Əsl xoşbəxtlik nədir? Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Sözün həqiqi mənasında xoşbəxt o kəs olur ki, onun qarşıda böyük məqsədi, hədəfi olur. O qədər böyük ki, bütün həyatına kifayət eləsin. Bu halda sən həmin hədəfin uğrunda mübarizə aparır, çətinlikləri dəf edir və görürsən ki, o, yaxınlaşdıqca yaxınlaşır. Bax xoşbəxtlik məhz budur.

Əgər hədəf kiçikdirsə, tez qət ediləndirsə, demək, xoşbəxtlik də kiçikdir, qısadır.

Bax, bu qarlı-şaxtalı fevral günündə cibimizdən əlimizi çıxardıq, ovcumuzu göyə açdıq. Ovcumuza qar dənəcikləri tökülməyə başlayacaq. Və düşən kimi də əriyəcəklər, yox olacaqlar.

-Necə, sən demək istəyirsən ki, sevgi kiçik məqsəddir?

-Baxır haçan və necə. Hətta sevgi böyük və gözəl olsa belə iki şəxs tək bir səbəbdən ki, bütün ömür boyu bir yerdədirlər, xoşbəxt ola bilməzlər. Sevginin önündə mütləq daha böyük hədəf, səni lokomotiv kimi ardınca çəkə biləcək bir hədəf qoyulmalıdır. Onda xoşbəxtliyə doğru məsafə qəteləmə işini ehtiyatla və sığortalı tutmuş olacaqsan.

-Məncə, sənin təlimin qədərindən çox ağıllı təlimdir. Sən kalliqrafik düşünür, müxtəlif iti bucaqlar altında dönüşlər edirsən. Amma bir şeyi unudursan, bəzən insanı böyük hədəflər, ali məqsədlər deyil, adi bir şeylər də xoşbəxt edə bilir. Məsələn, günəşli səma, ətirli çiçək, valehedici bir təbiət lövhəsi.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.