Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Baba rəhmətə gedəndə 17 yaşım var idi. Ona necə bağlandığımı təsvir etmək çətindir. Hər keçən gün ona daha çox yaxınlaşırdım, sanki bir hissim onun gedəcəyini bilirdi. Noyabrın 28-i, o ağır gün gəldi…
Baba rəhmətə gedəndə mən heç cür ağlaya bilmədim. Ətrafımdakı hər kəs göz yaşlarımı gözləyirdi, amma mən susurdum. Daxilimdə bir dağ vardı, nə qədər əzilsəm də, sanki o dağdan bir damla belə süzülmürdü. İnsanlar mənə qəribə baxırdılar, məni qınayırdılar, amma heç kim ürəyimdəki ağırlığı hiss edə bilmirdi.
Aylar keçdi, amma o yük azalmadı. Bir gün babamgilə getdim. Həyət evində hər şey əvvəlki kimi idi. Hər addımım, hər baxışım sanki keçmişin kölgəsi idi. Evə tərəf gedirdim, səkidən üzü mətbəxə doğru. Qapını açmaq üçün bir addım atdım və birdən gözüm babamın oturduğu tanış stula sataşdı. Stulda oturan nənəmin üzərində babamın jaketi vardı, başında onun papağı. Bir anlıq dərk edə bilmədim. Zaman dayandı, beynim o sərt reallığı unutdu. "Baba!" deyə sevinc içində qışqıraraq içəri qaçdım.
Amma nənəm üzünü mənə çevirəndə həqiqət zərbə kimi vurdu. Babam həmişəlik getmişdi. Aylardır saxladığım, boğub içimdə gizlətdiyim o göz yaşları bir anda fırtına kimi qopdu. Ayaqlarım yerə bərkidilmiş kimi idi, amma ürəyim yıxılırdı. Aylardır tutub saxlamağa çalışdığım o ağrı, o həsrət məni içimdən paramparça elədi. Nəfəsim boğazımda düyünləndi, göz yaşlarım yanaqlarımdan süzüldü. Nəhayət, babanın yoxluğunu dərk edəndə, uzun müddət gizlənən o göz yaşlarına boğuldum...
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)