Elşənin kitab oxuması, əslində, hamımıza faydalıdır Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Filmlər və ədəbiyyat…

Adətən bu mövzulu yazıda öncə bu iki məfhumun ümumi və spesifik cəhətlərindən söz açmaq lazım gəlir. Amma kitab və film arasında zaman anlayışı o qədər böyük, eyni zamanda, o qədər kiçikdir ki... 

Sözsüz ki, kitab filmdən qat-qat qədimdir. Kitab kuldur, mədəniyyətin ilki, təsdiqi, sivilizasiyanın fəxridir. Kitabı olmaq dəyəri olmaq deməkdir. Film isə gənc, cazibəli bir "oğru"dur. O, kitabdan süjetləri, mövzuları, hətta oxucuları oğurlayır.  

 

Kitab, musiqi və teatr. Orta əsrin ruhi qidası bunlar idi. Romanlar oxuyur, musiqi dinləyir, teatra gedirdilər. Ötən əsrin ortalarından bədii ədəbiyyat oxuyanların çoxunu kino "oğurladı"- böyük bir qismini seriallara aludə etdi. Amma kitabın nüfuzu böyük idi, onun sayəsində minlərlə ekran əsəri yaransa da, bədii ədəbiyyatın kino həlli bir çox hallarda müəllif təxəyyülündən, oxucunun kitabda görüb təsirləndiyi dünyadan geri qalırdı. 

 

Azərbaycan filmlərində də kitab və mütaliə mövzusu müxtəlif rakurslarda əksini tapıb. Bu xüsusda iki uşaq filmini qeyd etmək istərdim. Rejissor Əlisəttar Atakişiyevin  "Bir qalanın sirri"ndə qəhrəman - Elşən kitab oxuyur. Bu vacib ştrixdir. O həm fiziki güclə, həm də kitabların köməyi ilə qəhrəman olur. Kitab tilsimləri sındırır. Film uşaqlarda kitaba sevgi, həvəs aşılayır, bu isə çox böyük işdir. Uşaqlara kitabı sevdirmək... 

Həmin rejissorun “Sehrli xalat” filmində kitabın texniki inkişafı haqqında sanki öncəgörmə kimi epizod mövcuddur. Gələcəyə düşmüş uşaqların əlində müasir elektron kitablar var. Həmin kitablar günümüzün planşetlərinə, "e-book-reader"ə çox bənzəyir. Filmlər çin çıxır.

 

Şəkildə: “Bir qalanın sirri” filmindən kadr

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.