Respublika Gənclər Kitabxanasında “Adil Cəmil - 70” adlı virtual kitab sərgisi istifadəçilərə təqdim edilib

Şair, tərcüməçi,  ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalisti Adil Cəmilin 70 yaşı tamam oldu.  Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yubilyarın həyat və yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Adil Cəmilin ədəbiyyatşünas, publisist, şair kimi özünəməxsus yaradıcılıq keyfiyyətləri təsvir edilir, müxtəlif xalqların ədəbi nümunələrini dilimizə çevirməsindən, uğurlu və təqdirəlayiq tərcüməçilik fəaliyyətindən bəhs olunur. Virtual kitab sərgisində Adil Cəmilin yaradıcılıq nümunələri ilə yanaşı, Xalq şairi Bəxtiyar Vahabzadə və Xalq yazıçısı Anarın şair haqqında söylədikləri dəyərli fikirlər, yubilyarın yer aldığı televiziya verilişlərindən fraqmentlər də təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Adil Cəmilin müəllifi olduğu “Manas”, “Anama layla”, “Qan borcu”, “Seçilmiş əsərləri” kimi kitabların qısa annotasiyası, “Alp-ərənlik tariximiz Qarabağda təkrarlandı”, “Manasdan Adil Cəmilin Manas dastan - poemasına”, “Ağa Laçınlını xatırlayarkən” kimi məqalələrin yer aldığı dövrü mətbuat nümunələri sərgilənir.

Şair Adil Cəmilin 70 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/adil-cemil-70 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.