Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
2020-ci ilin yayı idi. Həm mənim üçün, həm də cəmiyyət üçün çox ağır bir dövr idi. Hər kəs sanki dərin hüzn içində idi. Karantin, Qarabağ münaqişəsinin gərginliyi – hər şey bir-birinə qarışmışdı. O vaxt hələ universitetə hazırlaşırdım, amma düşüncələrim dağılıb gedirdi.
Həmin ərəfələr babamgilə köçmüşdüm və babamın vəziyyəti getdikcə pisləşirdi. Biz artıq ölümün yaxın olduğunu hiss edirdik. Babam həmişə çox kövrək bir insan idi, buna görə nənəm televizorda müharibə ilə bağlı nə görsə kanalı dəyişərdi. Babamın buna dözə bilməyəcəyini bilirdi. Amma babam onsuz da hər şeyi hiss edirdi. Sanki dünyanın ağırlığı onun çiyinlərinə düşmüşdü.
Bir gün məni yanına çağırdı. Gözlərində bir kədər vardı, sözlərində isə dərin bir istək. “Telefondan mənə mərsiyyə qoşa bilərsən?” – dedi. Sözsüz ki, qəbul etdim. Hüseyn şəhidlərinə mərsiyyə qoşdum və... o an... sanki zaman dayandı. Babam dizlərinə vuraraq, göz yaşları içində dedi: “Ay Allah, mən sağam, onlar şəhid olur. Ürəyim dözmür.”
O an göz yaşlarımı saxlaya bilmədim, bir yanda babam, bir yanda o ağrılı hisslər. Babam ağlayırdı, mən ağlayırdım. Onun ağrısını duymaq, onu belə görmək ürəyimi yandırırdı. Bu sözlər beynimdə sanki əbədi olaraq həkk olundu.
Müharibə bitdi. Biz torpaqlarımızı geri aldıq, amma babam da bu dünyanı tərk etdi. Hər dəfə darıxanda, həmin mərsiyyəyə qulaq asıram. Sanki o anlara qayıdıram, babamın dizlərinə vuraraq dediyi sözləri eşidirəm. Onun yoxluğunu daha da dərindən hiss edirəm, amma eyni zamanda, mən o mərsiyyəni hər dinləyəndə babamı yanımda hiss edirəm.
Aradan uzun illər keçsə belə babamın xatirəsi qəlbimdə hər zaman yaşayacaq...
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)