Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Oğuz təmsilçisi
Gədəbəyin Söyüdlü kəndindən üzü Qız qalasına tərəf yol başlayarkən sağ tərəfinə baxan yolçu sıralanan hər dağın yamacında bir gözətçi qülləsi olduğunu görər. Kəndin Gədəbəy şəhərinə tərəf səmtində isə yeddi qalaçadan biri var. Qəribədir ki, qədim yaşam ənənələrimizdən olan qalaçaların hər birinin aşağısında mağara var. O mağaralar təbiidirmi, yoxsa insan əliylə yaranıb, bilinməz... Sirri-tarix budur, məncə...
Şair o sirri axtarandır bəzən. Bəzən də axtarmağa ehtiyacı olmur heç, sirr özü ona pıçıldanır. Pıçıldayanı Tanrı bilər! Çünki o pıçıldanan təkcə sirri-tarix deyil, həm də, sirri-kainatdır!
Karel Çapekin bir hekayəsi var. Qəhrəmanı şairdir. Küçədə baş verən cinayət hadisəsini polis şairin şeiri ilə açır. Mirzə Fətəli isə Hacı Nurunun nuxululara lazım olmadığını ağrıyla dilə gətirmişdi. Halbuki, əsərin sonunda hamımız şairin haqlı olduğunu görürük. “Quzğun” şeiri ilə ədəbiyyat zirvələrindən birini fəth etmiş Po`nun hekayəsindəki şair dünya ilə məzələnir. Xülasə, şair dünyaya boyun əymir. Bu mənada, şeirlər üsyanımızdır.
***
Şəkidə gözəl bir şair var, ədəbi imzası Kəlağayı. Şeirlərində Şəki də var, Azərbaycanımız da, dünya da. Nəsri də xülyalıdır; oxuduqca qədim Nuxanın küçələri boyunca sirri-tarixin izinə düşürsən sanki. Sətirlərdə özü var, misralarda səmalara pərvazlanan ruhu var Pərvanə Məmmədova-Kəlağayının.
Məmmədova Pərvanə Şirəli qızı 1978-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı məktəbdə alıb. Ruhundakı incəlik onun 7 il fortepiano təhsili almağının səbəblərindən idi. Şəki Tibb Kollecini fərqlənmə diplomu ilə bitirən Pərvanə Məmmədova daha sonra Sumqayıt Dövlət Universitetinin “Kompüter texnikası və texnologiyaları” fakültəsində təhsil alıb. Hazırda Şəki Tibb Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri vəzifəsində çalışır.
Pərvanə xanım üçün insanın ictimai vəzifəsi təhsil almaqdan başlayır. Xatirələrində ilk müəlliminin xüsusi yeri var:
“İbtidai sinif müəllimim ən yaxın qonşum olub. Səmayə Əfəndiyeva 45 il müəllimlik fəaliyyətində hər kəsin rəğbətini qazanmışdı. Ona şeir də ithaf etmişəm. Ədəbiyyata sevgimə görə, ruhunu ehtiramla yad etdiyim Azərbaycan dili müəllimimə-Zülayə müəllimimə borcluyam. O qədər maraqlı dərs keçərdi ki! İnşa müsabiqələrinə qatılmağımız üçün bizi həvəsləndirərdi. Yazmağı mənə sevdirən olub Zülayə müəllim. İlk şeirimi də bir inşamın içərisində yazmışdım”.
...Günlərin bir günü qızılgül tikanlarından birinin üstündə titrəyən şehə deyir:
-Bu qədər ləçəyim, yarpağım var, sən gəlib tikana sığınmısan. İndi orada yerin bərkiməsə, sürüşüb düşsən, sonra kimi günahlandıracaqsan?
-Ləçəkdə, yarpaqda rahatca yayxanmağa nə var ki?! Hünər tikana sığınmaq deyilmidir? –deyə cavab verir şeh.
Şeir bəzən tikana sığınmaqdır... Pərvanə xanımın şeirlərində gözəlliyin mövcudiyyəti elə bu cürdür: hər şeydən fərqli, yalnız özünə hesab verən, yalnız özündən səbəb soruşmaq hünərinə malik!
Nə yaxşı ki, günəş var, göy üzündə közərmiş,
Bir ümid olan yerdə hər kəs yükə dözərmiş...
“Bulud” şeiri
Yaradıcılığının ilham mənbəyinin gözəllik olduğunu elə qərib, elə kövrək əhvalla dilə gətirir ki, Pərvanə xanım, onun şeirinin bu dünyaya miras qala biləcəyinin qətiliyi keçir insanın ağlından. Hə, şeirdən də miras olur. Ölçüsüz mənəvi mirasdır şeir... Sərhədsiz dünyadır. Və şair üçün bütün sərhədləri qırmaq sərbəstdir. Çünki o, kainatın xəyali yolçusudur.
...Pərvanə xanımın Şəkidə ən sevdiyi məkan qala divarlarının əhatələdiyi o kiçik ərazidir ki, orada gəzinəndə sirri-tarixin qəvvası olur şair ruhu. Biz, adətən, zaman və məkan anlayışı ilə danışır/anlayırıq. Diləgəlməz həqiqət isə zamanı, məkanı önəmli edən bəşər düşüncəsidir. Düşünə bilənlərin geridə qoyduğu bir dünyada kimsə yaşamaq istəməz. Düşünməyi unudanlardan kimsə mədəd ummaz. Düşünməyə ərinənlər düşüncə döngələrində azıb qalanlardan daha yaxşı yaşaya bilərlər, daha ucada ola bilərlər maddi baxımdan, amma insanın düşüncəsi zəngin deyilsə, çoxqatlı, çoxrəngli deyilsə, ondan bəşəriyyət fayda görməz! Və insanın ictimai vəzifələrindən ikincisidir bəşəriyyətə gərəkli olmaq!
Pərvanə xanım gözəl oxucudur. Nağılları çox sevir. Nağıl-nağıl yaşayır dünyanı-insan olmağın, şair olmağın, ana olmağın, müəllim olmağın nağılları var ömür sarayının divarlarına hörülmüş. “Biri var”, həmişə... “Biri yox” gerçəkliyinə gülümsəməkçün “biri var” əvvəlcə deyilir. Bir də, Nosovun “Bilməz” obrazını unutmur Pərvanə xanım. “İçimizdəki uşaq” deyirik ha, ya heç böyümürüksə? Ya elə həmişə uşağıqsa? Sadəcə, təcrübəmiz artır, həyatı rəng-rəng tanıyırıqsa, bu, böyüməkdirmi? Məncə, daxilən böyümək ən gözəlidir. Və o daxilimizdə böyüyən ömrümüzün son gününədək həyatdan nəsə öyrənən uşaqdır elə. Yoxsa dəfələrlə yıxılmazdıq “dost” adlı məhəccərlərdən, dönə-dönə xəyanətə uğramazdıq “sevgi” adlı daşlı-çınqıllı yolda. Və özümüzə tapdığımız o ən böyük təsəllini dilimizə gətirməzdik: “Adı üstündə: HƏYAT!”
Macərapərəst Bilməzlə Tahir Kazımovun “Qisas” əsərindəki Zülfiyyə eyni ürəkdə eyni sevgini qazana bilərmi? Bəli! Ədəbiyyat təzadları iliyinəcən yaşada bilməkdir oxucuya. Budur ədəbiyyatın qüdrəti və var olma səbəbi! Pərvanə xanımın ən sevdiyi iki obrazdır Bilməz və Zülfiyyə...
Xalq rəssamı Elmira xanım Şahtaxtinskayanın “Məhsəti Gəncəvi” əsərini çox sevdiyini deyən Pərvanə xanım əlavə edir:
“Yüksək bədii dəyərə malik bu əsərdə rəssam həm də mənsub olduğu xalqın minillik mədəniyyətinə olan sevgisini və sayğısını ifadə edib”.
Pərvanə xanım üçün sənət, xüsusən də, ədəbiyyat o zaman qalibdir ki, ona dəyər verənlər, daha doğrusu, ədəbiyyatın qədrini bilənlər ona sahib çıxsın, arxasında dursun, sənət yaşasın deyə fədakarlıq etməkdən çəkinməsin.
Qadın yazarlar ədəbiyyatın ən ağrıyan yeri olub həmişə... Bu ağrını görən, yaşayan bunu deyirsə, inanın. Bir şeirimdə demişdim:
Saxla, şair, o yolçunu,
Yolu qəlbimdən başlayır.
Qadından şair olanı
Eli-obası daşlayır...
Yox, Azərbaycan mədəniyyəti heç vaxt qadını daşlamayıb. Ümumiyyətlə, qadına daş atılmayıb mənim bu gözəl ölkəmdə. Fəxarətimdir! Amma o daş ki, söz şəklində gəlib ruhumuza dəyib ha, göynəyi bir ömür daşınanlar var. Daş olub daşınmaq da sözün taleyi imiş... Daşa dönən o sözün ağırlığı qadın yazarları ədəbiyyatın ağrıyan yeri edib. Bu gün ümumbəşər dəyərlərdən sayılan Aqata Kristi də ağrıyıb zamanında, Ceyn Austin də... Və mən Austinin Bronte bacılarının kölgəsində qalmağını tarixə bağışlaya bilmirəm. Emma Ceyn Eyrdən min dəfə, milyon dəfə mükəmməl ədəbi obrazdır. Ədəbi baxımdan Emmanı Ceyndən sonrakı pilləyə qoysam, özümə xəyanətim olar...
Gözəldir ki, Aqata Kristini də, Austini də Pərvanə xanım məhz mənim kimi sevir; kövrək, ağrılı, hüznlü... Hətta Pərvanə xanım Aqata Kristinin “qadın da detektiv əsər yazar, bunu edərkən kişilərdən heç də geri qalmaz” fikrindən ilhamlanaraq nə vaxtsa detektiv roman yazmaq xəyalında olduğunu deyir. Mənsə, Pərvanə xanımın bir qələmdaşı kimi, o romanın yazılacağı günü həvəslə gözlədiyimi bildirmək istəyirəm.
Özüylə söhbətində mövzusu həmişə eyni olur Pərvanə xanımın: nostalgiya... Dünyadan qaçanda zümrüd meşələrə, Şəkinin əsrarəngiz təbiətinə sığınır şair Kəlağayı. Yanında olmağını istədiyi ailə üzvləri, bir də, şeirinin lirik qəhrəmanıdır. O qəhrəman ki, dağların dəlisi, düzlərin dərvişi, güllərin bülbülü, buludların əlçimi olur.
Rənglərin insan hissləriylə həmahəngliyi var... Psixologiya elmindən, haranınsa alimlərinin araşdırmalarından danışmıram, duyğularımızın dalğalandığı zamanlarda batdığımız rənglərdən danışıram... Pərvanə xanım o əlvanlığı, o qeyri-adiliyi, yazımın əvvəlində qeyd etdiyim sirri-tarixi kəlağayıda bir ayrı cür görür. Gördüklərinin izahını verə bilmir; özünəməxsusluğu bir az da bu mübhəmlikdə gizlidir... Amma şeir... Hə, şeir...
...Gəlin, birgə oxuyaq Pərvanə Məmmədova-Kəlağayının o şeirini...
KƏLAĞAY
Sən Odlar yurdunun milli örpəyi,
Layiqdir adına tərif, kəlağay.
Füsunkar gözəllik, həya örnəyi,
Sədaqət rəmzisən, zərif kəlağay.
Örpəklər içində yoxdur sənə tay,
Duyulur mehindən həzin bir lay-lay...
Şahiddir hüsnünə qədim Xan saray,
Həm mətin, həm məğrur, lətif kəlağay.
Hər yana səs salıb “Abı”, “Heyratı”,
“Soğanı” "Ağzəmin" sevgi heyrəti.
Şəninə qoşulub şeir, bayatı,
Mənada ağırsan, xəfif kəlağay.
“İstiot”, “Albuxar” dünyanı gəzər,
“Noxudu”, “Yeləni” nağıla bənzər...
“Şah buta”, "Saya"sı gözəllər bəzər,
" Xırda buta"larla gülüb kəlağay...
Şəki ipəyinin hərarətidir,
Sənətkar qəlbinin məharətidir.
Nənələr, analar əmanətidir,
İsmətlə qollarda süzüb kəlağay...
Pəritək qızların yaraşığısan,
Gülşah xanımların zər-işığısan.
Harda gözəllik var, sən naxışısan:
Rəngləri könlünə düzüb, Kəlağay...
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)