəkilməli idi. Çünki məhz internet həyatımıza girəndən sonra dəyişdik və cılızlaşdıq. Zamanında dostlarımızla bir parkda, kafedə görüşər, halını soruşardıq. İndi isə whatsapp'la bir görüntülü danışırıq və hər şey onunla da bitir. Azərbaycan 2012-ci ildə EuroVision mahnı müsabiqəsinə ev sahibliyi əldə edəndən sonra həmən o saf, gülüşü gözəl uşaqlar yerini başı yolkaya bənzər, özü isə sırğalı "cavanlara" buraxdı. İndi harada hər şeyə rəğmən xasiyyətini və görkəmini dəyişməyən birini görsək bərk-bərk qucaqlayırıq.
2012~2016.
Vəziyyət getdikcə qəlizləşməkdə idi. Çox şeydən anlayışı olmayan, tək dərdi dizinin qanaması olan uşaqlar indi tamam fərqli məntiq və düşüncəyə sahib bir toplumla qarşı-qarşıya idi. Elə bu ərəfələrdə dadımıza 2016-cı ilin 4 günlük aprel döyüşləri çatdı. Və bəzilərimizin içində hələ də əsl insan qaldığına sevindik. Hər nə qədər qısa çəksə belə 1994-cü ilin Horadiz əməliyyatından sonrakı ilk hərbi qələbəmizə sevindik və bu, bizdə müəyyən dərəcədə sitimul və ayıqlıq yaratdı. Azad olunan ərazilərimizə nə qədər baxıb sevinirdiksə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ bir o qədər üzülürdük.
2016~2020.
Aprel əməliyyatlarından sonra ölkədəki abu-hava əvvəlki vəziyyətinə qayıtmağa başlayırdı. Yenə sırğalı "kişilər" və yenə də başı kraskalı "cavanlar".
Bəzilərimizin ağlında bir düşüncə var idi "bir bəhanə ilə bu ölkəni tərk etmək lazımdı". Çünki müharibə şəraitində yaşayan və 1.000.000-dan artıq qaçqını və minlərcə şəhidi olan bir millətin bu cür "insanlarla" rastlaşmağı ağır mənzərə idi. 2020-ci ildə imdadımıza bu dəfə COVİD-19 virusu çatdı. İnsanların sürətli şəkildə ölümü və virusun sərt dalğası AZƏRBAYCANDAN DA yan keçmədi və nəticədə quru sərhədləri bağlandı. Azad yaşam yerini 81:03 icazə tarifinə buraxdı. Bu virusun yayılması yenə də özümüzə müsbət təsir etdi. Gözlərimiz bir müddətlik də olsa "yolkalı insanları" görmədi. Manqol hökmdarı Çingiz xanın bir sözü var, deyir ki "əgər Türklər ayağa qalxsa cəhənnəmdə şeytanı əsir alar", millətimiz və ordumuz bu misala sadiq qaldı və 2020-ci ilin sentyabr ayında içimizi çürüdən və günü-gündən bizi geriyə çəkən erməni vandalizmi izlərinin sonunu gətirdi. 44 gün çəkən Vətən müharibəsi noyabrın 10-unda Ermənistanın ağ bayraq qaldırması ilə bitdi və 30 ilə yaxın ATƏT-in edə bilmədiyini "DƏMİR YUMRUQ" etdi.
Bəli, tam-tamına 30 illik həsrət bitmişdi. Çox əziyyət çəkdik, çox ŞƏHİD verdik, amma sonunda içimizdə qanqren olan bu yaranı kəsib atmağı bacardıq. Bütün dünyanın qaçıb gizləndiyi qapanmalara səbəb olduğu COVİD-19-un belə bizim vətən eşqimizi sınamağa hünəri çatmadı.
2020~2025.
Bu şanlı qələbənin ardından ordu quruculuğu qaldığı yerdən davam elədi. Ermənilərin dinc dayanmadığını görən xalq və ordu birliyi yenidən işə düşdü. "DƏMİR YUMRUQ" 2023-cü ildə ermənilərin bir daha başını "partlatdı" və üzərində ŞƏHİDLƏRİN qanı olan şanlı bayrağımız XANKƏNDİDƏ, XOCALIDA, cəmi QARABAĞDA dalğalandı.
Hərşeyi qoyaq bir kənara, ən azından ŞƏHİDLƏRİMİZƏ xatir sırğadan, kraskadan çıxıb kişi kimi, insan kimi yaşayaq.
Fikirlərimi bir misra ilə bitirirəm: "İnsan deyilən varlıq əgər bilsə insan sözünün hikmətini, bilsə insan nədir, insan deməz insan özünə"
ALLAHIN yaratdığı vücudu şəkildən şəkilə salmayaq. Nədə olsa o biri dünyada nə başımızda saç rəngi, nə də qulağımızda sırğa olacaq.
"Ədəbiyyat və İncəsənət"
(21.10.2024)