Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mütaliə üçün kitab seçərkən diqqətimi çəkən şeylərdən biri də onların adları olur.
"Gün var əsrə bərabər" romanı da ilk olaraq adıyla diqqətimi çəkmişdi.
Daha sonra bu romanın həm də kitabsevərlərin ən çox bəyənmiş olduqları sırasında durduğunu öyrənəndə kitab marağımı daha çox cəlb etdi.
Və mən bir də baxıb özümü Boranlı Yedigeyin xatirələrində tapdım.
Əslində mən əsəri fərqli cür təsəvvür edirdim, əsər isə taman fərqli idi...
Romanda məni ən çox təsirləndirən məqamlardan biri Nayman Ana əfsanəsi, janjunların ağlasığmaz vəhşiliyi, Abutalıbın ailəsi və boranlılarla olan vida səhnəsi idi. Və bir də Birdamərkin kosmonavtlar haqqındakı qərarı...
Yedigeyin Çalağangözlə olan dialoqunu oxuyarkən isə hələ heç bir kitabı oxuyanda bu qədər əsəbləşdiyimi xatırlamıram.
Şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı fəsadları bu əsərdə də öz təsirini bir daha göstərmişdi.
Mənə görə əsərin qəhrəmanlarının, yəni boranlıların ən müsbəxt xüsusiyyəti onların uşaqlara verdiyi böyük dəyər, hər zaman ilk öncə uşaqların rahatlığını və rifahını düşünmələri və bir də xoşbəxt olmağı bacarmaqları idi. Bəli düz eşitdiz məhz xoşbəxt olmağı bacarmaları.
Onlar hər şeyə rəğmən xoşbəxt olub sevinməyi bacarırdılar.
Boranlılar günümüz cəmiyyətində olduğu kimi sadəcə uşaqların maddi rahatlıq və rifahını deyil, onların mənəvi rahatlığını düşünür, hər zaman uşaqların günlərinin xoş keçməsinə çalışırdılar.
Və ucsuz bucaqsız Sarı-Özək çöllərinin ağır şəraitində susuz, yaşıllıqsız yaşayıb, zəhnətə qatlaşmaqla ömür-gün sürən bu insanlar bütün bu məhrumiyyətlərə rəğmən əsrə bərabər xoşbəxt günlər yaşamağı bacarırdılar. Onlar əllərimə düşən ən kiçik xoşbəxtlik fürsətinin belə haqqını çox gözəl verirdilər.
Əsərin davamında isə məncə Qaranəri qınayıb, onu vəhşi kimi döyərək öz hisrini də ondan çıxan Yedigey sanki elə özü də bir az Qaranərə bənzədiyinin fərqinə varmırdı. Çünki bu məqamda Yedigey özü də sadəcə özünü, öz qəlbinin istəklərini düşünürdü. Hissləri onun gözlərini elə tutmuşdu ki, vaxtilə onun ən çətin günlərində əlindən tutmuş Qazanqapa və ona vəfa göstərib Yedigeyin yükünü də çiyinləyən, bir zamanlar böyük məhəbbətlə sevdiyi Ukubalaya haqsızlıq etdiyini görmürdü. Hətta bu azmış kimi hələ onlara qarşı bilənirdi də.
Yedigey həmişəki kimi öz fikri-xəyalında olsun gəlin mən sizə biz az da kosmonavtlardan danışım. Allah bəzən insana həyata elə bir baxış bucağından, elə bir pəncərədən baxmağı nəsib edir ki, bir çox şey ordan insanın gözünə çox mənasız, çox cılız görünür.
İnsan elə bir stuasiyaya düşə bilir ki, bir anın içində əvvəllər önəmli saydığı bir çox şey onun gözündə dönüb heç olur.
Məsələn nəfsi istəklər, şan, şöhrət, qəzəb, kin, nifrət, intiqam, müharibə qələbə və daha nələr-nələr.
Əsərimizin qəhrəmanlarından olan kosmonavtlar da məhz belə bir stuasiya ilə qarşı-qarşıya gəlmiş və həyatdakı ən ali, ən ülvi dəyərlərdən, mətləblərdən hali olmuşdular.
Birdamərkin verdiyi qərar isə bir anlıq məndə bəşəriyyətə qarşı nifrət hissi yaratdı. Çünki mənə elə gəlir bu qərar bütün bəşəriyyət naminə başlarına nələr gələ biləcəyini düşünmədən sonu bilinməyən bu yola çıxmış fədakar kosmonatvlar göz önündə tutulduqda çox, amma çox qəddar, yerdənkənar sivilizasiya göz önündə tutulduqda isə çox yersiz və hətta deyərdim qıcıqlandırıcı, təhlükəli bir qərar idi.
İnsanlıq olaraq bəlkə sadəcə hələ bu cür kosmik sivilizasiyalar arası münasibətə hazır olmdığlarını da bildirə bilərdilər.
Axı o kosmonavtları sonsoz, havasız kosmosda tanımadıqları bir sivilizasiyanın fərdlərinə tərk etmək qəddarca deyildimi?! Bilmirəm...
Və beləliklə ürək ağrısı ilə oxuduğum, hafizəmdə silinməz təəssürratlar buraxıb, beynimdəki cavabsız sual qalağının üstünə bir neçə cavabsız sual da əlavə edən bir əsər daha bitdi...
"İndi o qarlar əriyib, o qatarlar keçib, o illər də ötüb. Belə günlər olubmu, olmayıbmı, indi bu heç kimi maraqlandırmır."
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)