Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ədəbi mühitdə adətən oktyabr ayına Cavidlər ayı deyirlər.
Çünki dahi Hüseyn Cavid ailəsinin üç üzvü - Hüseyn Cavid, Ərtoğrul Cavid və Turan Cavid məhz oktyabr ayında dünyaya gəlib.
Bu gûn onlardan birinin - Cavid ailəsinin 2000-ci illərə qədər yaşayıb fəaliyyət göstərmiş yeganə üzvü, ömrünü Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin toplanıb tərtib və təbliğ olunmasına və Cavidlər ailəsinin xatirəsini yaşadacaq ev muzeyinin yaradılmasına həsr edən, "fədakarlıq və mətanət mücəssəməsi", "Cavid xəzinəsinin qoruyucu mələyi" adlandırılan muzeyşünas, teatrşünas, mətnşünas Turan xanım Cavidin doğum günüdür.
Turan Rasizadə 1923-cü ildə oktyabr ayının 2-də Bakıda dünyaya gəlmişdir.
1937-ci ildə atası Hüseyn Cavid vətən xaini damğası ilə həbs olunmuş, 1939-cu ildə Sibirə - Maqadana sürgün olunmuşdur. Qardaşı Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq ordu sıralarına çağırılmış, lakin xalq düşməninin oğlu olduğu üçün cəbhəyə deyil Gürcüstana cərimə batalyonun işləməyə göndərilmişdir.
Orada ağır işlərdə çalışdığına görə ağciyər xəstəliyinə-vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət hospitalda müalicə olunmuş, həmçinin bu müddət ərzində müəyyən bəhanələrlə onun təxris olunması yubadılmışdır.
1943-cü ilin sentyabr ayında nəhayət ordudan tərxis olunan gənc dahi Əziz Şərifin vasitəsi ilə Naxçıvana gətirilmiş, noyabr ayında vəfat etmişdir.
Ərtoğrulun vəfatından sonra Turan xanım anası Mişkinaz xanımla birlikdə tək qalmışdır.
Mişkinaz Cavid bir çox "vətən xaininin" həyat yoldaşı kimi Akmola göndərilməsə də onlar yaşadıqları evdən çıxarılmışdılar.
Hələ yeniyetməlik çağlarından vətən xaininin qızı damğasına məruz qalmış, maddi və mənəvi, olduqca çətin bir həyat yaşamış Turan xanım 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil almış və 1950-1983-cü illərdə həmin institutda müəllim kimi fəaliyyət göstərmişdir.
O, Azərbaycanın ilk qadın teatrşünaslarından biri olmuşdur.
1968-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışmışdı. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləmişdi. Hüseyn Cavidin 1958-2004-cü illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisi Turan xanım olmuşdur.
O, heç vaxt ailə həyatı qurmamış bütün ömrünü Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin toplanıb tərtib və təbliğ olunmasına və Cavidlər ailəsinin xatirəsini yaşadacaq ev muzeyinin yaradılmasına həsr etmişdir.
Hüseyn Cavidin bütün əsərlərini toplamış, məhv edilən əsərlərinin bir qismini rejimdən gizlədilərək qorunub saxlanılan əlyazmaları sayəsində, bir qismini də əzbər bildiyi və yaddaşında qoruyub saxlaması sayəsində bərpa edərək latın əlifbası ilə nəşrini həyata keçirmişdir.
Turan xanıma çətin zamanlarında Üzeyir Hacıbəyovun, Əziz Əliyevin və Heydər Əliyevin böyük qayğısı olmuşdur.
O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 1997-ci ildə Hüseyn Cavid mükafatı laureatı, 2002-ci ildə Prezident təqaüdçüsü, 2000-2004-cü illərdə Dövlət Əfv Komissiyasının üzvü olmuşdu.
O, 2004-cü il sentyabrın 12-də 81 yaşında vəfat etmiş və Naxçıvanda Hüseyn Cavidin ailə məqbərəsində ailə üzvlərinin yanında dəfn olunmuşdur. Dahi Cavidin bir zamanlar dediyi kimi ölüm kimilərini ayrısa da kimilərini də birləşdirir. Eyni ilə Turan xanımı Cavid ailəsinin digər üzvlərinə qovuşdurduğu kimi.
Ruhları şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)