“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Həmidağa Hüseynzadə
Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 2008-2012- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Ailəli idi. Bir qız övladı yadigar qaldı.
Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məni qarşıla, qızım.
Şəhid olub gəlirəm.
Tabutum yol üstədir,
Lap az qalıb, gəlirəm.
Gəlirəm, gözüm nuru,
Qələbə, zəfər ilə.
De ki, atamdır gələn,
Anana xəbər elə.
Xəbər elə gəlirəm,
Bütün vətən boyunca.
Heyif ki, tabutumun,
Qolları yoxdur, qızım,
Yoxsa sənə son dəfə,
Sarılardım doyunca.
Doyunca saçlarını,
Əllərini öpərdim,
İki damla yaş kimi,
Yanağına bitərdim.
Yox, ağlama, ağlama.
Ölməmişəm mən, qızım.
Sevin zəfər gününə,
Alındı vətən, qızım.
Bir insan ömrü nədir?
Min illərin yanında.
Vətən mənim canımda,
Mən vətənin canında.
Bilirəm, yaşayacam,
Xatırla sən də məni.
Yəqin, heç kəs unutmaz,
Bütün vətəndə məni.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)