Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Ayın 5-də növbəti Müəllimlər Günü qeyd edildi. O gün barədə yalnız bu gün bir şeylər yaza bildim…
Allah bilir ki, abituriyent vaxtı hazırlaşarkən heç vaxt müəllimlik peşəsini istəməmişəm. Həmin vaxtları xatırlayarkən özümə arada yazığım gəlir. Koronovirusun ölkəni zəbt etdiyi vaxtlar idi. Hələ imtahanı belə nə vaxt verəcəyimiz haqqında məlumatlı deyildik. Ailəmin maddi sıxıntıları, özümün depressiv vəziyyətim, ard-arda stresdən və soyuqdan baş qaldıran xəstəliyim və s. O vaxtlar deyirdim ki, mən sadəcə ödənişsiz olaraq qəbul olsam, oxuyacam. Bu düşüncənin ağırlığı isə daha pis idi. Sanki üzərimə ikiqat yük düşürdü. Gədəbəyin ucqar, çovğunu sərt kəndindən çıxıb buralara qədər gəlmək, sizə görə bilmirəm, amma mənə görə qürurverici bir haldır. Kəndimizin məktəbində bir çox fəndən müəllim əksikliyi var idi və bu əksikliyi də o məktəbdən çox, onun şagirdləri hiss edirdi. Texnologiya müəllimi fizika, riyaziyyat kimya keçəndə, rəsm dərsini Azərbaycan dili müəllimi keçəndə alma bizim başımıza düşür, suya karbon qazını qatır və dünyanın hansı formada olduğunu başa düşə bilmirdik. Mənim şəxsən fizika fənnindən qandığım qrafa yox idi və hələ də yoxdur. Bir-iki ay hazırlığa getdikdən sonra anladım ki, gecikmişəm, yəni bu fənn mənlik deyil. Amma nə təsadüfdürsə, kimyanı anladım və imtahanda da ən çox ondan yazmışdım. Koronovirus zamanı başqa rayon və şəhərlərdən gələn müəllimlər də artıq geri qayıtdılar və beləcə ingilis dili müəllimim də getdiyinə görə çarəsiz vəziyyətdə kəsiləcəyimi gözləyirdim. Mən qonşu kəndə həftədə üç dəfə kimyadan piyada hazırlığa gedirdim. O piyada getdiyim hazırlıq günlərindən mənə xatirə olaraq sonda təsirli bir soyuqlama qaldı. Nə isə, imtahanı verdikdən sonra nəticə elə də pis olmadı, amma təbii ki, mən ödənişsiz təhsil almaq istədiyim üçün sırf buna nəzərən seçim etməli idim və seçim Sumqayıt idi, SDU-nun Riyaziyyat və İnformatika müəllimliyi mənim üçün ən yaxşı seçim şansı idi. İstədiyimə də nail oldum və indi 5-ci kursu bu il bitirəcəm. Öz şagirdlərim var. Artıq bilirəm ki, yolumu informatika müəllimi, ümumiyyətlə informatika sahəsində davam etdirəcəm. Bu günə qədər çox müəllim görüb, ünsiyyətdə olmuşam. Amma çoxunun bu ada layiq olmadığının da bariz şahidi olmuşam. Bir nüansı həmişə qeyd etmişəm ki, mənim qohumlarımın yanında müəllimlərim çiçək kimi adamlar olub. Bəlkə də bu, mənim ən böyük şansımdır. Uşaqları və gəncləri sevmək lazımdır. Onlara layiq olduqları sevgini və qayğını vermək, travmalarını təkrarlatmamaq, “heç kəs olmasa da mən sənin yanındayam” demək lazımdır. Ona görə ki, hər birimiz anlayışlı ailələrin uşaqları deyilik, fəqət bu o demək deyil ki, bizlər də anlayışsız olaq. Gəlin səhrada bitən ilk qızılgül biz olaq.
Yəni sözümün canı budur ki, həyat mən istəmədən də olsa, məni doğru yola sürükləyib, çünki məndən elə müəllim olarmış.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)